Azərbaycan Prezidenti xalqın əzmi ilə taleyüklü məsələlərin öhdəsindən layiqincə gəlib

Azərbaycanın simasında bölgədə yeni geosiyasi, geoiqtisadi konfiqurasiya formalaşdırılmasını, uğurlu idarəçilik və liderlik nümunəsini görürük.

Bu fikirləri "Report"a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O qeyd edib ki, bu cür gücün və nüfuzun formalaşdırılması asan başa gələn məsələ deyil:

"Azərbaycanın liderlik missiyası, bacarıqları başqa mərkəzlərdə qıcıqla qarşılanır. Bu, qədimdən formalaşmış ənənədir. Çünki kimsə bacarıq, düzgün siyasət yürüdürsə, quruculuq işində yüksək nəticə göstərirsə, buna münasibət selektiv, qeyri-sağlam olur. Çalışırlar, nüfuz qazanan ölkəni düz yoldan çəkindirib, çaşdırsınlar".

Politoloq düşünür ki, Azərbaycan həmişə beynəlxalq əhəmiyyətli tədbirləri keçirməzdən əvvəl Ermənistanın, hətta onun havadarlarının böhtan və təhdid kampaniyaları ilə qarşılaşır:

"Bu onunla bağlıdır ki, liderliyimizi qəbul etməyənlər, bacarıqlarımızı özləri üçün problem sayanlar var. Ona görə, ciddi cəhdlə Azərbaycana mane törətməyə, proseslərə əngəl olmağa çalışırlar. Ancaq bu, çox mənasız yanaşmadır. Çünki Azərbaycanı belə cılız hərəkətlərlə, təqdirlərlə, böhtanlarla çaşdırmaq mümkün olmayacaq. Biz hədəfləri düzgün görə bilirik, işimizi də düzgün qururuq"

.

Onun sözlərinə görə, Azərbaycanın dünyada nüfuz qazanması fenomenal hadisəyə çevrilib:

"Çünki nisbətən cavan, müstəqilliyini 30 ildir bərpa etmiş ölkənin üstəgəl 200 illik erməni məsələsini həll etməsi, müharibədə böyük qələbə qazanması adi məsələ deyil. Müxtəlif qüvvələr Qarabağ probleminin, ərazi məsələsinin həll edilməməsinə, güc tətbiqinin yaddan çıxarılmasına çalışırdılar. Biz isə müharibədə qələbəmiz, qısa müddət sonra uğurlu antiterror əməliyyatlarını həyata keçirməklə bütün stereotipləri sındıra bildik. Azərbaycan sözün əsl mənasında tam yetişmiş, suveren məmləkətdir".

T.Abbasov deyib ki, Azərbaycan xalqın əzmi, liderin uzaqgörənliyi və müdrikliyi, ordunun məharəti, şücaəti ilə bütün qarşıda duran ağır taleyüklü məsələlərin hamısının öhdəsindən gəldi:

"Cəmi 10 milyon əhalisi olan, dünyanın ən mürəkkəb bölgələrindən birində yerləşən ölkə çevik, manevrli siyasəti ilə istədiklərinə nail oldu, bütün dünyanın diqqət mərkəzinə gəldi. İkili standartlar, gözü götürməyən qüvvələrin qarayaxmaları, bu kimi neqativ təsirlər bizim uğurlarımızı saxlaya bilməz. Azərbaycan dünyaya inteqrasiya məsələlərində böyük paya malikdir və ciddi töhfələr verir. Həm regionda, həm də Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi ab-hava formalaşdırırıq. Ərazisi böyük, əhalisinin sayı çox, iqtisadi gücü yüksək olan dövlətlərdən fərqli olaraq, Azərbaycan makro tərzdə xeyirli, faydalı işlər görür, dünya birliyinə inkişaf meyllərini gətirir, sabitlik potensialı vəd edir və gələcəklə bağlı ümidləri doğruldur".