Enerji ucuzlaşacaq, investisiyalar artacaq: FT Ukrayna sülhünün Avropaya təsirini açıqladı

Ukraynada atəşkəsin əldə olunması və ya Rusiya ilə davamlı sülhün bərqərar olması Avropada iqtisadi canlanmanı sürətləndirə bilər.

Lim10.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Nəşrin təhlilinə görə, münaqişənin dayandırılması enerji daşıyıcılarının qiymətlərinin azalmasına, investisiyaların və ixracın artmasına səbəb ola, nəticədə isə “müsbət iqtisadi dövr” və hətta “Avropa renessansı” yarada bilər. Lakin bu proqnoz yalnız müharibənin Ukrayna üçün əlverişsiz şərtlərlə başa çatmaması, eləcə də vergi stimullarının tətbiqi və istehlak xərclərinin artırılması şərti ilə mümkün sayılır.

"Financial Times" bu mövzu ilə bağlı 88 iqtisadçı arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti Avropa ölkələrində 2026-cı ildə gözlənilən iqtisadi yüksəlişi Almaniyanın 1 trilyon avro həcmində infrastruktur və müdafiə xərcləri planları ilə əlaqələndirib.

Bununla belə, ekspert rəyləri tam yekdil deyil. Bəzi iqtisadçılar hesab edirlər ki, hətta iri həcmli dövlət xərcləri belə struktur problemləri və geosiyasi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün yetərli olmaya bilər.

Nəşr vurğulayır ki, Avropanın iqtisadi gələcəyi təkcə Ukraynadakı müharibənin taleyindən deyil, həm də aparıcı ölkələrin fiskal siyasətindən və qlobal siyasi risklərin necə idarə olunacağından asılı olacaq.