“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA…”
Səxavət Əlisoy
Kitabdan hissələr - 6
M. Qorbaçovun SSRİ-nin guya xilasına hesablanmış “Yenidənqurma və Aşkarlıq” “əməliyyatını” 4 mərhələyə ayırmaqla onun Sovet İttifaqına necə rəhbərlik etdiyinə qiymət vermək çox asandır.
1-ci mərhələ - 1985-ci ilin martı-1987-ci ilin yanvarı. Bu mərhələ “sürətlənmə” və “daha çox sosializm” şüarları altında baş verdi. Nəticə? İqtisadiyyat gerilədi.
2-ci mərhələ - 1987-1988-ci illər
Nəticə? SSRİ-nin dağılma prosesinə start verildi.
3-cü mərhələ - 1989-1990-cı illər
Nəticə? Sosialist düşərgəsi dağıdıldə və SSRİ daxilində millətlərarası münaqişələr alovlandı.
4-cü mərhələ - 1990-1991-ci illər
Nəticə? Dünya sosialist sisteminin süqutu, Sovet İttifaqı Kommunist Partiyasının siyasi iflası və nəhayət, SSRİ-nin dağılması gerçəkləşdi.
Bu mərhələlərin hər birində Mixail Qorbaçovun başarızılığı göz önündədir. Onun SSRİ-ni xilas etmək üçün ortaya qoyduğu sosial-iqtisadi proqramların hamısı iflasa uğradı. Sovet ekspertlərinin yekdil rəyi belə idi. Ancaq ABŞ-ın analitikləri və siyasi institutları üçün M. Qorbaçovun islahatları “Trümen doktrinası”, “Marşall Planı” və “Harvard layihəsi” prizmasından olduqca “uğurlu fəaliyyət” hesab olunur, onun barəsində Qərb mətbuatında davamlı olaraq pozitiv informasiyalar tirajlanırdı. Sovet rəhbərlərinin “tərif” xəstəliyinə düçar olduğunu yaxşı bilən ABŞ iki dəfə( 1987 və 1989) Mixail Qorbaçovun “Time” jurnalında “İlin adamı” seçilməsini təşkil etdi.
Sovet İttifaqı Kommunist Partiyası siaysi hakimiyyət üzərindəki monopoliyasını itirdiyindən M. Qorbaçovun anormal addımlarının qarşısını almaqda aciz idi. Baş Katibin siyasi fəaliyyəti SSRİ-nin dağılmasına yönəlmişdi. Bunu sadə vətəndaşlar belə görürdü. Kommunist Partiyası isə susurdu. Nədən ki, “kadr inqilabı” ilə M. Qorbaçov 20 milyona yaxın üzvü olan bir partiyanı “oyundan kənarda” qoymuşdu. Həm, partiyanın Mərkəzi Komitəsində, həm də, Siyasi Büroda səs çoxluğu M. Qorbaçovun əlində idi. O, istədiyi qərarı partiyaya qəbul etdirmək gücündə idi. M. Qorbaçov demək olar ki, hər gün televiziya ekranlarında idi. O dayanmadan islahatlardan adanışır, sovet vətəndaşlarına bol-bol vədlər verirdi. Statistik rəqəmlər isə fəlakətdən xəbər verirdi.
Rəsmi məlumatlara görə, 1989-cu ildə SSRİ-də 41 milyon adamın gəliri ( 78 rubl) yaşayış minimumundan aşağı idi. 1987-ci ildə bu rəqəm 32,5 milyon nəfərdi. Dövlətin sosial barometri hesab olunan uşaq ölümünün səviyyəsinə görə SSRİ dünyada 50-ci , orta ömür uzunluğuna görə isə 32-ci yerdə dayanırdı.
Bu rəqəmlər M. Qorbaçovun sovet vətəndaşlarını “ağ günə” çıxardığının tam sübutu idi.
Onun Kommunist Partiyasının qurultayında, Plenumlarında, Ümumittifaq Partiya Konfransında, SSRİ Xalq Deputatlar Sovetinin iclaslarındakı çıxışları, o toplantıda qəbul edilmiş qərarların biri belə Sovet İttifaqının xilasında heç bir rol oynamadı. Çünki zəncirin ən zəif halqası M. Qorbaçovun özü idi. Ona görə ki, Baş Katib olaraq nəhəng bir dövlətin “açarını” şüurlu şəkildə ABŞ və onun müttəfiqlərinə təqdim etmişdi.
