ABŞ-ın Qrenlandiyaya dair planları Vaşinqtonun klassik diplomatik çərçivələri aşan yeni və təhlükəli mərhələyə keçdiyini göstərir. “Reuters”in məlumatına görə, Ağ Evdə Qrenlandiyanın hər bir sakininə 10 min dollardan 100 min dollara qədər birdəfəlik ödəniş edilməsi ideyası müzakirə olunur. Məqsəd adanın Danimarkadan ayrılmasını təşviq etmək və ABŞ-a birləşməyə razı salmaqdır. Bu yanaşma təkcə “pul diplomatiyası” deyil, həm də beynəlxalq hüquq, suverenlik və alyanslar sisteminə açıq meydan oxuma kimi qiymətləndirilə bilər.
Donald Tramp administrasiyası Qrenlandiyanı açıq şəkildə ABŞ-ın milli təhlükəsizliyi üçün strateji ərazi kimi təqdim edir. 57 min əhalisi olan, lakin Arktika regionunda mühüm coğrafi mövqeyə malik ada ABŞ üçün üç əsas səbəbdən önəmlidir:
Birincisi, Arktikada Rusiya və Çinin artan fəallığı;
ikincisi, hərbi-logistik nəzarət imkanları;
üçüncüsü isə nadir təbii ehtiyatlar və gələcək enerji marşrutları.
Vaşinqtonun narahatlığı ondan ibarətdir ki, iqlim dəyişiklikləri fonunda Arktika təkcə ekoloji deyil, həm də geosiyasi rəqabət zonasına çevrilir. Bu baxımdan Qrenlandiya ABŞ üçün “təhlükəsizlik qalxanı” rolunu oynaya bilər.
Lakin ABŞ-ın yanaşması Avropa və NATO daxilində ciddi narahatlıq doğurur. Danimarka açıq şəkildə adanın satılmadığını bəyan edib və Avropa Birliyi Kopenhagenə siyasi dəstək göstərib. Daha da önəmlisi, Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsinin NATO-nun sonu anlamına gələ biləcəyini bildirib. Bu, ilk baxışdan emosional reaksiya kimi görünsə də, əslində alyansın üzv dövlətlərin ərazi bütövlüyünün müdafiaəsini təmin edən əsas prinsipini sual altında qoyur.
Qrenlandiya məsələsi NATO üçün presedent yarada bilər. Əgər alyansın aparıcı gücü olan ABŞ bir NATO üzvünün ərazisinə qarşı təzyiq, maliyyə təşviqi və ya güc tətbiqi variantlarını açıq müzakirə edirsə, bu, alyansın kollektiv müdafiə və qarşılıqlı etimad mexanizmini sarsıdır. “The New York Times”a müsahibəsində Tramp administrasiyasının Qrenlandiya üzərində nəzarət ilə NATO-nun bütövlüyü arasında seçim etməli ola biləcəyini irəli sürməsi də bu təhlükəli dilemmadan xəbər verir.
Qrenlandiya cəmiyyətinin mövqeyi də Vaşinqtonun planlarını çətinləşdirir. Sorğular göstərir ki, ada sakinləri uzunmüddətli perspektivdə Danimarkadan müstəqillik ideyasına müsbət yanaşsalar da, ABŞ-ın nəzarətinə keçməyə açıq şəkildə qarşıdırlar. Bu isə göstərir ki, maliyyə təklifləri qısa müddətli təsir yarada bilsə də, siyasi identiklik və milli iradə məsələsində həlledici olmaya bilər.
Bütün bunlara baxmayaraq, Tramp administrasiyası mövqeyində son dərəcə qətiyyətlidir. ABŞ dövlət katibi Marko Rubio yaxın günlərdə Danimarka rəsmiləri ilə Qrenlandiya məsələsini müzakirə edəcəyini açıqlayıb. Bu isə Ağ Evin diplomatik təzyiqi institusional səviyyəyə qaldırdığını göstərir. Gərginliyi daha da artıran məqam budur. Bunu görən Ağ Ev administrasiyası NATO-dakı müttəfiqləri və Aİ rəsmiləri təhdid dili ilə də hədələyir.
ABŞ prezidentinin müşaviri Stiven Millerin “NATO-da ABŞ-la müharibəyə girə biləcək elə bir qüvvə yoxdur” açıqlaması Vaşinqtonun alyansa baxışını açıq şəkildə ortaya qoyur. Ağ Ev Avropadakı müttəfiqlərinə açıq şəkildə təhdid mesaji verməklə demək istəyir ki, Qrenlandiya planına qarşı sərt mövqe nümayiş etdirilərsə, NATO-nun gələcəyi sual altına düşə bilər.
Nəticə etibarilə, ABŞ-ın Qrenlandiya strategiyası klassik diplomatiyadan çox, güc balansı və açıq təzyiq elementlərinə söykənir. Bu yanaşma təkcə Danimarka–ABŞ münasibətlərini deyil, bütövlükdə Avroatlantik təhlükəsizlik arxitekturasını risk altına salır. Qrenlandiya uğrunda aparılan bu oyun göstərir ki, yeni dünya düzənində artıq “dostlar arasında mümkün olmayan addımlar” anlayışı sürətlə dəyərini itirir və güc siyasəti alyansların belə toxunulmazlığını sual altına alır.
NATO-nun zəifləməsi və ya dağılması ehtimalı Avropa ölkələrini ya ABŞ-ın diktə etdiyi geosiyasi xətti qəbul etməyə, ya da alternativ təhlükəsizlik mexanizmləri axtarmağa məcbur edə bilər. Hər iki halda Avroatlantik məkan uzun illər formalaşmış sabitlik modelini itirmək riski ilə üz-üzə qalır.
Son olaraq onu qeyd etmək olar ki, Tramp administrasiyasının Qrenlandiya planı yalnız bir ərazi məsələsi deyil. Bu plan ABŞ-ın yeni dünya düzənində müttəfiqlərlə münasibətləri necə gördüyünü, NATO-nu isə təhlükəsizlik alyansından daha çox siyasi alət kimi istifadə etdiyini açıq şəkildə göstərir. Qrenlandiya uğrunda gedən bu mübarizə Avropanın gələcək təhlükəsizlik modelinin taleyini müəyyən edə biləcək strateji dönüş nöqtəsinə çevrilməkdədir.
Mürtəza



















