Əhaliyə qaz neçəyə satılmalıdır?

 

Ötən il SOCAR üzrə 1 000 kubmetr qazın faktiki istehsal maya dəyəri 61,27 manat təşkil edib.

SOCAR-ın illik hesabatına görə, ötən il şirkət üzrə qazın istehsal maya dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,04 manat və ya 0,07% azdır.

Hesabata əsasən, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 3,7 %, əmək haqqı – 12,1%, sosial sığorta fonduna ayırmalar – 2,7%, amortizasiya ayırmaları – 20,8%, əsas vəsaitlərin təmiri – 5,8%, əsas vəsaitlərə texniki xidmət – 5,2%, nəqliyyat xərcləri – 12,1% , mədən vergisi – 18,6% və s. təşkil edir.

Sənədə görə, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına çəkilən xərclər nəzərə alınmaqla 2021-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 121,9 manat təşkil etmişdi.

Qeyd edək ki, 2020-ci ildə bu göstərici 140,24 manat təşkil edib, bu da ötən ilin göstəricisi ilə müqayisədə 18,34 manat və ya 13,08% azdır.

Diqqət edirsinizsə, qazın min kubmetrinin hasilat xərci 61.27 manat olduğu halda, onun emalı, saxlamnası və s. xərcləri maya dəyərini 2 dəfəyə qədər artıraraq 121,9 manata çatdırır. Bu onunla izah edilir ki, qaz hasilatında iştirak edən əməkçilər aşaği ranqli olduğundan orada işin əsas hissəsi reallaşsa da, korrupsiya halları azdır. Qazın emalı, işlənməsi və saxlanması isə daha yüksək ranqlı məmurların nəzarətində olduğundan xərclər korrupsiya yolu ilə şişirdilir. Bununla belə, SOCAR-ın şişirdilmiş rəqəmləri ilə qazın 1 kubmetrinin maya dəyəri təxminən 12,19 qəpik təşkil edir. Halbuki qazın 1 kubmetrinin hasilatı xərci maksimum 6.3 qəpiyə başa gəlir.
SOCAR-ın hesabatına inanaraq yanaşma ortaya qoysaq, mexaniki hesablamaya görə qaz Azərbaycan vətəndaşlarına limitsiz olaraq 12,3 qəpiyə, yəni maya dəyərinə satılmalıdır. Lakin Azərbaycan dövləti daxildə istehlak edilən qaz həcmindən 2 dəfə çox qaz ixrac edərək, milyardlarla dollar mənfəət götürür. Məsələn, bu ilin sonuna qədər qazın daxili istehlakı 10 milyard kubmetrə, ixracatı isə 20 milyard kubmetri kəçəcək. Əslində hökumət ixracatdan əldə edilən mənfəət hesabına məişət qazının 1 kubmetrini vətəndaşlara 5 qəpiyə sata bilər.
Hazırda tətbiq edilən üç pilləli limit tarifi isə tamamilə ədalətsizdir.

Bu gün biz qazın min kubmetrini Gürcüstana 15, Türkiyəyə 20 qəpiyə, erməni kilsələrinə isə pulsuz veririksə, azərbaycanlılara qazın 5 qəpiyə satılması tam ədalətli qərar olardı.
Akif Nəsirli