Mən "qaşın düzəlt" demişdim, "Milliön" vurub gözün çıxardı


"Milliön" universal ödəniş terminalları yalnız ticarət mərkəzlərində və marketlərdə quraşdırılacaq

 

"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli  Facebook.com hesabindaki postunda yazır ki, gördüyünüz bu yer “Azərbaycan Nəşriyyatı" MMC-nin yanındakı avtobus dayanacağıdır. Bu zonada yalınız ödəmə aparatı bu dayanacaqda var idi. Bir həftə əvvəl aparatın qəpik atılan yerinin bağlanmasını tənqid edən post paylaşmışdım.

Cavabdeh qurumlarsa problemi həll etmək əvəzinə, ayın 19 günü gəlib aparatı ("Milliön" ödəniş terminalının -red.) kökündən qoparıb aparıblar. İlk görəndə bunun oğruların işi olduğunu düşündüm, amma M.Şərifzadə küçəsi boyu eyni “soyqırımı” görəndə bildim ki, “oğru” elə bu xidməti göstərənlərdir. Bununla belə düşündüm ki, yəqin aparatların yeni, daha müasirləri quraşdırılacaq. Amma üstündən 4 gün keçsə də aparatdan səs-soraq yoxdur. Bura isə məlum olduğu kimi, insanların ictimai nəqliyyatdan ən çox istifadə etdiyi ünvandır. İndi kartında balans olmayan yüzlərlə vətəndaş utana-utana bir-birindən yardım istəmək zorundadır.
Bir daha üzümü gönüqalın, harınlamış məsul şəxslərə tutub deyirəm: Ay yabı mən dedim ki, "qaşın düzəlt" (qəpik yerin aç), demədim ki, VUR GÖZÜNÜ DƏ ÇIXARAT!
Bilirik əlinizin üstə əl yoxdur, vicdandan kasadsınız, heç olmasa Allahdan qorxub, onsuz da zülmlə yaşayan bu milləti əlavə qayğılarla yükləməyin!
Məsələn mən sizin kimi şərəfsizlərin günahı üzündən gediş kartına pul yükləmək üçün məcburam gərək metrostansiyaya gedəm.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayevlə əlaqə saxladıq. BNA sözçüsü bildirdi ki, dayanacaqlardaki "Milliön" unversan ödəniş terminallarına onlar cavabdeh deyil: "Amma son günlər bütün dayanacaqlarda "Milliön" universal ödəniş terminallarının yığışdırıldığını biz də müşahidə etmişik. Səbəbini dəqiq bilmirəm".

Daha sonra problem ilə bağlı "Milliön" Müştəri Xidmətinə müraciət ünvanladıq. Xidmət sözçüsü bildirdi ki, dayanacaqlarda quraşdırılmış "Milliön" unversal ödəniş terminalları müştərilər tərəfindən yararsız hala salındığına görə yığışdırılıb və bir daha yeniləri qurasdırılmayacaq: "Bundan sonra "Milliön" universal ödəniş terminalları yalnız ticarət mərkəzlərində və marketlərdə quraşdırılacaq. Terminalların dayanacaqlarda quraşdırılması layihəsi özünü doğrultmuş hesab edilməyib. Nəzarətsiz terminallarla müştərilər kobud davranır, onları sındırır, ona görə bundan sonra onlar yalnış yuxarıda qeyd edilən məkanlarda quraşdırılacaq".

Dəniz