Səhiyyə Nazirliyi, TƏBİB, dərman mafiyası və gizli oyunlar...
E-Resept sistemi niyə işləmir?
Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması tədbirləri çərçivəsində nəzərdə tutulan Elektron Resept sistemi hələ də aktivləşdirilməyib. Bu il mayın 1-dən tətbiq ediləcəyi vəd olunan, yüz min manatlarla dəyəri olan layihənin adı olsa da, özündən xəbər yoxdur.
Qeyd edək ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını və bir mərkəzdən idarəsini nəzərdə tutur.
Elektron resept sistemi Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində başlanılmalıydı.
Lakin nə poliklinikalar, nə dövlət və özəl xəstəxanalar, nə həkimlər, nə də apteklər bu sistemin necə işlədiyini bilmirlər. Xəstəxanalarda hələ də köhnə qaydada kağız reseptlər yazılır.
Bakupost.az-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bir çox xəstəxanaların ümumiyyətlə, E-Resept sistemindən, onun necə işlədiyindən xəbərsiz olduğu ortaya çıxıb.
Əməkdaşımızın əlaqə saxladığı əksər apteklərdən hələ ki, elektron resept görmədiklərini, o reseptə harda və necə baxıb dərman satacaqlarını bilmirlər.
TƏBİB-in tərkibində olan və İcbari Tibbi Sığorta sistemi ilə hər gün yüzlərlə xəstə qəbul edən əsas xəstəxanalardan aldığımız cavablar da elektron reseptdən səs-səmir olmadığını göstərir.
Klinik Tibb Mərkəzdən bildirdilər ki, hələ Elektron Resept sisteminə keçməyiblər. Bu mərkəzin həkimləri qəbullarında olanlara kağız resept təqdim edirlər.
19 saylı poliklinikadan da köhnə qaydada resept yazdıqlarını və yaxın aylarda dəyişiklik gözlənmədiyini bildirdilər.
Özəl klinikalar arasında da sorğu keçirdik.
"Baku Medikal Plaza"da ümumiyyətlə, Elektron Respet sistemindən xəbərsiz olduqlarını dedilər.
"MedEra" klinikasında da elektron resept sistemindən istifadə olunmur.
"İstanbul NS" klinikasından da təəssüf ki, hələ də köhnə qayda ilə işlədiklərini dedilər.
"Yeni Klinika"dan da eyni cavabı aldıq. Xəstələrə elektron resept təyin olunmadığını vurğuladılar və bununla bağlı TƏBİB-ə müraciət etməyimizi məsləhət gördülər..
Məsələ ilə bağlı TƏBİB-in sorğumuza cavabı da qısa oldu: "Elektron Resept sistemi TƏBİB-ə adi deyil. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur".
Səhiyyə Nazirliyindən aldğımız cavabdan isə Elektron Resept sisteminin niyə işləmədiyinin pərdəarxası məqamları üzə çıxdı:
“Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli 318 saylı Sərəncamına əsasən, cari ilin yanvar ayından etibarən ölkə üzrə dövlət və özəl tibb müəssisələrində Elektron Resept Sisteminin tətbiqinə başlanılıb. Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron formada təqdim edilir. Digər səhiyyə qurumları və tibb müəssisələrinə isə Elektron Resept sistemindən istifadənin vacibliyi və Elektron Resept sisteminə keçidin təmin edilməsi ilə bağlı sirkulyar məktublar göndərilib. Azərbaycan hökumətinin prioritet hesab etdiyi ölkənin sosial-iqtisadi sferasının rəqəmsallaşdırılmasının bir istiqaməti olan Elektron Resept sisteminə tam keçidin reallaşdırılmasına tibb müəssisələrinin rəhbərliyi təşəbbüs göstərməlidir.
Hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə Elektron Resept sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron qaydada təqdim etməlidir. Həkimlər Elektron Resept yazmaqdan, apteklər isə dərman vasitələrini Elektron Resept əsasında buraxmaqdan imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”) əlaqə saxlaya bilərlər.
