Biz dövlətimizi necə qurmalıyıq!? (2-ci yazı)
Ərəstun Oruclu
Əvvəlki yazıda qeyd olunduğu kimi insan amilinin (vətəndaşın) ölkədəki dəyişikliklər prosesində yeri öndə, rolu isə aparıcı olmalıdır. Buna nail olmaq üçün isə prosesin hər iki mərhələsində (demontaj və quruculuq) insanın potensialının aktivləşdirilməsi və ondan səmərəli istifadə olunması zərurəti meydana çıxır.
Öncə potensialın aktivləşdirilməsi mərhələsini nəzərdən keçirək. Burada bir şeyi mütləq qeyd etməliyik ki, həmin potensial cəmiyyətin istisnasız olaraq hər bir üzvündə var. Qalır onu hərəkətə gətirmək ki, bunun üçün də xalqın mümkün qədər böyük hissəsini narahat edən məsələlər stimul rolunu oynamalıdır.
Söhbət birləşdirici platformanın təqdim edilməsindən gedir. Məsələn, ölkədəki tüğyan edən korrupsiya, dövlət və hakimiyyət orqanlarının zorakılığı, qanunların işləməməsi və hətta hərbçilərə qarşı törədilmiş vəhşiliklər bu mənada birləşdirici platforma rolunu oynamır və oynaya da bilməz.
Ona görə ki, sadalanan cinayətlər hər kəsin maraqlarına birbaşa təsir etmir və məhdud dairəni əhatə edir. Başqa sözlə, insanlar onları yaşadıqları ağır həyat şəraitinin birbaşa səbəbi kimi görmürlər və ya görə bilmirlər. Burada izahat üçün məcburuq yenə də təbiət qanunlarına müraciət edək.
Məsələn, neft və ya qaz gəlirləri mənimsənilməzdən əvvəl vətəndaşların cibindən və ya əlindən keçmədiyindən onlar həmin sərvətlərin qanuni sahibi olduqlarını və ağır həyat şəraitinn səbəblərinin məhz ölkənin sərvətlərinin kiçik bir qrup tərəfindən talanmasının olduğunu hiss etmirlər.
Halbuki ölkənin də, onun istisnasız olaraq bütün sərvətlərinin də qanuni sahibi həmin ölkənin vətəndaşlarıdır. Sərvətlərin ədalətli bölüşdürülməsini isə yalnız həmin vətəndaşların seçki yolu ilə səlahiyyət verdiyi hakimiyyət orqanları həyata keçirə bilər. Seçilmiş hakimiyyət orqanları, hakimiyyəti qanunsuz yolla zəbt etmiş bir qrup yox.
Başqa bir misal: ölkə vətəndaşlarının bir hissəsinə qarşı cinayətlər, vəhşiliklər törədilməsinin doğurduğu təhlükəni həmin əməllərə məruz qalmayanlar tam şəkildə görə bilməz. Qanunsuzluğun doğurduğu ağır fəsadları vətəndaş yalnız bu, onun özünə, ailəsinə, əmlakına toxunduqda daha yaxşı dərk edə bilir.
Halbuki, insanların ağır həyat şəraitində yaşamasında sadalanan amillərin hər biri ayrı-ayrılıqda və hamısının birlikdə müstəsna rolu oynayır. Deməli, ilkin vəzifə milliyyətindən, inancından, siyasi baxışlarından, cinsindən və yaşından asılı olmayaraq hər bir şəxsə ölkənin və onun bütün sərvətlərinin sahibi olmasını çatdırmaqdır.
İnsana izah edilməlidir ki, onun ağır həyat şəraitinin səbəbkarı korrupsiya, zorakılıq, talançılıq yolunu seçmiş qeyri-legitim sistemdir və o, (sistem) mütləq demontaj olunmalıdır. Tarixi təcrübə göstərir ki, cəmiyyətdən yetərli təpki olmayınca belə sistemlər heç zaman nə islah, nə də demontaj olunmur.
Amma fərdlərdən mütəşəkkil topluma çevrilmək üçün insanlar təşkilatlanmalıdır. Burada da ən uğurlu model ümummilli hərəkat ola bilər. Elə bir hərəkat ki, onun işində iştirak etmək toplumun hər bir üzvü üçün təkcə mübarizə aparmaq deyil, həm də prosesdə öz iştirakından məmnunluq hissi yaratsın. Yəni, özgüvən.
Sistem də məhz bunu bildiyindən mütəmadi olaraq ortaya abstrakt ideyalar ataraq insanlarda özgüvənin ilğım effektini yaradır. Son dövrlər ortaya atılan Zəngəzur dəhlizindən tutmuş Böyük Turan "quruculuğuna" qədər bütün abstrakt mövzular məhz həmin effektin yaradılmasına hesablanıb və xidmət edir.
