MUSTAFA KAMAL ATATÜRK: TÜRK DÜNYASININ ƏBƏDİ LIDERI

22:46:12IV HİSSƏ
Mustafa Kamalın hərbçi kimliyi

Dəməşq mərhələsi
Yuxarıda qeyd etdik ki, Mustafa Kamal Atatürk ilk təhsilini az bir müddət anası Zübeydə xanımın istəyinə rəğmən 6 yaşında-1887-ci ildə Selanikidə klassik dini təhsil verən Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində aldı. Elə həmən il atasının təşəbbüsü ilə müasir üsulla təhsil verən Şəmsi Əfəndi məktəbinə keçdi və 1890-cı ilə qədər burada oxudu. Oxuma-yazma və riyaziyyat əsasları da bu məktəbdə formalaşdı. Məktəbi bitirdikdən sonra bir müddət Saloniki Mülki məktəbində oxuyan Mustafa öz istəyi ilə Saloniki Hərbi məktəbində təhsilini davam etdirdi. Saloniki Hərbi məktəbini bitirdikdən sonra 1896-cı ildə Monastır hərbi məktəbinin müdavimi oldu. Üç il burada oxudu. 1899-cu ildə İstanbul Hərbi Kollecinə daxil olub 1902-ci ildə məktəbi leytenant rütbəsində bitirdikdən sonra təhsilinə İstanbul Hərb Akademiyasında davam etdi. 1905-ci ilin yanvar ayının 11-də kapitan (yüzbaşı) rütbəsində Akademiyadan məzun oldu. Hərbi Akademiyada və Hərbi Kollecdə zəkası, qabiliyyəti və xarakterindəki üstün cizgiləri ilə dostları və müəllimləri arasında fərqlənir, onların səmimi sevgisini və hörmətini qazanırdı. Mustafa Kamal hərbi fənlərə olan böyük marağı ilə yanaşı, riyaziyyat, ədəbiyyat və natiqliyə də maraq göstərirdi. Hərbi Kollecdə və Hərbi Akademiyada milli- vətənpərvərlik düşüncələrini cəsarətlə ifadə etməsi səbəbindən maarifçi və inqilabçı zabit kimi tanınırdı. O günlər Osmanlıda despotizm hökm sürürdü və onun bu fəaliyyətinin ağır nəticələri ola bilərdi. Mustafa Kamal tələbəlik illərində açıq şəkildə həbs olunan inqilabçı liderlərdən fərqli olaraq, ağıllı davranışı sayəsində həbsdən yayınırdı. Lakin siyasi baxımdan izlənməsi davam edirdi. Akademiyadan məzun olduqdan sonra despotik və sultanlıq rejiminə qarşı düşüncələri və mövqeyi şübhə doğurduğu üçün bir müddət İstanbulda nəzarət altında saxlanıldı. Bu həbs deyildi, çünki barəsində həbs qərarı və məhkəmə hökmü yox idi. İstanbuldakı müxalif fikirləri (istibdada qarşı olması, gizli siyasi müzakirələrdə iştirakı) səbəbi ilə qısa müddətli sorğular və nəzarət altında qaldı. Monastirdə Üçüncü Orduda xidmət etmək istəsə də cəza xarakterli təyinatla Mustafa Kamal 1905-ci ilin fevral ayının 5-də Dəməşqdə (Suriya) yerləşən Beşinci Ordunun sərəncamına göndərildi. Dəməşqdə 5-ci ordu komandanlığı Mustafa Kamalın siyasi fəaliyyətinə görə İstanbulda cəzalandırıldığından xəbərdar idi və buna görə də bir müddət onu təyinatdan uzaq tutdu. (Təyinat almayan Mustafa Kamal boş vaxtlarını müasir müəlliflərin kitablarını oxumağa sərf etdi. Bu dövrdə Mustafa Kamal Tibb Məktəbindəki siyasi fəaliyyətinə görə İstanbuldan sürgün edilmiş və Dəməşq bazarında ticarətlə məşğul olan adaşı Mustafa bəy (Cantekin) ilə tanış oldu. 1906-cı ilin oktyabrında onların arasında uzun axşam söhbətləri zamanı yaranan ideyalar nəticəsində dostları Lütfi Müfit bəyin (Özdeş) də iştirakı ilə gizli inqilabi-siyasi təşkilat olan “Vətən və Azadlıq” Cəmiyyəti yaradıldı. XIX əsrin sonu – XX əsrin əvvəllərində II Əbdülhəmidin mütləqiyyət rejimi, Məclisin bağlanması (1878), senzura, sürgünlər və polis nəzarəti, orduda və ziyalılar arasında artan narazılıq bu cəmiyyətin yaranmasını zəruri etdi.)