Elektron Resept sistemindən istifadəni asanlaşdırmaq məqsədilə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tibb işçiləri üçün təlim və vebinarlar təşkil edilir. Eyni zamanda Elektron Reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Bundan başqa, Elektron Resept sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün Səhiyyə Nazirliyinin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün Elektron Resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə Elektron Reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər. Həmçinin, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək Elektron Resept sisteminə daxil olmaq mümkündür (reseptim.az)”.
Göründüyü kimi, nazirliyin nəzdində olan bir neçə tibb müəssisəsində, - onların sayı çox azdır, – elektron resept yazılır. Amma apteklər Elektron Reseptin necə işlədiyini bilmirsə, bəs bu reseptlə xəstələr hansı aptekdən dərman alır?
Ölkənin tibb müəssisələrinin 90 faizi TƏBİB-in tabeliyində olduğu üçün görünür, bu xəstəxanalar və onların rəhbərləri Səhiyyə Nazirliyinin məktublarını ya oxumur, da Elektron Reseptə keçməkdə hansısa maneələr var.
Hökumətin yüz min manatlarla vəsaitlər xərclədiyi Elektron Resept layihəsinə keçidə tibbi qurumlar və aiddiyatlı şəxslər niyə təşəbbüs göstərmir?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən alqoloq Zülfüqar Yusifov Elektron Resept sisteminə keçidin müsbət hadisə olduğunu bildirdi:
"Bu sistemin tətbiqi ilə ölkədə vətəndaşlara yazılan bütün reseptlər mərkəzləşmiş qaydada bir yerə toplanır. Digər tərəfdən, müxtəlif ixtisaslı həkimlərin öz ixtisaslarına, sahələrinə uyğun, öz profilində xəstələrə resept yazıb-yazmadığına nəzarət etmək mümkün olacaq. Bu da həkim-firma münasibətlərinə nəzarət etməyə imkan verəcək".
Z.Yusifov deyir ki, İcbari Tibbi Sığorta getdikcə dərman ödəmələrini də təmin etməyə başlayacaq, bu da reseptə ciddi nəzarətin olmasını tələb edir:
"Bu, sadə məsələ deyil. Bütün həkim cameəsinin bu sistemi öyrənməsi lazımdır. Bununla bağlı nazirlik tərəfindən onlayn maarifləndirici tədbirlər davamlı aparılır. Amma bu ləngiməyə səbəb böyük həkim ordusunun prosesə qoşula bilməməsidir. Getdikcə bütövlükdə səhiyyənin elektron səhiyyə formasına keçidi nəzərdə tutulduğundan resept də bu işin parçasıdır və proses qaçılmazdır.
Yaxın aylarda bu proses sürətlənəcək. Xəstələr yaşı və sosial durumundan asılı olaraq, apteklərdə müəyyən çətinliklərlə üzləşə bilərlər. Bu barədə maarifləndirici təlimatlar olmalıdır”.
Beləliklə, araşdırma zamanı məlum olur ki, Elektron Resept sistemi qarşısında əsas maneə həkimlər və dərman monopoliyasıdır. Yəni nə həkimlər, nə də dərman bazarında hegemonluq edən şirkətlər bu sistemin tətbiqində maraqlı deyillər. Çünki hələ ilin əvvəlində Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov Elektron Reseptlə dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınmasının mümkün olacağını demişdi:
"Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq".
Deməli, bu sistemə keçdikdə həkimlər ona aid olmayan xəstəyə firma dərmanları, qida əlavələri və ya çox sayda yanaşı dərman yaza bilməyəcək. Həkimlərin yazdıqları reseptlərə sistemdə göz gəzdirmək kifayət edəcək ki, onun hansı şirkət, firma ilə əməkdaşlıq etdiyi görünsün. Üstəlik xəstənin diaqnozuna uyğun olmayan dərmanların yazılması da çətinləşəcək.
Amma görünür, bu sistem Azərbaycan səhiyyə reallıqları ilə hələ ki, üst-üstə düşmür.
Sadəcə, Nazirlər Kabinetinin qərarı havada qalmasın və dövlət başçısına Azərbaycan səhiyyəsi rəqəmsallaşdığı barədə məruzə olunsun deyə layihələrə vəsaitlər xərclənir, təqdimatlar həyata keçirilir...