Belə müzakirələrin nəticəsində insanlar real həyatda real özgüvən hissi əldə etmək üçün zəruri olan enerjilərini abstrakt (paralel) reallıqda elə abstrakt məsələlərin "həllinə" xərcləmiş olurlar. Bunun daha bir neqativ effekti insanlarda yalançı uğur hissinin yaradılmasıdır. Nəticədə isə təxminən aşağıdakı mənzərə alınır:
Biz içərisində oturduğumuz arabanın sınmış təkərini təmir edib yola davam etmək əvəzinə özümüzü həmin arabanın uçacağına inandırmış oluruq. Araba isə heç zaman uçmayacaq, çünki onun təyinatı bu, deyil. Bunu anlayanda isə artıq gec olur və onda da arabanın okeanı üzüb keçəcəyi haqda növbəti nağıllar gəlir.
Odur ki, əsas vəzifələrdən biri, daha doğrusu birincisi fərdləri və toplumu (heç olmazsa onun bir hissəsini) reallığa qaytarmaq olmalıdır. Reallıq isə hər kəsin gözü önündə, evində, ailəsində, həyatındadır və o, (reallıq) yoxsulluqdan, talançılıqdan, haqsızlıqdan, özbaşınalıqdan, total zorakılıqdan ibarətdir.
Bəs bunu necə etmək olar? Mövcud şəraitdə ilkin təşkilatlanmanın ən münasib məkanı sosial mediadır. Bir çoxları buna skeptik yanaşa bilərlər, amma bir fakt göz qarşısındadır: Tərtər qətliamı ilə bağlı atmağa məcbur olduqları (az da olsa) addımların əsas səbəbi sosial media üzərindən gələn təpkilər oldu.
Bəli, hakimiyyət orqanları özlərinin təyin etdikləri istintaqı hər cür sabotaj etməyə çalışırlar, amma artıq inkar da edə bilmirlər. Həm də ona görə ki, təzyiqlər və təpkilər davam etməkdədir.
Deməli, sosial media üzərindən təpkilər mümkündür, bir şərtlə ki, həmin prosesdə toplumun əhəmiyyətli bir hissəsi iştirak etsin.
Bunun üçün də öz növbəsində həmin insanları birləşdirən hədəflər müəyyən olunmalıdır. Azərbaycanda son illərdə baş tutan etirazlar (Qubada və İsmayıllıda) əsasən insanların qürurunun alçaldılması və ləyaqətinin təhqir olunması səbəbindən baş verib. Şübhəsiz ki, burda sosial komponent də var. Yəni, ehtiyac və yoxsulluq.
Bu da təbiidir, çünki hüquqları, əmlakı, azadlığı, bir tikə çörəyi əlindən alınmış insanın itirəcəyi yeganə dəyəri onların qüruru və ləyaqətidir. Belə insanlara "sən yaxşı yaşayırsan" və ya "neft gəlirləri ədalətli bölünüb" demək isə onları təhqir etməkdir, onların qürurunu alçaltmaqdır və bunlara etiraz edilməlidir.
Etirazlar həm də kimliyindən asılı olmayaraq istənilən ölkə vətəndaşına qarşı törədilən haqsızlığa, şərə, böhtana və zorakılığa qarşı edilməlidir. Çünki onun bugünkü vəziyyətində sabah hər birimiz ola bilərik. Etirazlar həm də ölkədəki acınacaqlı yoxsulluğu əks etdirən məlumatların və fotoların paylaşılması şəklində olmalıdır.
Etirazlar zamanı heç bir halda təhqirə və böhtana yol verilməməlidir, çünki onlar yeni şərləmələrə, həbslərə və son nəticədə də insanların mübarizədən çəkinməsinə gətirib çıxarır. Yoxsulluq hal-hazırda ölkədə ən böyük kəsimi əhatə edən acı reallıqdır. Biz dayanmadan onun səbəblərini izah etməliyik.
İlkin mərhələdə qabardılan problemlərə diqqət yetərincə olmayacaq, amma buna əhəmiyyət vermədən davam etmək lazımdır və onda qaldırılan məsələlər ətrafında öncə kristallaşma mərkəzi, ardınca isə sürətlə böyüyən kəsim formalaşacaq. Tərtər qətliamından yazmağa başlayanda biz cəmi 2-3 nəfər idik...
Problemlərin müzakirəsi və onlarla bağlı tələblər ətrafında toplaşan kəsim böyüdükcə biz dövlət rəsmilərinin davranışında dəyişikliklər müşahidə edəcəyik. Çünki özünü bizə (topluma) daim güclü göstərməyə çalışanlar əslində yetərincə zəif və qorxaqdırlar. Elə bunu yaxşı anladıqları üçün də daim güclü görünməyə çalışırlar.
Uğura aparan yol da elə buradan başlayır, çünki insanlar qaldırdıqları məsələlərə və irəli sürdükləri tələblərə reaksiyanı görəndə onların həm özgüvəni bərpa olmağa başlayacaq, həm də mübarizə əzmi yüksələcək. Bu da öz növbəsində tələblərin və etirazların artmasına təkan verəcək.
Yaranmış (yeni) reallıqda sistem də bir şeyi dəqiq anlayacaq: virtual aləmdən başlayan etirazlarla küçələr və meydanlar arasındakı məsafə cəmi bircə addımdır. Həm də ona görə ki, paralel olaraq sosial media üzərindən toplumun təşkilatlanmasının əsası qoyulmuş olacaq.
(ardı var)