Afrika ölkəsində meymunçiçəyi xəstəliyinin maksimum təhlükəsi elan edildi

Nigeriya hakimiyyəti ölkədə mpox ("empoks", meymunçiçəyi virusunun yeni adı) xəstəliyinin yayılma təhlükəsini maksimum səviyyəyə qaldırıb.

Lim10.az xəbər verir ki, bu barədə "Afrika24" telekanalı məlumat yayıb.

Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəhbəri Cide İdris bildirib ki, ölkədə artıq 36 ştatdan 33-də 39 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb. Hazırda itki yoxdur. Səlahiyyətlilər epidemioloji vəziyyətə gücləndirilmiş nəzarətə keçib və virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərlə təmasda olanları müəyyənləşdirirlər. Yeni halların vaxtında və erkən aşkarlanması üçün tədbirlər görülür, peyvənd planları hazırlanır.

Qeyd edək ki, mövcud mpox epidemiyası Konqo Demokratik Respublikasında başlayıb və Afrikanın 17 ölkəsinə yayılıb. Ümumilikdə 38 min yoluxma halı qeydə alınıb, 1 400 nəfər ölüb. Beş Afrika ölkəsi - Burundi, DKR, Keniya, Ruanda və Uqanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi, mpox xəstəliyinin yayılmasına qarşı xüsusi tədbirlərin görülməsi tövsiyə olunan ölkələr siyahısına daxil edilib.