Qərbin hərbi ekspertləri Sovet İttifaqı ilə zor müstəvisində danışmağın mümkün olmadığını hər zaman vurğulayırdı. Məhz buna görə də soyuq savaş illərində kimsə SSRİ ilə “uca səslə” danışmağa risq etmirdi. Sosialist sisteminin kapitalist sisteminə qarşı dirənişi M. Qorbaçovun fəaliyyəti nəticəsində tam zəiflədi və yox oldu. O, bir zərgər dəqiqliyi ilə SSRİ-nin demontajına nail oldu. Əvvəl ABŞ-la bağladığı güzəştli müqavilələrlə SSRİ silahlı qüvvələrini zəiflətdi. Ordu o hala gəldi ki, 18 yaşlı alman gənci Matias Rust 1987-ci ilin may ayının 28-də (SSRİ Sərhəd qoşunları günündə) icarəyə götürdüyü kiçik təyyarəsini Hamburqdan havaya qaldırıb Reykyavik-Helsinki-Moskva marşrutu ilə hərəkət edərək Kremlin yaxınlığına endirdi.
M. Qorbaçov Kommunist Partiyasının məhvinin və SSRİ dövlətinin süqutunun əsas səbəbkarı olaraq tarixdə qalacaq. SSRİ-nin təşəkkül tapması, onun inkişafı və qüdrətli dövlətə çevrilməsi milyonlarla yox, on milyonlarla insanın qanı bahasına başa gəlmişdi. 74 il ərzində Sovet xalqının yaşadığı məşəqqətlər saymaqla bitməz. M.Qorbaçov SSRİ-nin nəhəng bir dövlətə çevrilməsi üçün ömrünü qurban vermiş milyonların ruhunu təhqir etdi.
Təbbi ki, SSRİ-nin dağılması qaçılmaz idi. 100-dən çox milləti zorla bir ittifaqda qalmağa məcbur etmək sonsuzadək davam edə bilməzdi. M. Qorbaçov sadəcə, prosesi sürətləndirdi və dağılmanın qanla müşaiyət olunmasına rəvac verdi. Bu dağılmanın təkamül yolu ilə gerçəkləşməsi daha ağrısız və qansız ola bilərdi. SSRİ-ni xilas etmək mümkün olmasa belə onun parçalanmasını ədalət prinsipi ilə həyata keçirmək, 15 müstəqil respublikalar arasında əməkdaşlığı davam etdirmək mümkün idi. (SSRİ-yə aid nə vardısa, 15 müttəfiq respublika arasında bölünməliydi. Kommunist Partiyasının əmlakı, daxili və xarici banklardakı hesabları, SSRİ-nin xarici ölkələrdəki aktivləri, SSRİ Qızıl Fondu, SSRİ Almaz fondu və sair. bu barədə geniş şəkildə ayrıcı bir fəsildə oxuyacaqsınız.)
M. Qorbaçov buna getmədi. O, SSRİ-dən əvvəl “plan üzrə” Varşava Müqaviləsini qüvvədən salıb, sosialist ölkələrinin cəm olduğu Qarşılıqlı İqtisadi Yardım Şurasını ( QİYŞ) ləğv etmiş, sosializm yolunda olan dövlətlərlə əlaqələri kəsmişdi. Faktiki olaraq, SSRİ-ni nəhəng kapitalist sistemi qarşısında tək buraxmışdı.
(O fikirdəyəm ki, ABŞ və müttəfiqləri 90-cı illərin əvvəllərində SSRİ-yə müharibə elan edib onun ərazisini tamamən işğal edə bilərdi. SSRİ-i daxilindəki iğtişaşlar, idarəolunmaz halda olan zəif sovet ordusu, ən başlıcası SSRİ vətəndaşlarının düçar olduğu ağır depressiya ABŞ və müttəfiqlərinə zəfər vəd edirdi. Sadəcə, ABŞ və müttəfiqləri SSRİ-nin əlində hələ də qalan nüvə silahlarına görə müharibəyə girmədi.)