Mustafa Kamal dostları ilə birlikdə əvvəlcə cəmiyyətin Beyrut, Yaffa və Qüdsdə şöbələrini yaratdı. Daha sonra həm anasını ziyarət etmək, həm də cəmiyyətin Saloniki şöbəsini qurmaq üçün gizlicə Salonikiyə səyahət etdi. Salonikidə etibarlı dostları ilə bərabər hərbi məktəbdə oxuyarkən ədəbiyyat müəllimi olmuş Hakkı Bahanın (Pars) evində toplandılar. Bu görüşdə Mustafa Kamal bir açılış nitqi söyləyərək bunları dedi:
"Dostlar! Bu gecə sizi burada toplamaqda məqsədim budur: Ölkənin yaşadığı ağır anları sizə danışmağa ehtiyac yoxdur. Hamınız bunu bilirsiniz. Bu bədbəxt ölkə qarşısında mühüm vəzifələrimiz var. Onu xilas etmək bizim yeganə məqsədimizdir. Bu gün Makedoniyanı və bütün Rumeli bölgəsini millətdən ayırmaq istəyirlər. Xarici təsir və hökmranlıq ölkəyə qismən və effektiv şəkildə daxil olub. Sultan zövq və səltənət düşkünü və hər türlü alçaqlığa əl qoyacaq iyrənc bir adamdır. Millət zülm altında məhv olur. Azadlığı olmayan bir ölkədə ölüm və məhv var. Azadlıq bütün tərəqqinin və qurtuluşun anasıdır. Tarix bu gün onun övladları olan bizim üzərimizə böyük məsuliyyətlər qoyur. Mən Suriyada bir cəmiyyət qurdum. Biz zülmə qarşı mübarizəyə başladıq. Mən də bu cəmiyyətin təməlini buraya gətirirəm. Mən təşkilat qurmağa gəlmişəm. İndilik gizli şəkildə işləmək və təşkilatın orqanlarını formalaşdırmaq lazımdır. Sizdən fədakarlıq gözləyirəm. Sizi cavab vermək üçün vəzifəyə dəvət edirəm. Yalnız inqilabla sarsıdıcı bir zülmə qarşı çıxmaq, köhnəlmiş və çürümüş sistemi devirmək, milləti suveren etmək, bir sözlə, vətəni xilas etmək mümkündür. Dostlar, bizdən əvvəl bir çox cəhdlər edilsə də, onlar uğurlu olmadı. Çünki onlar təşkilatsız başladılar. Quracağımız təşkilatla bir gün mütləq uğur qazanacağıq, nə olursa olsun, Vətəni və Milləti xilas edəcəyik..."
Dəyərli oxucu, Salonikidəki toplantının ən ilginc məqamı o idi ki, Mustafa Kamal dostlarını inqilab komitəsinə sədaqət andı içməyə dəvət etdi. Bu məqamı toplantı iştirakçılarından biri olan Hüsrəv Sami Kızıldoğan 1937-ci ildə nəşr olunmuş "Vətən və Azadlıq bərabərdir Birlik və Tərəqqi" məqaləsində belə təsvir edir: “Hakkı Baha evində onları dəbdəbəli yapon pijamasında qarşıladı. Bu evin tarixi dəyəri və mənası vardır. Çünki Mustafa Kamalın Dəməşqdə qurduğu cəmiyyətin Makedoniya inqilab komitəsi məhz Hakkı Bahanın bu evində quruldu. Mustafa Kamal və dostları bir masa ətrafında toplaşdılar. O, cibindən bir kağız çıxardı, üzərində yazılmış üç-beş bəndi oxudu və dostları Mustafa Kamalın təkliflərini olduğu kimi qəbul etdilər. İndi yalnız kiçik bir rəsmiyyət qalmışdı. Komitəyə sədaqət andı! Mustafa Kamal bu andın silaha verilməsini təklif etdi. Çünki lazım gələrsə, inqilabın davam etməsi üçün istifadə ediləcək vasitə silah idi. Silah sözünü eşidən ədəbiyyat müəllimi pijamasında cibini yoxladı. Mustafa Kamal isə artilleriya zabiti olan Hüsrəvə tərəf dönərək soruşdu: Silahınız varmı? Hüsrəv "Bəli, cənab" cavabını verdi və tapançasını çıxardı. Mustafa Kamal tapançanı götürüb masanın üstünə qoyaraq dedi: dostlar, inqilab üçün bu silaha and içirik, unutmayın ki, burada bir-birimizə verdiyimiz vəd inqilab vədidir və lazım gələrsə, bunu gerçəkləşdirmək üçün silahdan istifadə etməkdən çəkinməyəcəyik! Dostlar bir-bir silahı götürdülər, öpdülər və and içdilər. Bu mərasimdən sonra Mustafa Kamal artilleriyaçı Hüsrəvə tərəf dönərək dedi: silahını götür, bu silah müqəddəs bir silahdır. Onu qoru! Bir gün onu mənə verəcəksən!" Və həqiqətən də, belə oldu…"
“Vətən və Hürriyyət” cəmiyyətinin əsas məqsədi istibdad rejiminin zəiflədilməsi, konstitusiyalı idarəçiliyin təşviqi və milli şüurun oyadılması idi. Bu təşəbbüs həm də Mustafa Kamalın ilk siyasi təşkilatçılıq təcrübəsi sayılır və o, bununla da gələcəkdə Osmanlıdakı müxalif hərəkatlarla əlaqələrinin təməlini qoydu. Eyni zamanda, Mustafa Kamal Dəməşqdə Osmanlı mərkəzi hakimiyyətinin əyalətlərdə zəifliyini və sosial ədalətsizliyi müşahidə edərək, gələcəkdə milli dövlət quruluşuna dair ideyalarının ilkin əsaslarını yaratdı…
Nəhayət, Mustafa Kamal Beşinci Ordunun 30-cu Süvari Alayına təyinat aldı. Bu bölgədə o, dövlət vergilərinin toplanması da daxil olmaqla müxtəlif vəzifələri yerinə yetirdi və həyatın bütün təbəqələrindən olan insanlarla əlaqə qurmaq imkanı əldə etdi. Əsasən Suriyanın müxtəlif yerlərindəki üsyanlarda iştirak edən Mustafa Kamal partizan müharibəsində də təcrübə qazandı. Fələstində tüfəng batalyonuna təyinat aldı. Burada Negev səhrasında təlim keçdi və Misir sərhədində patrul xidməti etdi. 25 dekabr 1906-cı ildə Dəməşqdəki fərqləndiyi xidmətinə görə Beşinci Dərəcəli Məcidiyyə ordeni ilə təltif edildi...
