"Çadra davası", yoxsa hakimiyyət qayğısı?

Bütün dünya insanları İslamla qorxutmaqla məşğuldur

 

Artıq 24 ildir ki, İran İslam Respublikası ciddi cəhdlə qadınlardan çadra geyinməyi tələb edir. Hətta, xaricdən İrana gələn, yad inanc sahibi olan əcnəbi qadınların belə dininə-imanına baxmayaraq onlara baş örtüyu geyinməyi məcbur edir. İranın daxilində isə bu tələb daha kəsinliklə qoyulur, çadra örtüyü qaydalarına riayət etməyənlər əxlaq polisi (vitse-pokis) tərəfindən həbs edilir, haqqında cəza tədbirləri görülür. İran hökuməti iddia edirdi ki, bu Allahın əmridir, müsəlman üçün bu əmri layiqincə yerinə yetirmək məcburidir, bunu icra etmək isə islam dövlətinin borcudur. Bəli, doğrudan da Qurani-Kərimdə mömün qadınlara hicab geymək vacib sayılır: "Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir". ("Əhzab" 59).
Amma məsələ burasındadır ki, Qurani-Kərimdə dinin kimlərəsə zorla qəbul etdirilməsi, başqa inanc sahiblərinə müsəlman kimi davranmağı məcbur etmək buyrulmur. Bu gün milyonlarla İran vətəndaşı özünü müsəlman saymır, lakin hökumətin tələblərinə görə namaz qılır, oruc tutur, hicab geyir və digər İslam dini ayinlərini yerinə yetirir.
Xaricdən İrana səfər edən fransalı xanımın sərhəddə başına çarşab atması onun mənəvi aləmində nəyi dəyişə bilər? Əlbəttə, heç nəyi, onun kimi islam qaydalarına əməl etmək istəməyən, lakin dövlətin cəbr aparatından qorxaraq bu qaydalara əməl etmək məcburiyyətində qalan insanlar üçün İslam qaydaları əzab-əziyyətdən başqa heç nə deyil.
İran məmurlarını deyə bilmərəm, amma Allah bilir ki, həmin adamlar bu qaydalara Allah xatirinə deyil, İran hökumətinin qorxusundan əməl edir. Ona görə də bu qaydalara əməl etməyin onlar üçün mənəvi baxımdan heç bir faydası yoxdur.
Bəs İran hökuməti müsəlman olmayan, bu qaydalara əməl etməkdən heç bir mənəvi fayda götürə bilməyən insanları nə üçün İslam qaydaları ilə yaşamağa məcbur edir? Bəli, əslində bu sualın cavabı yuxarıda səslənib - hökumət üçün maraqlı olan əslində vətəndaşların İslam qaydalarından, İslam həyat tərzindən faydalanması deyil, onları bununla qorxudmaqdır. Bu gün tam məsuliyyəti ilə deyə bilərik ki, İran İslam Respublikası adlanan dövlət insanları dinə dəvət etmək, müsəlman etmək əvəzinə, onları dinlə qorxudaraq özünə itaət etməyə zorlayır. Belə olmasaydı əxlaq polisi hicab qaydalarını pozan 22 yaşlı Məhsə Əminini döyərək öldürməzdi. Qurani-Kərimdə buyurulur ki, bir insanı öldürmək müsəlmanların Yer üzündə ən müqəddəs məkanı olan Kəbəni uçurmaqdan pisdir. Ona görə ki, Kəbəni bəndələr tikib, insanı isə Allah yaradıb. Elə isə İslam qaydalarının pozulmasına görə, Allahın bir bəndəsinin o biri bəndəsinə ən ağır cəza verməsi - öldürməsi nə dərəcədə məntiqlidir?
