0"Ələsgər bəyin isti havada tamamilə qapalı şəraitdə qalması onun səhhətində ciddi problem yaradıb"

"1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli həkimin müəyyən etdiyi dərmanları qəbul etsə də, son vaxtlar qan təzyiqi davamlı yüksəkdir. Həbs olunana qədər qan təzyiqindən heç bir əziyyət çəkmədiyi halda indi təzyiqi 100-175 olaraq qalır".

Gundemxeber.Az  xəbər verir ki, bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə avqustun 5-də onunla telefon danışığından sonra bildirib.

“Baş ağrılarından çox əziyyət çəkir. İsti havada tamamilə qapalı şəraitdə qalmaq onun səhətində xeyli ciddi problem yaradıb. Üzləşdiyi haqsızlıq və hüquqsuzluq əsəb sisteminə mənfi təsir edib. Bir yandan da boğazındakı şişin nəfəs almağına yaratdığı çətinliyə görə yuxu rejimi pozulub. Öz tanıdığımız doktorların müəyyən etdiyi müalicəni təcridxanada davam etdirsə də müsbət nəticələr azdır. Əslində doktorlar qalxanabənzər vəzin cərrahi əməliyyatla çıxarılmasını tövsiyə edib. Amma o şəraitdə əməliyyat edilməsi mümkün deyil. Ələsgər bəy iyunun 22-də məhkəmə qərarı ilə özəl klinikada biopsiya əməliyyatına gətirilərkən pis rəftara məruz qalmışdı. Ondan sonra hüquq- mühafizə orqanlarının əlinə təkrar pis rəftar etmək üçün bəhanə vermək istəmir. Nə qədər çətin olsa da, cərrahi əməliyyatdan hələlik imtina edib”, o bildirib.

Nəsimi Məmmədli qeyd edir ki, Ələsgər Məmmədli həbs olunanda onun mobil telefonu əlindən alınıb.

“Asan İmzası istintaq orqanlarında olduğuna görə 6 aydan çoxdur vergi hesabatlarını verə bilmirik. Yeni Asan İmza alınmasına isə etibarnamə lazımdır. Təəssüf ki, heç bir ailə üzvünə etibarnamə verilməsinə imkan yaradılmır. Qanuna görə, notarius təcridxanada onun bu hüququnu gerçəkləşdirə bilər. Amma 6 aydır ki, bu hüquq icra olunmur”, Nəsimi Məmmədli əlavə edib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər barədə həbs qətimkan tədbiri seçilib, iki nəfər isə polisin nəzarətinə verilib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunur.

 

Gundemxeber.Az