Dağılma ərəfəsində və dağılmadan sonra müxtəlif respublikalarda baş verən faciələr birbaşa onun tarix qarşısında cinayətləri hesab olunur.
1984-cü ildə arvadı Raisa ilə London səfəri, bundan 8 il əvvəl 1976-cı ildə yenə arvadı Raisa ilə 20 günlük Paris səfəri, Londondan sonra ABŞ prezidenti R. Reyqanla görüşlər və bağlanan müqavilələr, Almaniya Federativ Respublikası ilə aparılan separat danışıqlar, Roma papaısını ziyarət nəhayət ki, öz bəhrəsini verdi. Sovet xalqının rifahının yaxşılaşması bir yana, 70 il “xalqlar dostluğu” ilə öyünən SSRİ “dostların düşmənə çevrilməsi” prosesi epidemiya kimi yayılmağa başladı. M. Qorbaçov ilk “qanlı əməliyyatı”na 1986-cı ildə Qazaxıstanda imza atdı.
11 dekabr 1986-cı ildə Kremldə Mərkəzi Komitənin Siyasi Bürosu toplanır. 18 dəqiqə sürən bu toplantıda Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Siyasi Büro üzvü Dinmühəmməd Kunayev vəzifəsindən azad edilir. Siyasi Büro üzvü olduğu halda D. Kunayev iclasa dəvət belə olunmur. 16 dekabrda Ulyanovsk Vilayət Partiya Komitəsinin birinci katibi Gennadi Kolbin Qazaxıstana rəhbər təyin olunur. Qazaxıstanla heç bir bağlılığı olmayan, qazax dilini bilməyən birinin rəhbər təyin olunmasına Alma-atada etiraz edirlər. Bu protesto Sovet İttifaqı tarixində Kreml qərarına qarşı gerçəkləşən ilk protesto idi. Etirazlarda millətçiliyə vurğu edilməsi də bir ilk idi. Kreml bu “ilki” əvf etmədi. Mixail Qorbaçovun göstərişi ilə Daxili işlər nazirliyi hərəkətə keçdi. Kod adı “Metel-Çovğun” olan əməliyyatda etirazçılara güc tətbiq olundu. 2 nəfər öldürüldü, 200 nəfər yaralandı və 1000-ə yaxın etirazçı həbs olundu. Etirazı başladan qazax gənclərə qarşı xüsusi qəddarlıqla rəftar edildi. Gənc oğlanların və qəzların üst paltarları soyundurularaq 24 saat 15 dərəcəlik şaxtada saxlanıldı.
SSRİ-nin dağılmasının miladı
Bəzi siyasi ekspertlər SSRİ-nin dağılmasının miladı kimi Qazaxıstan hadisələrini vurğulayır. Bu yanlışdır. Nədən ki, Alma-atada baş verənlər millətçilik zəminində idi və Kremlin təyinatına qazax xalqının etirazı idi. Əgər Siyasi Büro qərarında dəyişiklik edərək, D. Kunayevin yerinə G. Kolbini yox, bir qazax təyin etsəydi, qan tökülməyəcəkdi. M. Qorbaçov SSRİ-nin dağıtmaq əməliyyatına Dağlıq Qarabağdan başladı.
1987-ci ildə “kadr inqilabı” çərçivəsində o, Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən azad edib 1988-ci ildə pensiyaya göndərdi. Kremldə hər kəs Yuri Andropovun H. Əliyevlə yaxın münasibətdə olduğunu bilirdi. Heydər Əliyev Kremlə vəzifəyə gətiriləndə Siyasi Büro üzvləri onun Y. Andropovun sələfi olacağını düşünürdü. Y. Andropovun ağır xəstə olduğundan Siyasi Büro üzvləri, o cümlədən, H. Əliyev və M. Qorbaçov da xəbərdar idi. Məhz o vaxtdan M. Qorbaçov H. Əliyevi həzm edə bilmirdi. Siyasi Büro üzvləri isə İ. Stalindən sonra Cənubdan daha bir Baş Katibin seçilməsini qətiyyən yol verməzdi. A. Qromıko başda olmaqla Siyasi Büro üzvlərinin seçim olaraq M. Qorbaçovun üzərində dayanmasının əsas səbəbi məhz bu idi...
