BMT-də COP "Troika" prezidentliklərinin növbəti yüksəksəviyyəli iclası keçirilib

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində COP "Troika" prezidenliklərinin növbəti yüksəksəviyyəli iclası keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə bir sıra ölkələrin nazir və yüksəksəviyyəli nümayəndələri, habelə beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində COP "Troika" sədrliklərinin qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə birgə səylərinin vacibliyini vurğulayıb.

M.Babayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) "Troika" ölkələri - Birləşmiş Ərəb Əmirlikləri (COP28) və Braziliya (COP30) ilə əməkdaşlığa diqqət çəkib.

Nazir qeyd edib ki, COP29 Bakı sammiti dünya ölkələri üçün kritik məqam olacaq.

"Elmi nəticələr göstərir ki, hazırda dünya Paris Sazişinin hədəflərinə çatmaq üçün kifayət qədər sürətlə irəliləmir. Biz 1,5°C hədəfinin reallaşması üçün milli səviyyədə müəyyən edilən töhfələrin hədəflərini artırmalıyıq", - M.Babayev bildirib.

Nazir vurğulayıb ki, COP29-da yeni maliyyə məqsədlərinin razılaşdırılması və inkişaf edən ölkələr üçün iqlim dəyişikliyinə qarşı mübarizədə dəstəyin artırılması üçün geniş konsensus yaradılmalıdır:

"Qarşıdakı günlər və aylar ərzində bu mövzuda bütün ölkələr arasında səmimi əməkdaşlığa ehtiyacımız var".

Çıxışlarda Azərbaycan və Braziliya arasında qəbul edilən Bakı-Belem İqlim Tərəfdaşlığı Memorandumunun ölkələr arasında davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi üçün vacib çərçivə təmin etdiyi qeyd olunub.

Çıxışlarda növbəti milli səviyyədə müyyən edilən töhfələrin hədəfləri barədə geniş müzakirələr aparılıb.