Ümumiyyətlə, dini qaydalara əməl etməməyə görə Allah bəndələrinə cəzani bu dünyada deyil, o dünyada veririr. Bu dünyada isə sadəcə insanları maarifləndirmək lazımdır. İnsanlara bu dini fəlsəfə izah edilməlidir - Allahın buyurduqlarına əməl edin ki, əbədi dünyada günahlarınız savablarınızdan ağır gəlməsin! Əksər ölkələrində, o cünlədən İranda, eləcə də Azərbaycanda dini qaydalar insanları qorxutmaq üçün bir alətə çevrilib. Özü də alətə çevrilən bütün qaydalar deyil. Məsələn, nə üçün beytülmalın (dövlət əmlakının - xalqın ümumi sərvətinin) qeyri-qanuni mənimsənilməsi, yəni korrupsiyanın hicabsız gəzməkdən daha ağır günah olduğunu etiraf edən yoxdur? Nədən hicabsız gəzən qadına həqarətlə, dövlət əmlakıni mənimsəyərək milyonçu olan dövlət məmuruna "hörmətlə" baxırıq? Ona görə ki, məqsədli qorxutmanın hədəfi dövlətdən oğurluq edən məmur deyil, hicab taxmayan qadın, namaz qılmmayan, oruc tutmayan, təziyyə saxlamayan, araq içən və s. dini qaydalara əməl etməməklə yalnız özünə zərər verən sadə vətəndaşdır. Çünki bu qorxularla, bu tabularla bir qurup insanı, hətta, on milyonlarla saya malik cəmiyyəti asanlıqla idarə etmək və onlara Allah bəxşişi olan maddi sərvəti talamaq mümkündür. Əslində İran İslam Respublikası da elə bu işlə məşğuldur.
Sentiyabr ayından başlayan etiraz dalğası qarşısında tab gətirə bilməyən İran hökuməti artıq əxlaq polisini ləğv etdi. Bu o deməkdir ki, küçədə hicabsız gəzən İran vətəndaşına artıq heç kim hicab geyməyi məcbur edə bilməz. Çünki bu səlahiyyət yalnız əxlaq polisində idi. Artıq hökumət dairələrində və parlamentdə hicabı geyiməsini məcburi edən qanunların da dəyişdirilməsi müzakirə edilir. Yəni artıq İranda hicab geymək məcburiyyəti aradan qaldırılıb. Onda sual olunur: bu Allah əmridirsə və bu əmri siz Allahın istədiyi kimi icra edirsinizsə, elə isə "saleh" əməlinizdən nə üçün geri çəkilirsiniz? Allahdan qorxmursunuzmu, cənab mollalar? Əlbəttə, qorxmursunuz, sizə vacib olan Allah əmri deyil (əstaxfurullah), hakimiyyətdir. Ona görə də kütləni sakitleşdirib, hakimiyyəti əldə saxlamaq üçün bu gün hicab geymək məcburiyyətini aradan qaldırırsıniz, sabah namaz qılmaq, oruc tutmaq və sair bu kimi, müsəlman üçün vacib olan İslam ayinlərinin məcburiliyini aradan qaldıracaqsınız, təki hakimiyyət əlinizdə qalsın. Yəni, bu gün İslam dini İran dövlətinin, o cümlədən də bütün dünyanın əlində insanları qorxu altında idarə etmə vasitəsinə çevrilib. İlk baxışdan adama elə gəlir ki, bu siyasi menecerlər daha çox insanı İslam dininə gətirmək, Allah yoluna dəvət etmək istəyir. Amma bir qədər düşünəndə görürsən ki, bunların məqsədi daha çox insanı dini vasitə ilə idarə etməkdir.
Qeyd etdiyimiz kimi, bu yalnız İrana xas xüsusiyyət deyil, sadəcə İranda bu rəng daha tünd görünür. Məsələn, Azərbaycanda İrandan fərqli olaraq, hakimiyyət deyil, bu işlə dini təriqətlər məşğul olur. Dini təriqətlərin isə əlində cəbr aparatı olmadığından onlar insanları asıb-kəsməklə, həbs edib, öldürməklə deyil, günah edəcəkləri ilə qorxudur. Bunun üçün də hər bir təriqət özünənəxsus "xırda qadağa" ("haram") detalları uydurub. Məsələn, dəstəmaz alarkən başa çəkilən məsin suyu ilə sifətə vurulan su alında bir-birinə qarışdısa, dəstəmaz batildir. Halbuki dəstəmaz özü elə əl-üz yumaq deməkdir.
Sonda bir məsələni qeyd edim ki, düşüncəmizə görə, əslində İslam Allahla hər bir bəndəsi arasında rabitə vasitəsidir. Ona görə də o kütlə üçün ola bilməz, o fərd üçündür. İslam alimlərinin isə vəzifəsi insanlara bunu izah etməkdir, dinlə insanları qorxutmaq deyil. Biz İslamı məhz bu prizmadan öyrənməliyik.
Akif Nəsirli