2016-cı ildə RTR kanalında Sergey Brilevin “Qorbaçov o vaxt və bu gün” filmi nümayiş olundu. SSRİ-nin keçmiş prezidenti ilə müsahibədə ilginc bir hissə var:
“— Bilirsinizmi ki, 1984-cü ilin sonunda Londona siz yox, Heydər Əliyev gedə bilərdi?
- Xeyr. Mən bunu bilmirdim.
— Britaniya hökumətinin yazışmaları indi məxfilikdən çıxarılıb. Və Siyasi Büronun gənc üzvü axtarırdılar ki, onunla əlaqə yarada bilsinlər. İki namizəd nəzərdən keçirilirdi: Heydər Əliyev və siz.
- Maraqlıdır. İngilislər bizi axtarırdılar.
Daha sonra Brilev sənədləri göstərir ki, Marqaret Tetçerə Londona dəvət olunmaq üçün SSRİ rəhbəri vəzifəsinə üç potensial namizəddən birini seçmək təklif olunub: A. Qromıko, H. Əliyev və M.Qorbaçov... SSRİ Nazirlər Sovetinin keçmiş sədri Nikolay Rıjkov bu vəziyyəti belə xatırlayır:NQorbaçov Tetçerlə görüşəndə hamı bunun bir baxış olduğunu bilirdi. Məhz bu görüşdən sonra MŞ Tetçer demişdi ki, o (M. Qorbaçov) bizim adamdır. Bunu deyə bilərəm ki, əgər H. Əliyev 1985-ci ildə birinci şəxs olsaydı, məncə, M. Qorbaçovun buraxdığı səhvləri etməzdi.”
M. Qorbaçovun erməni sevgisi
H. Əliyevdən sonra qısa zaman kəsimində M. Qorbaçov ətrafına erməniləri topladı. Kimlər idi onlar?
1. Abel Aqanbekyanı- İqtisadi məsələlər üzrə müşavir
2. Georgi Şahnazarov- beynəlxalq məsələlər üzrə köməkçi
3. Karen Brutents- MK-nın Yaxın Şərq nəzarət üzrə şöbə müdirinin müavini
4. Karen Qaragözyan- MK-nın İdeologiya şöbəsinin sektor müdiri
5. Stepan Sitaryan- Nazirlər Soveti sədrinin müavini...
Mərkəzi Komitəyə, Nazirlər Sovetinə, televiziyaya və mediaya çox sayda erməni gətirildi.
M. Qorbaçovun köməkçisi olmuş Anatoli Çernyayevin “Azadlıq” radiosuna verdiyi müsahibəsində SSRİ rəhbəri ilə K. Şahnazarovun münasibətindən bəhs edən çox diqqətçəkən bir parça var:
M. Qorbaçov bir çox məsələlərlə bağlı - təkcə beynəlxalq deyil, həm də ən həssas məsələlərlə bağlı - kadr məsələləri və sair Karen Şahnazarovdan məsləhət alırdı. Siyasi Büronun ən mühüm məsələlərin həll olunduğu iclaslarında belə K. Şahnazarov mütləq iştirak edirdi.
M. Qorbaçovun erməni sevgisi təkcə bu kadrlarla bitmirdi.
Dağlıq Qarabağda baş verənləri götür-qoy edərkən bu iki fakta diqqət yetirmək lazımdır: 1. 1985-ci ildə M. Qorbaçov hakimiyyətə gələndən dərhal sonra Daşnak Partiyasının 23-cü Ümumdünya konqresi çağırıldı. Və konqresin qəbul etdiyi qərarlardan biri də belə idi:
“Xalqımızın fiziki varlığını və öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün Dağlıq Qarabağ ermənilərinin özünümüdafiə yolu ilə getməkdən başqa yolu yoxdur”
1985-ci ildə SSRİ dağılmamışdı, daşnaklar isə özünümüdafiə və öz müqəddəratını təyinetmə hüququndan danışırdı. Kimə güvənirdi, daşnaklar? Təbii ki, Mixail Qorbaçova!
