Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.
Sərəncamla həmçinin Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib. Qeyd olunub ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək.