Səfir: "COP29-da Macarıstanı Baş nazir Viktor Orban təmsil edəcək"

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında Baş nazir Viktor Orban Macarıstanı təmsil edəcək və bir ildən az müddət ərzində üçüncü dəfə Azərbaycana səfər edəcək".

"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsiredici bir iş görür. Macarıstan Azərbaycanın Sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, ölkə tədbirə uğurla ev sahibliyi edəcək", - səfir bildirib.

Onun sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Macarıstan münasibətləri inkişaf edir.

Səfir vurğulayıb ki, iki ölkəni Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniyanın birgə təşəbbüsü ilə Avropanın təmiz enerji təchizatına töhfə verən Yaşıl Enerji Dəhlizi Layihəsi birləșdirəcək.

"İşğaldan azad olunmuş Soltanlı qəsəbəsinin yenidən qurulması Macarıstan șirkəti tərəfindən davam edir. Bu, həm yenidənqurma üzrə öhdəliklərimizi, həm də münasibətlərimizdə təhsilin rolunu simvolizə edir", - səfir əlavə edib.

Qeyd edək ki, Bakıda Macarıstanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib. Tədbirdə fəxri qonaq qismində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak edib. Qonaqlar arasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclis üzvləri də yer alıblar.