2. Məşhur beynəlxalq terrorçu və qatil Monte Melkonyan M. Qorbaçovun hakimiyyətə gəlişi zamanı Fransa həbsxanasında idi. ASALA terror təşkilatının keçmiş üzvü, ASALA-RM ( RM-inqilab hərəkəatı) qruplaşmasının lideri 1991-ci ildə azad edilməli idi.
Amma gözlənilmədən 1989-cu ildə Dağlıq Qarabağ ətrafında vəziyyət gərginləşən kimi Melkonyan azadlığa buraxıldı. O, dərhal Qarabağa yollanır, ən bədnam quldurlardan birinə çevrilir. Bu faktlar nə deyir? Beynəlxalq terroristi Fransa dövləti hansı səbəbə görə əvf edir? İlginc olan odur ki, qatil M. Melkonyan Paris tərəfindən əvf olmamışdan öncə N. Qorbaçov Fransada rəsmi səfərdə olub.
Bu faktlar M. Qorbaçovun dönəmində DTK-nın erməni terror qruplaşması ilə əməkdaşlığındn xəbər verirdi...
İlk dəfə 1987-ci ildə M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə bir qəbirstanlıqda çıxış edərkən, Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə hüququndan danışdı. Təbii ki, onun bu çıxışından SSRİ-nin başında dayanan M. Qorbaçovun xəbəri vardı. Daha dürüstü, Dağlıq Qarabağ hadisələrinin ssenari müəllifi Mixail Qorbaçov idi. ( Dağlıq Qarabağ hadisələri və 20 Yanvar faciəsi ilə bağlı ayrıca bir fəsil olacaq.)
M. Qorbaçovun “qanlı əməliyyatları”
Məhz Dağlıq Qarabağ hadisələrindən sonra SSRİ-nin müxtəlif guşələrində Mixail Qorbaçovun “qanlı əməliyyatları” geniş vüsət aldı. Bakıda, Tbilisidə və Vilnüsdə onun əmri ilə Sovet ordusu sovet vətəndaşlarına atəş açdı. Eyni zamanda SSRİ-nin müxtəlif məkanlarında ard-arda millətlərarası münaqişələr başladı.
Gürcüstanda Cənubi Osetiya və Abxaziya münaqişələri, Tacikistanda 4 il davam edəcək vətəndaş müharibəsi, Osetiya-İnquş silahlı qarşıdurması, Özbəkistanda özbək-məhsəti türkü münaqişəsi... Bu münaqişələrdə minlərlə sovet vətəndaşının qanı töküldü. Ən ilginci o oldu ki, bütün münaqişələrin, qarşıdurmaların həlli üçün M. Qorbaçov müzakirələrə zaman ayırmadı. O, sovet vətəndaşlarını silahla susdurmaq yolunu seçmişdi.
SSRİ-nin demontajı və ya SON
1922-ci ildə yaradılmış Sovet Sosialist Respublikaları İttifaqı Kommunist Partiyasının əsas missiyası gələcəkdə dünya sosializm inqilabının önündə getmək idi. Kommunis Partiya fövqəladə səlahiyyətlərə malik bir təşkilat olaraq, dövlətə nəzarəti, mühüm qərarların qəbulunu özündə saxlayırdı. Sovet dövlət sisteminin birliyini Sovet İttifaqı Kommunist Partiyası təmin edirdi. O, ciddi iyerarxik prinsip əsasında qurulmuşdu və İttifaqın bütün dövlət orqanlarını təkrarlayırdı. 1977-ci il SSRİ Konstitusiyasının 6-cı maddəsində Kommunist Partiyasına “sovet cəmiyyətinin aparıcı və istiqamətləndirici qüvvəsi, onun siyasi sisteminin, dövlət və ictimai təşkilatların özəyi” statusu verilmişdir.
Hüquqi nöqteyi-nəzərdən SSRİ konfederasiya elementləri olan asimmetrik federasiya idi (onun subyektləri müxtəlif statuslara malik idi). Eyni zamanda, ittifaq respublikaları qeyri-bərabər mövqedə idi. Xüsusilə, RSFSR. Onun Kommunist Partiyası və ya Elmlər Akademiyası yox idi. Bu assimmetriya əslində nə vaxtsa, Sovet İttifaqının dağılmasına bir işarə idi. Dağılmanın gerçəkləşdiyi gün SSRİ-nin Moskvadak strukturları avtomatik olaraq Rusiyanın tabeçiliyinə keçəcəkdi.
