FSB Darya Duqinanın qatilini "tapdı"
Ərəstun Oruclu
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Darya Duginaya qarşı terror törədən Ukrayna casusunu tapıb. 1979-cu il təvəllüdlü Ukrayna xüsusi xidmət orqanlarının casusu Natalya Vovk maşınla Donbasdan gəlibmiş, özü də maşınının nömrəsini 3 dəfə dəyişib.
Terrorçu özü ilə 12 yaşlı qızını da gətiribmiş və üstəlik də terror aktına hazırlıq üçün Darya Duginanın yaşadığı binada mənzil də kirayə götürüb ki, qurbanını izləyə bilsin. Bu da azmış kimi o, terror aktını həyata keçirən kimi elə həmin maşınla da Estoniyaya qaçıb.
Bundan sonra şanlı Rusiya çekistləri Natalya Vovkun istifadə etdiyi maşının satışda olduğunu və üstəlik terrorçunun vəsiqəsinin şəklini də əldə edə biliblər.
Sonra da deyirsiniz ki, Tofiq Yaqublu başını maşına vura bilməz, Bəxtiyar Hacıyev özünü oğurlayıb döyməz və Aytən Məmmədova da öz boğazına bıçaq dirəməz.
Odur ki, bir gün Tərtər qurbanlarının anlaşma əsasında növbə ilə bir-birinə işgəncə verdiyini eşitsəniz, çalışın təəccüblənməyin. Nələr olmur bu həyatda...