Qarabağ Universitetində tədrisin hansı dillər üzrə aparılacağına aydınlıq gətirilib.
"Report"un sorğusuna cavab olaraq universitetdən bildirilib ki, bu il tədris Azərbaycan və ingilis dillərində aparılacaq, rus bölməsi üzrə qəbul isə yoxdur.
Həmçinin, qeyd edilib ki, ingilis bölməsi üzrə təhsil alacaq tələbələrin birinci ildə dil biliyinin təkmilləşdirilməsi üçün işlər görüləcək. Növbəti ildən isə bütün tədris ingilis dilində aparılacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı altı fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/25-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1 120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə səkkiz ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır.