"Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq, gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir. Bizə ünvanlanan sualların bir qismi isə özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır".
Lim10.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb:
"Minimum əməkhaqqındakı artım, mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Deməli, gözlənilən artımlar, həmçinin, özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa, onun maaşı ən azı o qədər artmalıdır".
Deputat bildirib ki, bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır:
"Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əməkhaqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqqıları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artımdan sonra, inflyasiya səviyyəsini də nəzərə alaraq, özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyəolunandır".