Rusiyada hamiləlik planlaşdıran cütlüklər üçün molekulyar-genetik skrininqin məcburi və ödənişsiz tətbiqi nəzərdə tutulur.
Lim10.az xəbər verir ki, Rusiya hökumətinin planına əsasən, bu yoxlamalar valideynlərdə gizli patogen genlərin vaxtında aşkar edilməsinə imkan verəcək və uşağın irsi xəstəliklə doğulma riskləri hələ mayalanmadan əvvəl qiymətləndiriləcək.
Hazırda Rusiyada bu cür genetik testlər yalnız ödənişli və könüllü əsasda aparılır. Yeni mexanizm isə dövlət proqramı çərçivəsində həyata keçiriləcək.
Proqramın icrasına məsul qurum kimi Rusiya Səhiyyə Nazirliyi müəyyən edilib. Nazirlik cari il ərzində skrininqin tətbiqi ilə bağlı konkret təkliflər paketini hazırlamalıdır.
Bundan əlavə, Rusiyada yenidoğulmuş körpələrin genişləndirilmiş skrininqlə əhatə dairəsinin (hazırda 36 patoloji üzrə aparılır) 2030-cu ilədək 95 faizə çatdırılması planlaşdırılır. Regionlar bu sahədə görülən işlər barədə hər il Səhiyyə Nazirliyinə hesabat təqdim edəcəklər.(musavat.com)



















