Türkiyənin Eskişehir bölgəsində üzünü maska ilə gizlədərək 5 nəfəri bıçaqlayan 18 yaşlı Arda K.-nın mesajlaşma tətbiqindəki dostu, 17 yaşlı Ayaz Bulut hadisə ilə bağlı danışıb.
Bu barədə Lim10.az NTV.com.tr-yə istinadən bildirir.
Xatırladaq ki, ötən gün Eskişehirin Tepebaşı rayonunda oynadığı məşhur PUBG döyüş oyununun təsiri ilə oyun personajı kimi geyinən, dəbilqə, gözlük və qoruyucu jiletdən istifadə edən, üzünü maska ilə gizlədən 18 yaşlı Arda K. adlı gənc küçədə qarşısına çıxan tanımadığı insanlara hücum edib və 5 nəfəri yaralayıb. Həmçinin törətdiklərini başındakı dəbilqənin kamerası ilə canlı yayımda görüntüləyib.
O, ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.
Ayaz Bulutun sözlərinə görə, Arda istifadə etdiyi mesajlaşma platformasında ona və digər dostlarına etdiyi qəddarlıqlar barədə danışırmış və bundan zövq aldığını deyirmiş. Bulut ona inanmadığını və xəbəri gördükdə çox təəccübləndiyini bildirib.
"Eskişehirdə insanlara hücum edən şəxs mənim dostum idi. Bir mesajlaşma tətbiqindən dostum idi. Bizə daha əvvəllər də deyirdi ki, gedib partiya binasına "Molotov" kokteyli atacağam, küçədə pişikləri təpikləyirəm, insanların öldürüldüyü videolara baxıram, evimə gələn qonaqların uşaqlarını döyürəm və bunları etmək xoşuma gəlir. Belə qəribə bir uşaq idi", - deyə dostu danışıb.
"Bunun səbəbi ailə sevgisi görməməsi ola bilər. Çünki bizə də bəhs edirdi. "Atam məni döyür", - deyirdi. Amma bunları edəcəyini deyəndə ciddi olduğunu düşünmürdüm. Hətta zarafat etdiyini də zənn edirdim.
Başqa bir dostum xəbəri mənə göstərdi. Hadisəni görəndə çox təəccübləndim. Əlim-ayağım əsdi. Düşünürəm ki, psixologiyası korlandığı üçün bunları etmiş ola bilər.
Oyunu oynayarkən - "Mən bunları real insanlara da etmək istəyirəm. Tezliklə edəcəyəm", - kimi sözlər deyirdi.
Hesab edirəm ki, o, müalicə olunmalı və cəzası nədirsə, çəkməlidir. Ailə sevgisi həqiqətən vacibdir. Uşağınıza biganə olmayın, diqqətdənkənar qoymayın. Dost mühitinə olduqca diqqət edin. Sosial mediadan istifadəsini gözardı etməyin", - deyə Ayaz Bulut vurğulayıb.