1980-ci illərdə SSRİ-də dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar olaraq, iqtisadi böhran dərinləşdi. Kommunist Partiyası “sovet cəmiyyətinin aparıcı və istiqamətləndirici qüvvəsi” ola bilmədi. Bundan sonra əhalinin əhəmiyyətli hissəsi rəsmən elan edilmiş kommunist ideologiyasının doqmalarına inamını itirdi. Sovet İttifaqının Qərb ölkələrindən iqtisadi və texnoloji cəhətdən geri qalması aydın görünürdü. 1985-1991-ci yenidənqurma illərində siyasi sistemdə islahatlara cəhd bütün mövcud ziddiyyətlərin kəskinləşməsinə səbəb oldu. 1988-1990-cı illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun təşəbbüsü ilə partiyanın rolu xeyli zəiflədi. 1988-ci ildə partiya aparatının ixtisarına başlanıldı, seçki sistemində islahat aparıldı. 1990-cı ildə Sovet İttifaqının Nizamnaməsi dəyişdirildi və 6-cı maddə ləğv edildi, nəticədə Kommunist Partiyası dövlətdən tamamilə ayrıldı. Kommunist partiyası strukturlarının zəifləməsi müttəfiq respublikalarda separatizmin kəskin artmasına və etnik münaqişələrin kəskinləşməsinə gətirib çıxardı. Millətlərarası toqquşmalar nəticəsində 1 milyona yaxın SSRİ vətəndaşı qaçqın və ya məcburi köçkünə çevrildi.
1988-ci ildən başlayaraq SSRİ-də müttəfiq respublikaların müstəqillik uğrunda hərəkatı başlandı. Bu hərəkat zamanı onların hakimiyyət orqanları respublika qanunlarının ittifaq qanunlarından üstünlüyünü elan etdilər. Bu proses “suverenliklərin paradı” adlanırdı. 1988-ci il noyabrın 16-da Estoniya SSR Ali Soveti Estoniyanın dövlət suverenliyi haqqında bəyannamə qəbul etdi və respublika konstitusiyasında Estoniya ərazisində ittifaq qanunlarının fəaliyyətini dayandırmağa imkan verən dəyişikliklər etdi.
26 may və 28 iyul 1989-cu ildə analoji aktlar Litva və Latviya tərəfindən qəbul edildi. 1990-cı il martın 11-də və 30-da Litvada və Estoniyada, həmin il mayın 4-də isə Latviyada müstəqil dövlətlərin bərpası haqqında qanunlar imzalandı. Digər respublikalar arasında suverenliyini ilk elan edən Azərbaycan oldu (23 sentyabr 1989-cu il). Artıq 1990-cı il ərzində bütün ittifaq respublikalarında analoji aktlar qəbul edilmişdir.
Ən radikal addımları isə Rusiya Federasiyası atırdı. RSFSR-in Dövlət Suverenliyi haqqında Bəyannamə 1990-cı il iyunun 12-də Respublika Xalq Deputatlarının I qurultayı tərəfindən qəbul edilmişdi. 1990-cı ilin ikinci yarısında M. Qorbaçovun 1985-ci ildə Sverdlovskdan Kremlə gətirdiyi Boris Yeltsinin başçılıq etdiyi RSFSR rəhbərliyi Rusiya hökumətinin, nazirlik və idarələrinin səlahiyyətlərini xeyli genişləndirdi. Onun ərazisində yerləşən müəssisələr, ittifaq banklarının filialları və s. respublikanın mülkiyyəti elan edildi. 1990-cı il dekabrın 24-də RSFSR Ali Məhkəməsi RSFSR-in suverenliyini pozduğu təqdirdə respublika ərazisində ittifaq aktlarının qüvvəsini itirdiyini nəzərdə tutan qərar qəbul etdi. Qərarda həmçinin nəzərdə tutulmuşdu ki, SSRİ hakimiyyət orqanlarının bütün qərarları Rusiya respublikasında yalnız yerli Ali Sovet tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
1991-ci il martın 17-də RSFSR-də respublika prezidenti postunun yaradılmasına dair referendum keçirildi. Referendumda 69,85% “lehinə” səs verildi. 1991-ci il iyunun 12-də keçirilən seçkildə Boris Yeltsin prezident seçildi.
