Biz dövlətimizi necə qurmalıyıq!?
![](https://lim10.az/images/article/big/1669616722_366.jpg)
Ərəstun Oruclu
(1-ci yazı)
Dünənki yazımda (Biz dövlətimizi niyə qura bilmirik? (5-ci yazı, 2-ci hissə) sonda belə bir hissə vardı: "Bizi qorumalı olduğu halda bizə qarşı cinayət aləti kimi istifadə olunan mexanizmləri (qanun, məhkəmə, istintaq və s) necə sındırmalıyıq?
Burda da iki yanaşma var: 1. adekvat yollarla onları dağıtmalıyıq, amma bu, həm səmərəsiz, həm də qısa vədəli yoldur və nəticədə bir zorakılıq maşını digərini əvəzləyir; 2. qanunlara söykənən effektiv sistemi və onun mexanizmlərini qurmalıyıq. Bu da elə dövlət qurmaqdır.
Nəhayət, gəldik elə həmin suala, çünki əsas məsələ elə həmin dövləti necə qurmaqdır."
Əslində bu hissə "Biz dövlətimizi niyə qura bilmirik?" silsilə yazıların sona çatdığına işarə və dövlətimizi necə qurmalı olduğumuz haqda mülahizələrin və ən əsası da bu mövzuda müzakirələrin başlanmasının anonsu idi.
Tez-tez tənqidin çox olması (və bunların hər kəsin bilməsi), amma vəziyyətdən çıxış yolunun göstərilməməsi ilə bağlı çox haqlı iradlarla üzləşirik. Odur ki, bu yazıya da yalnız müəllifin problemin həllinə şəxsi yanaşması və subyektiv mövqeyi kimi baxmağınızı xahiş edərdim. Amma fikirləriniz daha önəmlidir.
Beləliklə, məsələnin həllinin dünənki yazımda qeyd etdiyim kimi iki yolu var:
1. adekvat yollarla mövcud sistemi dağıtmaq və
2. qanunlara söykənən effektiv sistemi və onun mexanizmlərini qurmaq.
Əslində mənim baxışımda bunlar bir-biri ilə təzad təşkil edən yanaşmalar deyil, əksinə, biri digərinin davamı olmalıdır. Həyatın dialektikasının əsasında fiziki amillər (ətraf mühitin elementləri) və onları reallaşdıran biosoial varlıqlar - insanlar dayanır.
Sadə bir misaldan başlayaq. Əgər biz aldığımız həyətdə yeni ev tikmək istəyiriksə onun olacağı yerdə tikilmiş və bizi qane etməyən daxmanı dağıtmalıyıq.
Ona görə ki, yeni evi tikmək üçün başqa yerimiz yoxdur, daxma isə yaşayış üçün təhlükəlidir, çünki onun təməli, divarları, tavanı, ümumiyyətlə bütün hissələri çürüyüb. Belə daxma istənilən anda uçub bizi və ailəmizi məhv edə bilər.
Amma eyni zamanda daxmanı uçuranda da azı iki məqamı nəzərə almalıyıq: 1. onu ehtiyatla uçurmalıyıq ki, daşı-divarı üstümüzə gəlib zərər verməsin və 2. yerində yeni evi tikməyə hazır olmalıyıq ki, uzun müddət evsiz qalmayaq.
Qurmaq isə dağıtmaq deyil, o, daha çox zaman, enerji və resurslar tələb edir. Amma ən önəmlisi yeni evin layihəsinin olmasıdır, çünki layihə olmazsa və kortəbii tikinti aparılarsa köhnə daxmadan daha təhlükəlisini qurub özümüzü və ailəmizi daha böyük riskə atmış olarıq.
Siyasətdə də belədir. Azərbaycandakı idarəetmə modeli istər siyasi, istər hüquqi, istərsə də hüuquqi baxımdan təkcə yararsız deyil, həm də təhlükəlidir. Elə mənəvi baxımdan da. Deməli, onun demontaj olunması zərurətini anlamaq və anlatmaq birinci vəzifəmizdir.
Burada anlatmaq daha vacibdir, çünki bir çox hallarda xeyli insan yaxınlaşmaqda olan qasırğanı həqiqətən görə bilmir və bunu insanların qüsuru, çatışmazlığı kimi yox, sadəcə fakt kimi qəbul etməliyik.
Çünki əks halda quruculuq üçün zəruri olan bütün enerjimiz mənasız mübahisələrə və qarşılıqlı ittihamlara sərf olunacaq.
Qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq iki yeni paradiqma seçməliyik: necə demontaj etməli və necə qurmalı. Onların hər biri uğurlu seçim olmalıdır, əks halda kommunistlərin SSRİ-nin "yenidənqurmasından" fərqli nəticə alınmayacaq.
Həmin nəticə isə gözümüzün önündədir. Daha doğrusu, həyatımızı məhv etməkdədir. Yəqin indi razılaşarıq ki, qarşıda duran vəzifələr heç də ən asanlarından deyil. Amma heç nəyə baxmayaraq bunları həyata keçirməliyik. Başqa seçimimiz yoxdur.
Deməli, ilk addım mövcud sistemin demontaj olunmasıdır. Həmin mərhələ də maksimal dərəcədə planlı, ardıcıl və metodik həyata keçirilməlidir ki, mümkün dərəcədə az ağrılı olsun. Amma bunun üçün hər şeydən əvvəl inam, özqüvən, iradə və güc olmalıdır.
Əlimizdə olan resurs isə hələlik yalnız sonuncudur, amma ilk 3 amilin olmaması və ya yetərincə olmaması da sonuncunun səmərəliliyini azaldır. Yəni, mən hansısa bir daşı qaldıra biləcəyimə əmin olmasam buna nəinki cəhd etməyəcəyəm, heç o haqda düşünməyəcəyəm də. Deməli, o daşı heç zaman qaldırmayacağam.
Sistem də bunu yaxşı bildiyindən məhz həmin 3 amili bizim əlimizdən alır, onları durmadan dağıdır, elə bir vəziyyət yaradır ki, inam, özgüvən və iradə nəinki yaranmasın, hətta anlayış olaraq unudulsun. Çünki...
Çünki qul edilmiş və qandalda saxlanılan əsirdən törəmiş nəslin nümayəndəsini qandallamağa artıq ehtiyac olmur, çünki o, azadlığın necə olduğunu, azad ola bilmək üçün nə etməyin lazım olduğunu yerli-dibli bilmir. Bəlkə də ağır müqayisə oldu, amma hər halda təkcə ritorik məsələ deyil.
Ona görə ritorik məsələ deyil ki, bizə qarşı məhz həmin metodologiyadan istifadə olunur. Uğursuz, məğlub və heç bir perspektivi olmayan insan modeli yaratmaq. Bu məqsədlə də həmin insana qarşı törədilən haqsızlıqlara, qanunsuzluqlara, cinayətlərə görə sistemin təmsilçilərini heç bir halda cəzalandırmamaq.
İstənilən kiçik mübarizədən belə qalib çıxan insan sistem üçün təhlükə mənbəyidir, çünki o, başqaları üçün nümunə ola bilər. Ona görə də prosesin əsas iştirakçısı olan amil - yuxarıda qeyd etdiyim biososial varlıq - insan sıradan çıxarılır. Bu isə fundamental məsələdir.
Deməli, ilkin vəzifə də elə həmin prosesin əsas iştirakçısı və onun nəticələrindən bəhrələnməli olan həlledici amili - insanı sıraya qaytarmaqdır.
Bəs bunun üçün nə etmək, necə etmək və nədən başlamaq lazımdır?
(davamı olacaq)