Durovun həbsindən sonra bütün dünyada "Telegram"ın reytinqi artdı

Pavel Durovun Parisdə həbsindən sonra "Telegram"ın bütün dünyada populyarlığı artıb.

Bu barədə Lim10.az Kommersant.ru-ya istinadən xəbər verir.

Analitik şirkətlərin məlumatlarına əsasən, 26 avqust tarixinə iOS yükləmələrinin sayı əvvəlki günlə müqayisədə 4% artıb. Durovun həbs edildiyi Fransanın özündə isə "Telegram" sosial şəbəkələr kateqoriyasında "App Store"da yükləmələr üzrə ən populyar olub və tətbiqlərin ümumi reytinqində yükləmələr üzrə üçüncü yeri tutub.

ABŞ-də "Telegram" on pillə irəliləyib. ABŞ seqmentində ən yaxşı "App Store" tətbiqləri reytinqində avqustun 27-də 18-ci yerdən səkkizinci yerə yüksəlib. Sosial şəbəkələrin reytinqində "Telegram" avqustun 26-da ikinci yerdə olub, sonra üçüncü yerə düşüb. "Appfigures" tətbiq tərtibatçısı qeyd edir ki, bu, "Telegram"ın 2023-cü ilin əvvəlindən bəri ən yüksək reytinqidir.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.