Dəməşq dövrü (1905-1907) Mustafa Kamal üçün yalnız siyasi deyil, həm də hərbi təcrübə baxımından əhəmiyyətli idi. O, qarnizon xidmətində ərazi və logistika problemlərini öyrəndi, hərbi planlaşdırma və strateji düşüncə bacarıqlarını inkişaf etdirdi və hərbi əməliyyatların praktik tərəflərini dərindən təhlil etdi. Mustafa Kamalın Dəməşq əsgəri dövrü onun şəxsiyyətinin, siyasi düşüncəsinin və milli mübarizə xəttinin formalaşmasında həlledici mərhələ oldu. Bu dövr ona sadəcə hərbi təcrübə deyil, imperiyanın real vəziyyətini yerində görmək imkanı verdi. Dəməşqdə xidmət edərkən Mustafa Kamal Mərkəzi hakimiyyətin zəifliyini Orduda intizamsızlığı və rüşvəti, yerli idarəçilərin səriştəsizliyini, Ərəb vilayətlərində Osmanlıya qarşı artan narazılığı, ən başlıcası isə Osmanlı dövlətinin çürüməsini birbaşa müşahidə etdi. Bu dövrdə Mustafa Kamal Osmanlı dövlətinin problemlərinin təsadüfi yox, struktur xarakterli olduğunu anladı. Bu, onda “islahatla yox, köklü dəyişikliklə xilas mümkündür” düşüncəsini formalaşdırdı. Dəməşqdə qəbilə münasibətləri, dini liderlərin siyasətə təsiri, təhsil səviyyəsinin aşağılığı və feodal münasibətlər Mustafa Kamala göstərdi ki “Cəmiyyət modernləşmədən dövlət modernləşə bilməz.” Bu fikir sonradan onun üçün laiqlik, maarifçilik və təhsil islahatları siyasətinin intellektual əsasına çevrildi.
Dəməşq Mustafa Kamalın yalnız idealist şüarlarla nəticə əldə olunmadığını, xalq dəstəyi olmadan inqilabın mümkünsüzlüyünü və xarici güclərin imperiya daxili siyasətə təsirini dərk etməsi nəticəsində siyasi realizm və praqmatik düşüncə tərzinin formalaşmasının baş verdiyi məkan idi. Bu mərhələ üçün yekun olaraq bunu demək olar ki, Dəməşq əsgəri dövrü Mustafa Kamala Osmanlının dağılmasının qaçılmazlığı qənaətini verdi. Və məhz buna rəğmən də milli dövlət ideyasının ilkin formalarını, ilk siyasi təşkilatlanma təcrübəsini, realist və xalq mərkəzli siyasət anlayışını və psixoloji möhkəm lider xarakterini qazandırdı. Ümumiləşdirsək, Mustafa Kamal üçün Dəməşq dövrü dönüş nöqtəsi- imperiyaçılıqdan milli dövlət düşüncəsinə keçidin başlanğıcı kimi dəyərləndirmək olar. Bu dövrdə Mustafa Kamal Osmanlıçılığın müxtəlif millətləri bir arada saxlaya bilmədiyini gördü, Ümmətçilik ideyasının siyasi baxımdan iflasa uğradığını anladı, Millət anlayışının real və güclü birləşdirici faktor olduğunu dərk etdi. Məhz bu dövrdə ilk dəfə Mustafa Kamalın düşüncəsində Türk milləti mərkəzli dövlət modeli formalaşmağa başladı...