Parçalanmanı dayandırmaq üçün SSRİ Prezidenti Mixail Qorbaçov 1990-cı il iyulunda Kommunist Partiyasının sonuncu XXVIII qurultayında SSRİ-nin bərabərhüquqlu suveren respublikaların federasiyası kimi saxlanılmasını nəzərdə tutan yeni İttifaq müqaviləsinin bağlanmasını təklif etdi.
Sentyabrın əvvəlində Moskvada SSRİ Xalq Deputatlarının V qurultayı keçirildi. İşinin son günündə “Keçid dövründə SSRİ-nin dövlət hakimiyyəti və idarəetmə orqanları haqqında” qanun qəbul edildi, ona əsasən qurultay özünü buraxdı və bütün dövlət hakimiyyəti SSRİ Ali Sovetinə verildi. Daxili və xarici siyasət məsələlərinin razılaşdırılmış həlli üçün ən yüksək ittifaq idarəsinin müvəqqəti orqanı kimi SSRİ Dövlət Şurası yaradıldı. Dövlət Şurasının tərkibinə Sovet İttifaqının Prezidenti, RSFSR, Ukrayna, Belarusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Tacikistan və Azərbaycanın rəhbərləri daxil idi. Dövlət Şurasının iclaslarında M. Qorbaçovun təklif etdiyi yeni Birlik Müqaviləsi ilə bağlı müzakirələr davam etdirildi. 1990-cı il sentyabrın 6-da SSRİ-nin mövcud Konstitusiyasına zidd olaraq Dövlət Şurası Baltikyanı respublikaların- Estoniya, Litva və Latviyanın müstəqilliyini tanıdı. Bununla da Sovet İttifaqının rəsmi demontajına start verildi.
Oktyabrın 18-də Mixail Qorbaçov və səkkiz ittifaq respublikasının (Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan istisna olmaqla) rəhbərləri Suveren Dövlətlərin İqtisadi Birliyi haqqında Müqavilə imzaladılar. Sənəddə “müstəqil dövlətlər”in “keçmiş SSRİ-nin subyektləri” olduğu tanınırdı, ümumittifaq qızıl ehtiyatlarının, brilyant və valyuta fondlarının bölünməsi, rublun ümumi valyuta kimi saxlanılması, milli valyuta dövriyyəsinə buraxılması imkanı nəzərdə tutulurdu. valyutalar, SSRİ Mərkəzi Bankının ləğvi və s.
1991-ci il Oktyabrın 22-də SSRİ Dövlət Şurası Dövlət Təhlükəsizlik Komitəsi -DTK-nın ləğvi haqqında qərarı verdi. Müttəfiq respublikaların DTK-sı “suveren dövlətlərin müstəsna yurisdiksiyasına” verildi. 1991-ci il noyabrın 14-də Dövlət Şurası dekabrın 1-dən etibarən SSRİ-nin bütün nazirliklərinin və digər mərkəzi dövlət orqanlarının ləğvi haqqında qərar qəbul etdi.
8 dekabr 1991-ci ildə RSFSR Prezidenti Boris Yeltsin, Ukrayna Prezidenti Leonid Kravçuk və Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç Viskuli hökumət iqamətgahında (Belovejskaya Puşça, Belarusiya) Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Saziş imzaladılar.
Müqavilə imzalandıqdan sonra Boris Yeltsin ABŞ prezident C. Buşa zəng edib SSRİ-nin dağıldığı xəbərini verdi. Boris Yeltsin nədən dərhal ABŞ prezidentinə zəng edib ondan “muştuluq” istədi? Lütfən, elə bu an Baş Katiblərimizin ABŞ prezidentləri ilə görüşünü, onlarla bağlanan müqavilələri, “Trümen doktrinası”nı “Allen Dalles” planını və “Harvard layihəsi”ni xatırlayın.
