Gürcüstan-Qərb qarşıdurması "Kaspi"nin rakursundan: "Proses daha rəngarəng hal alacaq"

Gürcüstanda parlament seçkisi yaxınlaşdıqca Qərblə Tbilisi arasında iplər daha da gərilib. Hakim partiya təmsilçiləri Qərbi ölkənin daxili işlərinə qarışmaqda, müxalifət isə iqtidarı Rusiya ilə yaxınlaşmaqda ittiham edir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Gürcüstanda siyasi vəziyyət gərgin olaraq qalır. Qərblə qarşıdurma pik həddə çatıb. ABŞ Prezidenti Cozef Bayden başda olmaqla, bir çox ölkələrin liderləri bu ölkənin daxili işlərinə qarışmaqda davam edir. Proseslərin gedişi ona deməyə əsas verir ki, Gürcüstan növbəti geosiyasi qarşıdurma arenasına çevrilə bilər. Payızda kritik parlament seçkisi keçiriləcək. Qərb müxtəlif strukturları vasitəsilə hər vəchlə bu ölkədə hakimiyyət dəyişikliyinə çalışır. Ölkənin ərazi bütövlüyü təmin olunmayıb. Keçmiş prezident Mixail Saakaşvili hələ də həbsdədir. Qərbyönümlü sayılan və səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalan Prezident Salome Zurabişvili onu əfv edəcəyini bəyan edib. Halbuki, xanım prezident iki il əvvəl Saakaşvilini heç vaxt əfv etməyəcəyini bildirmişdi. Odur ki, keçmiş prezidentin azadlığa buraxılması məsələsinə münasibət fərqlidir.

Münasibətləri korlayan qanun

Ən ciddi, mühüm mübahisə mövzularından biri də parlamentin "Xarici təsirin şəffaflığı haqqında" Qanunu qəbul etməsidir. Bu addım ABŞ başda olmaqla, Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirib. Birləşmiş Ştatlar Gürcüstan üçün nəzərdə tutulan 95 milyon dollardan artıq maliyyə yardımını dayandırıb, vəsaitin qeyri-hökumət təşkilatlarına veriləcəyi bildirilir. Dövlət katibi Antoni Blinken hətta rəsmi Tbilisini "antidemokratik fəaliyyət göstərməkdə və yalan açıqlamalar verməkdə" ittiham edib.

Məsələ ondadır ki, Gürcüstan bu qanunu qəbul etməklə təkcə öz ərazisində xarici təsirləri azaltmır. Həm də ərazisindən ötürülərək ümumilikdə Cənubi Qafqaza yönəlik "qrant"ları nəzarətə götürür. Sirr deyil ki, Gürcüstan uzun illər ərzində bu sahədə plasdarm rolunu icra edib. "Qrant" adı altında Qərb mərkəzlərindən bölgəyə gətirilən qanunsuz vəsaitlər Gürcüstanda yerləşdirilib, buradan paylaşdırılıb.

Hakim partiya Qərbi ittiham edir

Belə bir durumda Gürcüstan hakimiyyəti növbəti dəfə Qərb nümayəndələrini parlament seçkisinə müdaxilədə ittiham edib. Gürcü Arzusu partiyası liderlərinin fikrincə, müxalifətin demokratik mübarizədə qalib gəlmək şansı yoxdur, ona görə də səsvermədən sonra iğtişaşlara başlamağı planlaşdırır. ABŞ bu ssenaridə iştirakını inkar etsə də, Tbilisi sakitləşmir. "Konkret siyasi partiyaların seçki kampaniyaları birbaşa xaricdən maliyyələşdirilir ki, bu da qətiyyən qəbuledilməzdir, ağlasığmazdır. Buna mütləq cavab verilməli və bizim nə ilə məşğul olduğumuz aydınlaşdırılmalıdır", - Gürcü Arzusunun baş katibi Kaxa Kaladze deyib. Kaladze hətta siyasi rəqiblərinin qalib gələ biləcəyi fikrini yaxın belə buraxmır.

