Süni intellekt insanları aldadaraq turistləri heç vaxt mövcud olmayan turizm ərazisinə göndərib.
Lim10.az xəbər verir ki, hadisə Avstraliyada baş verib.
Belə ki, Tasmaniyada turizm yerlərini təbliğ edən bir veb sayt, məzmun istehsalını sürətləndirmək üçün süni intellektdən istifadə etməyə başlayıb.
Sistem tərəfindən hazırlanan bir paylaşımda Tasmaniyanın şimal-şərqindəki meşələrdə yerləşdiyi iddia edilən "Veldboro İsti Bulaqları" adlı bir yer təbliğ olunub.
"Dinc bir istirahət yeri" və "səyahətçilərin sevimlisi" kimi təsvir edilən bu yerin əslində mövcud olmadığı üzə çıxıb.
Paylaşım tez bir zamanda diqqət çəkib və bir çox insan təxminən 110 kilometr uzaqlıqdakı “Weldborough” qəsəbəsinə səyahət etməyə başlayıb.
Yerli hotel sahibi Kristi Probert “isti bulağ”ın yeri ilə bağlı daimi suallardan çaşqınlıq içində olduğunu söyləyib. O, günlərlə telefon zəngləri gəldiyini, şəhərə gələn qonaqların mövcud olmayan isti bulaq axtardıqlarını bildirib.
Vebsaytın sahibi rəqabət səbəbindən süni intellektə müraciət etdiklərini, səhvin diqqətdən kənarda qaldığını söyləyib. Hadisənin onların nüfuzuna ciddi şəkildə zərər verdiyini deyən sayt rəhbəri materialın silindiyini əlavə edib.
Mütəxəssislər “süni intellekt hallüsinasiyaları" adlandırılan uydurma məlumatların gələcəkdə oxşar qurbanlara səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edir.
Billurə



















