"Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir. Artıq bir müddətdir Azərbaycan hökuməti bu tədbirə yüksək səviyyədə hazırlaşır".
Bunu Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002-ci illər) Zlatko Laqumdzija "Report"a açıqlamasında deyib.
Diplomat vurğulayıb ki, COP29-un əsas məsələlərindən biri iqlim dəyişikliyinin maliyyəsidir və bu mövzuda Azərbaycandan çox böyük gözləntilər var:
"Ötən müddət ərzində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin rəhbərliyi altında uğurlu danışıqların və görüşlərin keçirilməsi diqqətəlayiqdir. Əminik ki, Azərbaycanın Sədrliyində keçirilən COP-da iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq".
Z.Laqumdzija qeyd edib ki, COP29-un mövzusu çox genişdir:
"Səhiyyə, təhsil, innovasiya, elm, texnologiya, iqlim dəyişikliyinə qadınların cəlb olunması, gender məsələləri və digər mövzular müzakirə edilir. Bu sahələrdə aparılan paralel danışıqlar COP29-da vahid bir platformada birləşəcək. Hər bir təşəbbüsün uğurlu nəticələrini analiz etmək vacibdir. COP29-u digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri daha çox maraqlı tərəflərin iştirak etməsidir. Müxtəlif qeyri-hökumət təşkilatları, biznes ictimaiyyəti və digər bir sıra qurumlar bu tədbirdə təmsil olunacaq. Artıq yüzdən çox ölkə lideri və dövlət nümayəndələrinin COP29-a qatılacağı məlumdur. Hər kəs anlayır ki, əgər iqlim dəyişikliyinə qarşı təcili addımlar atılmasa, nəticələri çox ağır olacaq və bütün sektorlar bu təsirin altına alacaq".