Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı keçiriləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, konfransda Məhkəmə-Hüquq Şurasına hüquq ictimaiyyətinin nümayəndəsi qismində yeni üzv seçiləcək.
Xatırladaq ki, bundan əvvəl Məhkəmə-Hüquq Şurasının hüquq ictimaiyyətinin nümayəndəsi qismində üzvü Səfa Mirzəyev olub. O, iyulun 22-də vəfat edib.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının tərkibi 15 nəfərdən ibarətdir. Onlardan doqquz hakim (hər məhkəmə instansiyasından üç hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində bir üzvü Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir.
Şuranın tərkibində digərlərini isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, Milli Məclisi tərəfindən təyin edilən şəxs, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs, Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim təşkil edir. Məhkəmə-Hüquq Şurasının üzvlərinin səlahiyyət müddəti beş ildir.