Bu müqavilə SSRİ-NİN SONU DEMƏK İDİ. Müstəqil Dövlətlər Birliyinin (MDB) preambulasında SSRİ-nin “beynəlxalq hüququn və geosiyasi reallığın subyekti” kimi bu andan etibarən mövcudluğunu dayandırdığı yazılmışdı. Dekabrın 10-da sənəd Ukrayna və Belarus Ali Sovetləri tərəfindən ratifikasiya olundu, eyni zamanda 1922-ci il dekabrın 30-da SSRİ Sovetlərinin I qurultayı tərəfindən təsdiq edilmiş SSRİ-nin yaradılması haqqında Müqavilə denonsasiya edildi.
Dekabrın 9-da SSRİ prezidenti Mixail Qorbaçov bəyanat yayaraq, MDB-nin yaradılması haqqında Sazişin qəbulunu “tələsik” adlandırdı. SSRİ Prezidentinin fikrincə, Sovet İttifaqını buraxmaq hüququ yalnız Xalq Deputatları Sovetində idi. Öz növbəsində SSRİ Konstitusiya Nəzarəti Komitəsi Viskulidə imzalanmış müqavilənin hüquqi əsassızlığı haqqında bəyanat qəbul etdi.
Elə həmin gün, dekabrın 12-də MDB-nin yaradılması haqqında Saziş RSFSR Ali Soveti tərəfindən ratifikasiya olundu. Eyni zamanda, rusiyalı deputatlar SSRİ-nin yaradılması haqqında Müqaviləni denonsasiya etdilər.
Dekabrın 21-də Almatada 11 keçmiş sovet respublikasının rəhbərləri MDB-nin məqsəd və prinsipləri haqqında bəyannamə imzaladı. Dekabrın 17-də SSRİ Ali Sovetinin binası RSFSR Ali Sovetinin tabeliyinə keçdi. Dekabrın 19-da SSRİ Xarici İşlər Nazirliyinin fəaliyyətinə xitam verildi, dekabrın 20-də isə Dövlət Bankı ləğv edildi. Dekabrın 23-də Mixail Qorbaçovla Boris Yeltsin arasında keçirilən görüşdə SSRİ Dövlətlərarası İqtisadiyyat Komitəsinin və digər ittifaq strukturlarının dekabrın 30-dan fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib.
Dekabrın 25-də RSFSR Ali Soveti respublikanın Rusiya Federasiyası adlandırılması haqqında qanun qəbul etdi. Həmin gün Moskva vaxtı ilə saat 19:00-da Mixail Qorbaçov Mərkəzi Televiziya ilə canlı efirdə çıxış edərək SSRİ prezidenti kimi fəaliyyətinə xitam verdiyini elan etdi. Bundan sonra Moskva Kremlinin bayraq dirəyindən SSRİ-nin dövlət bayrağı endirildi və Rusiya Federasiyasının dövlət bayrağı qaldırıldı.
Dekabrın 26-da SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə əlaqədar SSRİ-nin dövlət və beynəlxalq hüququn subyekti kimi mövcudluğunu dayandırdığı barədə bəyannamə qəbul etdi. Bu bəyannamə ilə Sovet Sosialist Respublikaları İttifaqı tarixin arxivinə qoyulmuş oldu.
Soyuq savaşa start verilərkən, ABŞ-ın analitik mərkəzləri bu savaşın ən uzağı 50 ilə bitəcəyini proqnozlaşdırmışdı. SSRİ-nin Baş Katiblərinin “xidməti” sayəsində savaş 44 ildən sonra ABŞ və müttəfiqlərinin zəfəri ilə başa çatdı.
“Harvard layihəsi” iki Baş Katib dönəmində 15 il müddətinə ( 1985-2000) SSRİ-nin yox olacağını hesablamışdı. M. Qorbaçov təkbaşına 6 ilə SSRİ-ni məhv etdi.
2009-cu ilin oktyabrında SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov “Azadlıq” radiosunun baş redaktoru Lyudmila Telenə müsahibəsində SSRİ-nin dağılmasına görə məsuliyyətini etiraf etdi:
Lyudmila Telen: Siz özünüzü Sovet İttifaqını məhv etdiyinizə görə qınayırsınız?
Mixail Qorbaçov: Bu məsələ həll olunub. SSRİ məhv edildi...