Saloniki mərhələsi. XX əsrin əvvəllərində Osmanlı imperiyası dərin struktur böhranı yaşayırdı. Balkanlarda millətçilik hərəkatlarının güclənməsi, Avropa dövlətlərinin müdaxiləsi, ordunun zəifləməsi və mərkəzi hakimiyyətin avtoritarlaşması imperiyanın gələcəyini sual altına almışdı. Məhz bu şəraitdə Mustafa Kamalın 1907–1909-cu illərdə Salonikidə keçirdiyi əsgəri xidmət dövrü, onun yalnız peşəkar zabit kimi deyil, milli dövlət qurucusu və siyasi lider kimi formalaşmasının əsas mərhələsi oldu. 1907-ci ildə Mustafa Kamal III Ordunun qərargah zabiti olaraq Salonikiyə göndərildi. III Ordu Balkanlarda serb, bolqar və yunan millətçi təşkilatları ilə mübarizənin əsas yükünü daşıyırdı. Bu ordu dağınıq, zəif intizamlı, siyasi baxımdan parçalanmış vəziyyətdə idi. Mustafa Kamal bu mühiti yaxından müşahidə edərək belə nəticəyə gəldi: “Dövlətin zəifliyi ordunun zəifliyindən deyil, idarəetmənin yanlışlığındandır.” Saloniki Mustafa Kamal üçün bir siyasi laboratoriya idi. Saloniki mətbuat azadlığının nisbətən mövcud olduğu, Avropa ideyalarının yayıldığı, gizli siyasi təşkilatların aktiv fəaliyyət göstərdiyi bir şəhər idi və burada Mustafa Kamal: Avropa konstitusiyalarını, Fransa İnqilabının siyasi fəlsəfəsini, millət–dövlət modelini daha sistemli şəkildə öyrəndi. Saloniki İttihad və Tərəqqi Cəmiyyətinin ərsəyə gəldiyi şəhər idi. Cəmiyyətin əsas məqsədləri: Məşrutiyyətin bərpası, sultanın səlahiyyətlərinin məhdudlaşdırılması, ordunun modernləşdirilməsi idi. Mustafa Kamal bu məqsədləri dəstəkləyirdi, lakin təşkilatın gizli iyerarxiyası, kor-koranə partiya intizamı, siyasi macəraçılıq meylləri onu ciddi narahat edirdi. Onun mövqeyi belə idi ki, ordu partiyanın deyil, millətin ordusu olmalıdır. Bu fikir sonradan Atatürk ideologiyasının əsas sütunlarından birinə çevrildi. Mustafa Kamal: Gənc Türklərlə əməkdaşlıq etdi, lakin heç vaxt təşkilatın ideoloji tabeliyinə girmədi. Bu addımı onu həm fərqləndirdi, həm də gələcək liderliyinin əsasını qoydu. 1908-ci ildə III Ordu zabitlərinin təzyiqi ilə II Məşrutiyyət elan edildi. Saloniki bu prosesin təşkilati, hərbi və ideoloji mərkəzi idi. Mustafa Kamal açıq liderlik etməsə də, prosesin planlaşdırılmasında, zabitlərin istiqamətləndirilməsində fəal rol oynadı. Onun əsas narahatlığı inqilabın xaosa çevrilməməsi idi. Mustafa Kamal dərk edirdi ki, siyasi azadlıq avtomatik olaraq dövlət gücü yaratmır və köhnə idarəetmə zehniyyəti dəyişmədən islahat aparmaq mümkün deyil. Bu müşahidələr onda belə qənaətə yaratdı: “İnqilab təkcə rejimi deyil, zehniyyəti də dəyişməlidir.”
Saloniki dövründə Mustafa Kamalın düşüncəsində formalaşan əsas prinsiplər bunlar oldu:
1. Milli suverenlik – hakimiyyətin mənbəyi xalqdır.
2. Laiklik – dövlət dini iradəyə tabe olmamalıdır.
3. Ordu–siyasət balansı – ordu siyasəti yönəltməməli, qoruyucu rol oynamalıdır.
4. İnqilabçılıq – yarımçıq islahatlar fəlakət gətirir.
Bu ideyalar sonradan Milli Mübarizənin, Türkiyə Cümhuriyyətinin, Atatürk islahatlarının ideoloji təməli oldu. Saloniki dövrünün nəticəsi olaraq demək olar ki, bu dövr Mustafa Kamalın həyatında kritik dönüş nöqtəsidir. Bu dövr peşəkar zabitdən siyasi strateqə, təşkilat üzvündən müstəqil liderə, Osmanlı zabitindən milli dövlət qurucusuna keçidin başlanğıcıdır. Saloniki Atatürk üçün məktəb, sınaq meydanı, ideoloji laboratoriya rolunu oynadı. Mustafa Kamalın həyatındakı Saloniki dövrü başa düşülmədən Çanaqqala Savaşı, Milli Mübarizə və Cümhuriyyətin qurulması tam izah edilə bilməz. Saloniki o dövrdə Osmanlı imperiyasının ən dinamik siyasi şəhəri, Gənc Türk Hərəkatının mərkəzi və III Ordunun qərargah bazası idi. Bu mühit Mustafa Kamalın düşüncə dünyasını köklü şəkildə dəyişdirdi. 1909-cu ilin mart ayının 31-də İstanbulda irticaçı qüvvələr Məşrutiyyəti ləğv etməyə cəhd etdi. Mustafa Kamal Salonikidən Hərəkat Ordusu ilə qiyamı yatırmaq üçün İstanbula göndərildi. Bu dövrdə onun aşağıdakı üç bacarığı açıq şəkildə nümayiş olundu:
1. Strateji planlama: Ordunu qısa müddətdə İstanbul istiqamətinə yönəltmək və əməliyyat planı hazırlamaq.
2. Hərbi əməliyyatlarda təşkilatçılıq: Hərbi qüvvələrin koordinasiyası.
3. Siyasi soyuqqanlılıq: Qiyamın yatırılması prosesində diplomatik və siyasi balansı qorumaq.
Bu təcrübə eyni zamanda Mustafa Kamala göstərdi ki, ordu yalnız döyüş meydanında deyil, həm də siyasi stabilliyin qorunmasında əsas rol oynayır...
