Zəngəzur dəhlizi: Tarixin çağırışı və Ermənistanın son şansı - Şərh

“Zəngəzur dəhlizi təkcə bir yol deyil. Bu dəhliz tarixin bərpa etdiyi ədalət xəttidir. Bu yol yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir, eyni zamanda Türk dünyasını birləşdirir, Şərqlə Qərbi qovuşdurur, Avrasiyanın siyasi-iqtisadi xəritəsini yenidən cızır. Bu reallığı görməmək artıq sadəlövhlük deyil, siyasi korluqdur”.

 Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputatın sözlərinə görə, bu gün Zəngəzur dəhlizi açılmasa da, fakt budur ki, nəqliyyat blokadasını Azərbaycan  tədricən aradan qaldırmaqdadır. “Ermənistan ərazisinə yüklər Azərbaycan üzərindən daşınır. Daha da irəli gedilib Azərbaycan nefti Ermənistana idxal olunmağa başlanıb. Bu, sadəcə iqtisadi addım deyil. Bu, Bakının verdiyi açıq mesajdır: “Biz sülh istəyirik, amma reallıqları diktə edən tərəfik”. Artıq top İrəvanın meydançasındadır”, - o qeyd edib.

Deputatın fikrincə, Ermənistan anlamalıdır ki, vaxt onun əleyhinə işləyir:
“Ermənistan hələ də köhnə xəyallar, köhnə miflər, köhnə düşmənçilik düşüncəsi ilə yaşayır. Amma dünya dəyişib. Region dəyişib. Güc balansı dəyişib.

Bu gün Ermənistanın bir dövlət kimi mövcudluğu Azərbaycan və Türkiyə ilə münasibətlərdən birbaşa asılıdır. Bu, emosional iddia deyil, geosiyasi həqiqətdir. Əgər İrəvan bu coğrafiyada yaşamaq, inkişaf etmək, blokadadan çıxmaq istəyirsə, Bakının irəli sürdüyü dayanıqlı sülh və regional əməkdaşlıq şərtlərini qeyd-şərtsiz qəbul etməlidir.

Başqa yol yoxdur. Alternativ yoxdur. Zaman onların xeyrinə işləmir.
Zəngəzur dəhlizi isə Ermənistan üçün də fürsətdir və bundan faydalanmalıdır. Bu dəhliz Ermənistan üçün təhlükə deyil, xilas yoludur. Ölkə başçısının yerli mediaya verdiyi müsahibəsində dediyi kimi,  Zəngəzur dəhlizi necə adlandırılnmasından asılı olmayaraq Ermənistanı tranzit ölkəyə çevrilmək imkanı, iqtisadi təcriddən çıxış, regional layihələrə qoşulmaq, investisiya və ticarət imkanları yaradacaq.

Bütün bunlar mümkündür. Amma yalnız sülh sazişi imzalanarsa. Sülh olmadan nə iqtisadi inkişaf olar, nə də dövlətçilik”.
Qərbi azərbaycanlıların öz dogma yurdalrına qayıdışla bağlı məsələyə toxunana deputat bildirib ki,  bu qaçılmaz bir prosesdir və artıq bu istiqamətdə işlər gedir: “Təbii ki, qarşı tərəfi ən çox qorxduqları mövzu da budur. Amma bunu da bilməlidirlər ki, Qərbi azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar.
Bu, revanş deyil. Bu, intiqam deyil. Bu, tarixi ədalətin bərpasıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu proses artıq beynəlxalq gündəliyə çıxarılıb və geriyə dönüş yoxdur.

Paradoks budur ki, Qərbi azərbaycanlıların qayıdışı Ermənistanın öz dövlətçiliyi üçün də xilas yoludur. Onlar Ermənistana dağıtmaq üçün yox, yaşatmaq üçün qayıdacaqlar. İqtisadiyyata, əmək bazarına, multikultural mühitə töhfə verəcəklər. Amma bunun üçün qarşılıqlı etimad mühiti formalaşmalıdır. Seçim Ermənistanındır, nəticə isə qaçılmazdır.
Azərbaycan artıq məqsədinə çatıb. Qarabağ azaddır. Regional liderlik təmin olunub. Dəhlizlər konsepsiyası qurulub. Güc faktoru bərqərar edilib. Bir daha qeyd etmək istərdim ki,  seçim Ermənistanındır: ya sülh, əməkdaşlıq və inkişaf yolu,y a da təcrid, geriləmə və siyasi marjinallaşmanı seçmək. Hansı  variant daha yaxşıdır. Özləri qəarar versin. Onsuz da Azərbaycan istənilən yolla niyyətinə nail olacaq. Zəngəzur dəhlizi açılacaq, sülh imzalanacaq,

Qərbi azərbaycanlılar öz dogma yurdlaırna qayıdacaq.
Bu proseslərin yalnız vaxtı müzakirə mövzusudur, mahiyyəti yox. Nə qədər tez başa düşsələr, özləri üçün bir o qədər yaxşı olacaq. Tarix gözləmir. Azərbaycan isə artıq yoluna davam edir”.

Mürtəza