Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

Ermənistan parlamentinin hakimiyyətdə olan “Mülki Müqavilə” fraksiyasının rəhbəri Artsax qaçqınlarının "vətənlərinə" qayıtmasını “qeyri-real” adlandırıb.

"İndiki şəraitdə Dağlıq Qarabağdan olan qaçqınların geri qayıtmasından danışmaq mənasızdır. Çünki hadisələrin bu cür inkişafı sadəcə olaraq qeyri-realdır", - bunu PTA-ya müsahibəsində hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjorian müxalifətin tənqidlərini şərh edərkən deyib.

Onu da vurğulayaq ki, son zamanlar Qərbdəki bəzi dairələrin Qarabağı öz xoşları ilə, könüllü şəkildə tərk etmiş ermənilərin yenidən qayıdışı məsələsini qaldırmağa başlayıblar. Bir ay əvvəl Fransanın Ermənistandakı səfiri Olivier Dekotini yenidən anti-Azərbaycan mövqeyi nümayis etdirərək, Qarabağı könüllü tərk etmiş ermənilərin "geri qayıtmaq hüququnu" xatırladıb. O, sosial şəbəkə hesabında yazıb: "Gəlin, öz torpaqlarından qovulmuş, qayıtmaq hüququ Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiq edilmiş Dağlıq Qarabağ ermənilərini unutmayaq".

İranın Ermənistandakı səfiri Mehdi Sobhani də fransali həmkarından bir ay əvvəl  özünün xəyanətkar haylara olan məhəbbətini dilə gətirməklə demişdi ki, ermənilərin könüllü qayıtması üçün şəraitin yaradılacağına ümid edir. O, sözünə davam edərək qeyd edib ki, bunun üçün dialoq və danışıqlar lazımdır.

Bütün bunlarla yanaşı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Qarabağ ermənilərinin qaytarılmasını həyasızcasına regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi dəyərləndirib.

Amma məsələ burasındadır ki, Qarabağı könüllü tərk etmiş ermənilərin böyük əksəriyyəti, bəlkə də heç biri bir daha Qarabağa qayıtmaq istəmir. Bunun səbəbi isə çox sadədir. Qarabağı könüllü tərk edən ermənilər Azərbaycan hökumətinin qalıb yaşamaq təklifinə məhəl qoymadan ölkəni tərk etdilər. Bu ona görə baş verdi ki, həmin ermənilərin 99 faizi Qarabağa işgal dönəmində miqrasiya etmisdi. Bu isə Azərbaycan ərazisinə qeyri-qanuni miqrasiya hesab edilir. Onlar düşundülər ki, Azərbaycan hökuməti bir qədər sonra Qarabağa işğal dönəmində köç etmiş erməniləri təsnifləşdirə və onlara qanunsuz miqrant statusu verə bilər. Çunki onlar Azərbaycan ərazisinə işğal faktından sui-istifadə edərək miqrasiya ediblər. Ona görə də Qarabağdan köç etmək istəmiş ermənilər ya İrəvanda yaşamaq, ya da xarici ölkələrə üz tutmaq fikrindədirlər.

Bu günlərdə BBC radiosunun apardığı sorğular da onu göstərdi ki, Qarabağı könüllü tərk edən ermənilər bir daha geri qayıtmaq fikrində deyil.

Bütün bunların məsuliyyəti dinc əhalinin bu cür qeyri-qanuni miqrasiyası ilə məşğul olan Ermənistan dövlətinin üzərindədir.

Qarabağdan könüllu köç etmis ermənilərin geri qayıtmaq hüququnun Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiqlənməsinə gəldikdə, bu imkanı həmin əhaliyə Haaqa Məhkəməsindən əvvəl Azərbaycan hökuməti yaradıb, lakin əhali bu imkandan yararlanmaq istəmədi.

Hazirda isə bu qədər aydın olan məsələ üzərindən Azərbaycandan nəsə qoparmaq istəyən qüvvələr qarayaxma kampaniyası aparır, hökumətə təzyiq vasitəsi kimi bundan sui-istifadə edirlər. Qısaca ifadə etsək, Qərbdəki bəzi dairələr Azərbaycana təzyiq etmək üçün yenidən Qarabağ erməniləri kartını gündəmə atmağa çalışırlar. Atalar yaxşı deyib, "it əl çəkdi, motal əl çəkmədi"...

Akif NƏSİRLİ