Mustafa Kamal və Albaniya üsyanları
XX əsrin əvvəllərində gerçəkləşən Albaniya üsyanları Osmanlı imperiyasının Balkanlarda sürətlə zəiflədiyi, millətçilik ideyalarının gücləndiyi və mərkəzləşdirmə siyasətlərinin sərtləşdiyi bir tarixi mərhələdə baş verdi. Bu üsyanların səbəbləri siyasi, milli, inzibati, sosial-iqtisadi və beynəlxalq amillərin vəhdəti kimi dəyərləndirilə bilər. 1908-ci il II Məşrutiyyətin elanından sonra hakimiyyətə gələn İttihad və Tərəqqi Cəmiyyəti imperiyanı xilas etmək məqsədilə sərt mərkəzləşdirmə xətti yürütməyə başladı. Nəticədə Albaniyada əsrlərdir mövcud olan bəylərin və qəbilə başçılarının (bayraqdarların) səlahiyyətləri məhdudlaşdırıldı, yerli özünüidarə formaları ləğv edildi, idarəetmə üçün məmurlar bölgəyə birbaşa İstanbuldan göndərildi. Bu siyasət albaniyalı tayfa liderlərinin və yerli elitanın ciddi narazılığına səbəb oldu. Qeyd etmək lazımdır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində albaniyalılar arasında milli oyanış güclənmişdi. Alban dilinin məktəblərdə və rəsmi idarələrdə istifadəsi tələb edilirdi. Milli mətbuat və maarifçilik hərəkatı genişlənirdi. Latın əlifbasının qəbul edilməsi milli simvol kimi görülürdü. Osmanlı hakimiyyətinin əlifba, dil və təhsil məsələlərində məhdudiyyətləri bu milli hərəkatı üsyan mərhələsinə keçirdi. İttihad və Tərəqqi hökuməti Albaniyada məcburi hərbi xidməti tətbiq etdi. Ənənəvi olaraq vergi və hərbi xidmətdən qismən azad olan dağlıq bölgələri vergi sisteminə daxil edildi. Vergiləri artırıldı və zorla yığılmağa başlandı. Bu tədbirlər xüsusilə kəndli və tayfa cəmiyyətində silahlı müqaviməti gücləndirdi. Albaniyada müsəlman, katolik və pravoslav icmaların birgə yaşaması Osmanlı üçün həmişə həssas məsələ olmuşdu. Osmanlı dövlətinin islam mərkəzli siyasəti qeyri-müsəlman albaniyalılarda narazılıq yaratdı. Müsəlman albaniyalılar isə türkləşdirmə və mərkəzləşdirmə siyasətindən narahat idi. Beləliklə, dini fərqliliklərə baxmayaraq, ümumi milli müqavimət formalaşdı. Digər tərəfdən Albaniya Balkan dövlətlərinin xüsusi maraq dairəsində idi. Serbiya, Monteneqro və Yunanıstan Albaniya torpaqlarına iddialı idi. Onlar Albaniyanı öz təsir dairələrinə almaqla Osmanlını zəiflətmək istəyirdilər.
Albaniya üsyanları zamanı Mustafa Kamalın Osmanlı ordusunda orta rütbəli, lakin intellektual baxımdan fərqlənən bir zabit kimi yetişdiyi dövrə təsadüf edirdi. Bu mərhələdə o, artıq Osmanlı imperiyasının çoxmillətli strukturunun dağılmaq üzrə olduğunu, mərkəzləşdirmə siyasətinin millətçilik dalğası qarşısında işləmədiyini, zorakı inzibati tədbirlərin əks nəticə verdiyini aydın şəkildə müşahidə edirdi. Albaniya üsyanları Mustafa Kamal üçün Balkanlarda baş verən hadisələrin yalnız təhlükəsizlik problemi deyil, struktur böhranı olduğunu göstərən real nümunə idi. Mustafa Kamal İttihad və Tərəqqi rəhbərliyinin Albaniyada tətbiq etdiyi sərt siyasətləri dolayı yolla tənqid edirdi. Onun sonrakı çıxış və yazılarında formalaşan əsas fikir belə idi: “Bir milləti zorla idarə etmək olar, lakin onu zorla özünə bağlamaq olmaz.”
Albaniya üsyanları sübut etdi ki, yerli xüsusiyyətləri nəzərə almayan idarəçilik, dil və mədəniyyətin sıxışdırılması, hərbi gücə arxalanan siyasi xətt imperiyanın parçalanmasını sürətləndirir. Bu qənaət Mustafa Kamalın gələcəkdə Türkiyə Cümhuriyyətində milli suverenliyə əsaslanan dövlət modeli qurmasında mühüm rol oynadı. Albaniyalılar din baxımından bölünmüş olsalar da (müsəlman–xristian), ortaq milli kimlik ətrafında birləşə bildilər. Bu fakt Mustafa Kamal üçün çox önəmli idi. Albaniya nümunəsi göstərdi ki, Din milli kimliyin yeganə dayağı ola bilməz. Dil, tarix və mədəniyyət milli birliyin əsas sütunlarıdır və Millət anlayışı dini ümmət anlayışından üstün tutulmalıdır. Bu düşüncə sonradan Atatürkün “Türk milləti” anlayışını dini deyil, tarixi və mədəni əsaslarla izah etməsinə birbaşa təsir göstərdi. Albaniya üsyanları zamanı xarici dövlətlərin (xüsusilə Avstriya-Macarıstan və İtaliya) rolu Atatürkə Balkan siyasətinin mahiyyətini açıq göstərdi. Üsyanlar daxili səbəblərlə başlasa da, xarici müdaxilə ilə geosiyasi alətə çevrilirdi. Bu müşahidə Mustafa Kamalın sonrakı siyasi xəttində xarici güclərə həddindən artıq etibar etməmək, realist və balanslı diplomatiya yürütmək, milli maraqları ideoloji romantizmdən üstün tutmaq kimi prinsiplərin formalaşmasına səbəb oldu.