"Ölkəni müharibəyə sürükləyən, yaxud sanksiyalara qoşulmağı və ölkəsinin iqtisadiyyatına zərər vurmağı seçən, başqa bir ölkənin maraqlarını təmin edən heç bir siyasi partiya qalib gələ bilməz. Bugünkü vəziyyət belədir. Xalq kənardan idarə olunan bu qrupa parlament seçkisi zamanı layiqli cavabını verəcək", - deyə siyasətçi bildirib.

Partiyanın icraçı katibi Mamuka Mdinaradze xarici dövlətləri Gürcüstanın daxili işlərinə maliyyə müdaxiləsini dayandırmağa çağırıb. "Biz xarici dost ölkələr və onların nümayəndələrini Gürcüstanın daxili işlərinə maliyyə müdaxiləsini dayandırmağa çağırırıq. Onların özləri də bilirlər ki, bu, ölkədə hansı təlatümlərə səbəb ola bilər", - o bildirib.

Gürcü xalqına müharibə vədi

Müxalifətin çevriliş hazırlamaq və ölkənin müharibəyə qoşulması iddiaları Gürcü Arzusunun seçki kampaniyasının əsas elementlərinə çevrilib. Parlamentin spikeri Şalva Papuaşvili hesab edir ki, müxalifətə Ukraynaya könüllülər göndərməsi və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsi üçün bir həftə kifayətdir. "Gürcüstan müharibəyə cəlb olunacaq. Onlar gürcü xalqına müharibə vəd edirlər", - Papuaşvili əmin edib.

Müxalif deputatların sayı azalacaq?

Paralel olaraq hakimiyyət ictimaiyyəti müxalifətin parlamentdəki iştirak səviyyəsinin azalacağına hazırlayır. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkatından başqa, kiminsə beş faizlik baryeri keçə biləcəyinə qətiyyən inanmır. Gürcü Arzusunun keçmiş üzvlərindən toplanmış Xalq Hakimiyyəti partiyasının icraçı katibi Quram Maçaraşvili hesab edir ki, parlamentdə indiki 55 müxalifətçinin əvəzinə maksimum 30-40 nəfər qalacaq.

Hədəfdə İvanişvilidir

Müxalifət isə əks-arqumentlər irəli sürür. Bəziləri bu qənaətdədirlər ki, hakimiyyət antiqərb addımları və hərəkətləri ilə Gürcüstanın beynəlxalq mövqelərini ciddi şəkildə təhlükə altına qoyur. Bütün bunların arxasında Gürcüstanın "boz kardinalı" hesab edilən Bidzina İvanişvili durur. Onun hər vəchlə ölkəni Rusiyanın himayəsinə qaytarmağa çalışdığı iddia olunur. İvanişvilinin rəqibləri bu günlərdə onun ünvanına sərt ittihamlar səsləndiriblər. Bidzina İvanişvilinin əleyhdarları oliqarxın Rusiya ilə şəxsi əlaqələrini gücləndirdiyinə dair araşdırma dərc ediblər. Bildirilib ki, Gürcü Arzusunun təsisçisinin Rusiyada ümumi dəyəri 14,7 milyon dollar olan mənzil və torpaq sahələri var, xüsusən də onun ailəsinin Moskvada və Moskva vilayətinin Odintsovo rayonunda iki evi var.

İvanişvilinin tərəfdarları isə müxalifətin yalan danışdığını bildirirlər. Onların qənaətincə, hər şey doğru olsa belə, burada qanunsuz heç nə yoxdur. Tbilisi meri və Gürcü Arzusunun baş katibi Kaxa Kaladze bildirib ki, İvanişvilinin son 20-25 ildə ümumiyyətlə Rusiya ilə heç bir əlaqəsi olmayıb. "Onun Rusiyanı tərk edib Gürcüstana gəldiyi ili dəqiq xatırlamıram", - Kaladze deyib. Onun fikrincə, müxalifət parlament seçkisi öncəsi hakim partiyanın nüfuzunu sarsıtmaq üçün qəsdən dezinformasiya yayıb.

Göründüyü kimi, qarşılıqlı ittihamlar və bəyanatlar zaman keçdikcə artır. Gürcüstanı qarşıda gərgin və maraqlı hadisələr gözləyir. Seçki yaxınlaşdıqca da, proses daha rəngarəng hal alacaq.