Korrupsiyanız əsgərləri yeyir
Həbib Müntəzir
Azərbaycan ordusunun hərbi hissələrində "tikinti-təmir mövsümü"nə start verilib. Sıravi əsgərləri icbari əmək istismarına cəlb edərək, fəhlə əvəzi basıb işlədirlər. Fəhlələrə verilməli olan təmir üçün ayrılan pulları da qatlayıb qoyurlar ciblərinə. Hətta bəzi hərbi hissələrdə materialın, avadanlığın pulunu belə hərbçilərdən, onlar vasitəsiylə ailələrindən yığırlar. Buna dözməyən əsgərlər xəstəlikdən, ürəktutmadan ölürlər, əslində öldürülürlər. Bu istismarı həzm etməyib, psixoloji durumu ağır olanlar intihara qədər sövq oluna bilir.
Bir çox bölmələrdə təminat və təchizat baxımından sıxıntılar var. Antisanitar və gigiyenik durum bərbad vəziyyətdədir. Hərbçilərin qış geyimlərində problemlər var, qaldıqları, yatdıqları yerlərlə bağlı problemlər mövcuddur, əsasən də işğaldan azad olunan ərazilərdə.
Bundan əlavə hərbi xidmətə yararsız olan əsgərləri xidmətə alırlar, çünki onun əvəzinə pul verib saxlatdıranların yerini doldurmaq lazımdır. O tez-tez dediyiniz ifadə var e, "xəstə əsgərin xidmətdə nə işi var?!", bax buna görə. Gözləri doymur, yeməlidirlər axı, az pul da deyil, 10 min manat civarı. Pul verib özünü böyük şəhərlərə, daha təhlükəsiz yerə saldıranlar, pul ver bilməyən kasıbın balası da, düz sərhədə, işğaldan azad olmuş ərazilərə.
Vətənpərvərlik? Dana, mal-qara saxlayan generalların, onların əsgərlə davranış qaydalarından məhrum komandirlərinin sərvətinə sərvət qatan hərbi vəzifəlilərin vecinə də deyil. Bu barədə daha ətraflı, adbaad, faktlarla yazacağam. Son həftələr əsgər ölümlərinin sayının artması həm də yuxarıda saydığım qanunsuzluqlarla bağlıdır. "Gizli döyüşlər gedir, xalqdan gizlədirlər" məsələsi yalandır, etibar etməyin.