Albaniya üsyanları eyni zamanda Mustafa Kamal üçün Osmanlıçılıq ideyasının praktik olaraq iflas etdiyini göstərən hadisələrdən biri idi. Üsyanlardan çıxan əsas nəticə bunlardan ibarət idi: Osmanlı imperiyası artıq “bütün xalqların dövləti” ola bilməzdi; xilas yolu milli dövlət modeli idi; ərazi, xalq və hakimiyyət anlayışları yenidən müəyyən edilməli idi. Bu baxımdan Albaniya üsyanları Mustafa Kamalın düşüncəsində: “İmperiyanı xilas etmək” ideyasından “Milləti xilas etmək” ideyasına keçidin mühüm mərhələlərindən biri olmuşdur. Mustafa Kamal Albaniya üsyanlarına sadəcə bir təhlükəsizlik problemi kimi deyil, imperiya quruluşunun tarixi tükənməsinin əlaməti kimi baxırdı. Albaniya üsyanları ona öyrətdi ki: 1. zorakı mərkəzləşdirmə millətçilik qarşısında acizdir; 2. milli kimlik dini birlikdən daha güclü mobilizasiya yaradır; 3. xarici dövlətlər daxili etirazları geosiyasi alətə çevirir; 4. gələcəyin dövləti milli əsaslar üzərində qurulmalıdır. Bu dərslər Mustafa Kamal üçün sonradan Türkiyə Cümhuriyyətinin ideoloji və siyasi təməlini təşkil edən əsas düşüncələrə çevrildi...

Mustafa Kamal Trablusqarp müharibəsində
XX əsrin əvvəllərində Osmanlı dövləti, daxili zəifliklər və xarici təzyiqlər səbəbindən beynəlxalq siyasətdə ciddi çətinliklərlə üzləşdi. XIX əsrin sonu XX əsrin əvvəllərində qüdrətli Avropa dövlətləri Afrika qitəsini bölüşdürürdü. Müstəmləkə yarışında digər Avropa ölkələrindən geridə qalan İtaliya, Şimali Afrikadakı son Osmanlı ərazisi olan Trablusqarpı-Tripolini hədəf seçdi. Trablusqarp müharibəsinin başlıca səbəbləri çoxşaxəlidir. Birincisi, İtaliyanın imperialist siyasəti idi. Qeyd etdik ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Avropa dövlətləri Afrika qitəsini bölüşdürürdü və İtaliya, milli birliyini gec tamamlaması səbəbindən koloniyalar sahəsində geri qalmaq qorxusu yaşayırdı. Bu boşluğu doldurmaq üçün Trablusqarp onun üçün əlverişli hədəf oldu. (İtaliya Trablisqarp iddialarının digər böyük dövlətlər tərəfindən qəbul edilməsini təmin etmək üçün hələ XIX əsrin ikinci yarısında əvvəlcə Fransa, daha sonra isə digər böyük dövlətlərlə müqavilələr imzalayaraq diplomatik kampaniya başlatmışdı. Xüsusilə, 1909-cu ildə Rusiya ilə imzalanan müqavilədən sonra İtaliya Trablusqarpı ilhaq etmək üçün fürsətlər axtarmağa başladı. İtaliya diplomatik addımlarla bərabər iddialarını qanuniləşdirmək üçün Trablusqarpda banklar və müxtəlif xeyriyyə müəssisələri açırdı. Bununla da İtaliyanın Trablusqarpa olan marağı kommersiya, mədəni və diplomatik elementlərə əsaslanırdı.) İkincisi, Osmanlı dövlətinin zəifliyi müharibənin baş verməsində mühüm rol oynadı. Daxili siyasi böhranlar, iqtisadi çətinliklər və Balkanlarda baş verən gərginliklər Osmanlı ordusunu zəiflətdi. Üçüncüsü, Trablusqarpın strateji və iqtisadi əhəmiyyəti İtaliyanı bu ərazini işğal etməyə sövq etdi. Aralıq dənizinə çıxış və Şimali Afrikada mövqelərin möhkəmləndirilməsi onun əsas motivlərindən idi...
Osmanlı dövləti həm siyasi, həm də hərbi cəhətdən İtaliya ilə müharibəyə hazır deyildi. Və məhz buna görə də İtaliya ilə müharibədə uğur qazanmaq qeyri-mümkün görünürdü. Bütün bu uğursuzluqlara baxmayaraq, imperializmə qarşı mübarizə aparmaq istəyən və hökumətə əhəmiyyətli təsir göstərən Gənc Türklər İtaliya hücumuna qarşı nə edilə biləcəyini müzakirə etdilər. Vətənlərinin döyüşsüz itirilməsini qəbul etmək istəməyənlər, yerli əhalini İtaliya hücumuna qarşı təşkil etmək və müqavimət mübarizəsi başlatmaq üçün Trablusqarpa könüllü olaraq getməyə qərar verdi. Mustafa Kamal da daxil olmaqla bir sıra Osmanlı zabiti müxtəlif yollarla Trablusqarpa getdi. Mustafa Kamal Trablusqarp müharibəsindən əvvəl İstanbulda Baş Qərargahın Birinci Şöbəsinə təyin olunsa da, bu vəzifəni icra etməyə macalı olmadı. Müharibənin elan edildiyi 29 sentyabr 1911-ci ildə Trablusqarp Diviziyasının Baş Qərargahına təyinat aldı. Bölgə ilə tanışlığı və qabiliyyəti onun bu vəzifəyə təyin olunmasına səbəboldu. 15 oktyabrda Mustafa Kamal dostları ilə birlikdə İstanbuldan Misir vasitəsilə Tripoliyə yola düşdü. Mustafa Kamal gənc zabit kimi bu müharibəyə qatıldı və burada öz liderlik qabiliyyətini nümayiş etdirdi. Mustafa Kamal burada yerli ərəb tayfalarını təşkilatlandırdı, Senusi təriqəti ilə əməkdaşlıq etdi və xalq müqavimətini hərbi nizama saldı. Xüsusilə, Tobruk və Dərnə döyüşlərində göstərdiyi cəsarət və strateji bacarıqlar onun gələcək hərbi liderliyinin ilk nümunəsi oldu. Bu döyüşlərdə Mustafa Kamal az sayda qüvvə ilə düşmənin irəliləyişini dayandırmağı bacardı ki, bu da onun qeyri-müntəzəm müharibə üsullarını öyrənməsi üçün böyük təcrübə oldu. Mustafa Kamalın Trablusqarpda məhdud sayda qoşun və resurslarla nizami İtaliya qüvvələrinə qarşı uğuru, Müstəqillik Müharibəsi dövründə nümunələr görəcəyimiz taktiki dahiliyinin və şəraitə uyğun döyüşmək bacarığının ilk nümayişi idi. Trablusqarpda döyüş zamanı Mustafa Kamal sol gözündən yaralandı. Gözündə qanaxma olduğuna görə bir müddət Qırmızı Aypara Xəstəxanasında qalmalı oldu və bir ay müalicə olunmasına baxmayaraq, tam sağalmadan xəstəxanadan çıxdı...
Müharibə 1912-ci ildə Uşi (Ouchy) müqaviləsi ilə bitdi və Osmanlı Trablusqarpı İtaliyaya verməyə məcbur oldu. Ümumiyyətlə, Trablusqarp müharibəsi Osmanlı dövlətinin zəifliyini və Avropa imperializminin gücünü nümayiş etdirdi. Bu ərazi itkisi Osmanlıya böyük bir strateji zərbə olsa da, Mustafa Kamal üçün qiymətli bir təcrübə məktəbi oldu. O, bu “məktəbdə” milli müqavimət ideyasını, anti-imperialist düşüncəni və xalq əsaslı mübarizə metodlarını öyrəndi. Bu təcrübə sonradan Çanaqqala və Türk Qurtuluş müharibələrində onun strateji düşüncə və liderlik bacarıqlarını formalaşdırdı. Eyni zamanda, bu müharibə Mustafa Kamal üçün bir məktəb rolunu oynadı və ona gələcəkdə Türkiyə Cümhuriyyətinin qurucusu kimi formalaşmaqda əhəmiyyətli təcrübələr qazandırdı. Müharibə göstərdi ki, liderlik yalnız güc və əsgəri bacarıqlarla deyil, həm də strateji düşüncə, təşkilatçılıq və xalqla ünsiyyət bacarığı ilə ölçülür...

Mustafa Kamal Balkan müharibələrində
Balkan Müharibələri (1912–1913) Osmanlı dövlətinin siyasi, hərbi və demoqrafik baxımdan ən ağır sarsıntılar yaşadığı dövrlərdən biri olmuşdur. Bu müharibələr yalnız ərazi itkiləri ilə deyil, eyni zamanda Osmanlı ordusunun struktur problemlərini, idarəetmə böhranını və imperiya ideologiyasının tükənməsini açıq şəkildə üzə çıxardı. Mustafa Kamal Balkan Müharibələrində birbaşa və dolayı şəkildə iştirak etdi. Və Balkan müharibələrində qazanılan təcrübə onun sonrakı hərbi liderliyinin və milli dövlət konsepsiyasının formalaşmasında mühüm rol oynadı.
Birinci Balkan Müharibəsi başladıqda (1912) Mustafa Kamal Trablusqarp müharibəsindən yeni qayıtmış və səhhətində ciddi problemlər yaranmışdı. Bu səbəbdən o, Balkan cəbhəsində fəal döyüşlərdə iştirak edə bilmədi. Lakin o, bu mərhələdə Osmanlı ordusunun uğursuzluqlarını yaxından izləyərək, məğlubiyyətlərin səbəbləri üzərində analitik nəticələr çıxardı. Onun sonrakı xatirələrində və yazılarında ordunun siyasiləşməsi, komandanlıq zəncirinin pozulması və strateji planlaşdırmanın zəifliyi Balkan fəlakətinin əsas səbəbləri kimi göstərilirdi. Bu baxımdan Birinci Balkan Müharibəsi Mustafa Kamal üçün praktiki döyüş təcrübəsindən çox, strateji və institusional müşahidə mərhələsi oldu.
Birinci Balkan Müharibəsindən sonra Balkan ittifaqı daxilində torpaq bölgüsü ilə bağlı ciddi ziddiyyətlər yarandı. Xüsusilə, Bolqarıstanın Serbiya və Yunanıstanla münasibətlərinin kəskinləşməsi regionda yeni müharibəyə səbəb oldu. Bu vəziyyət Osmanlı dövləti üçün strateji fürsətə çevrildi. Osmanlı dövləti üçün əsas məqsəd Şərqi Trakiyanın, xüsusilə Ədirnənin geri alınması idi. Lakin ordunun zəifliyi, siyasi qeyri-sabitlik və komandanlıq daxilində fikir ayrılıqları bu məqsədin reallaşmasını risq altına salırdı. Mustafa Kamal İkinci Balkan Müharibəsində (1913) çox fəal iştirak etdi. Bu mərhələdə o, Bolayır korpusunda qərərgah rəisi vəzifəsində xidmət edirdi. Onun fəaliyyəti əməliyyatların planlaşdırılması, birliklərin koordinasiyası və Trakya istiqamətində hücum strategiyasının hazırlanması ilə bağlı idi. İkinci Balkan Müharibəsi imperiya üçün qismən də olsa toparlanma imkanı yaratdı. Müharibədə Mustafa Kamalın göstərdiyi şücaət, klassik mənada fiziki qəhrəmanlıqdan çox, strateji cəsarət, məsuliyyət alma və uzaqgörən qərarvermə bacarığı ilə səciyyələnir. Bu müharibə zamanı Osmanlı dövləti üçün böyük simvolik əhəmiyyət daşıyan hadisə Ədirnənin bolqarlardan geri alınması olmuşdur. Mustafa Kamal bu əməliyyatda birbaşa döyüş komandanı kimi çıxış etməsə də, qərargah səviyyəsində planlaşdırma və strateji uyğunlaşmanın təmin olunmasında mühüm rol oynadı O, hadisələri yalnız lokal deyil, regional miqyasda qiymətləndirərək bolqar ordusunun daxili zəifliklərini düzgün analiz etdi və tərəddüd içində olan komandanlığa hərbi qüvvələrin Şərqi Trakiyaya sürətli hücum etməsinin təklif etdi. Bu təklif mövcud risqlərə baxmayaraq, ordunun mənəvi vəziyyətinin aşağı olduğu bir şəraitdə, siyasi məsuliyyət daşıyan son dərəcə cəsarətli qərar idi. Mustafa Kamal yalnız plan təklif etməklə kifayətlənməyərək onun icrasında ön xəttdə fəal iştirak etdi. O, əsgərlərin ruh yüksəlməsinə xüsusi önəm verirdi. Bu davranış onun şücaət anlayışının yalnız taktiki deyil, liderlik və mənəvi məsuliyyət çərçivəsində formalaşdığının sübutudur. Ədirnənin geri alınması isə Osmanlı ordusunun Balkanlarda tam çökmədiyini göstərən nadir uğurlardan biri oldu. Tarixi ədəbiyyatda bu uğur əsasən Ənver Paşanın adı ilə bağlansa da, müasir tədqiqatlar göstərir ki, əməliyyatın vaxtında başlanması ideyası, bolqar ordusunun zəif tərəflərinin düzgün qiymətləndirilməsi qərargah rəisi kimi məhz Mustafa Kamalın hərbi təhlilləri ilə sıx bağlı idi. Bu fakt onun həm də İkinci Balkan Müharibəsindəki rolunun rəsmi tarixdə tam əks olunmadığını, lakin strateji əhəmiyyətinin yüksək olduğunu təsdiqləyir.
Balkan Müharibələri Mustafa Kamal Atatürkün hərbi və siyasi baxışlarında dərin izlər buraxdı. Məhz Balkan müharibələri nəticəsində o, ordunun siyasi təsirlərdən tam azad edilməsi zərurəti, peşəkar, elmi hərbi idarəetmənin önəmi və imperiya anlayışının yerinə milli dövlət ideyasının keçirilməsinin tarixi qaçılmazlığı qənaətlərə gəldi. Yuxarıdada qeyd etdik. Ki, Balkanlarda türk və müsəlman əhaliyə qarşı törədilən zorakılıqlar Mustafa Kamalın milli şüurunun güclənməsinə və sonradan Türk İstiqlal Müharibəsində nümayiş etdirdiyi qətiyyətli liderliyin formalaşmasına birbaşa təsir göstərdi. Son olaraq deyə bilərik ki, Mustafa Kamalın Balkan Müharibələrində iştirakı formal baxımdan məhdud görünsə də, məzmun baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə, İkinci Balkan Müharibəsindəki qərargah fəaliyyəti və bu müharibələrdən çıxardığı dərslər onun həm hərbi strateq, həm də milli dövlət qurucusu kimi yetişməsində mühüm rol oynadı. Balkan Müharibələri Mustafa Kamal üçün Osmanlı imperiyasının süqutunun real göstəricisi və yeni bir türk milli kimliyinin zəruriliyinin tarixi dərsi oldu...