İctimai Birliyin sədri: "Ermənistan Azərbaycan əhalisinin sağlamlığını təhdid edir"

"Mədən sənayesi fəaliyyəti, yəni əlvan və qara metalların hasilatı torpağa, yeraltı su ehtiyatlarına və havaya öz təsirini göstərir. Nəzərə alsaq ki, Ermənistan bu fəaliyyəti 20-dən çox nöqtədə Azərbaycanla şərti sərhədə yaxın ərazilərdə həyata keçirir, bu, artıq həmin ərazilərdə köçüb yaşayacaq keçmiş məcburi köçkünlər, həmçinin Qazax, Tovuz və Ermənistanla həmsərhəd olan digər ərazilərdə yaşayan sakinlərimizin sağlamlığını risk qarşısında qoyur".

Bunu Lim10.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov deyib.

"Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbi də ondan ibarətdir ki, Ermənistan bu fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası əsasında həyata keçirməlidir: "Çünki belə olan halda, Ermənistan ətraf mühit tələblərini yerinə yetirib-yetirməyəcəyi barədə hesabatı qonşu ölkələrə təqdim etməlidir. Təəssüf ki, bu günə qədər bu istiqamətdə nə bir hesabat, nə də ki, məlumat təqdim edilib".

Mütəxəssis Ermənistanın sözügedən Konvensiyaya qoşulmamasının səbəblərini belə əsaslandırıb: "Əgər Ermənistan 27 il ərzində öz qonşusunun torpağını işğal edib, hansısa bir qondarma tarixi iddialar irəli sürübsə, ətraf mühit məsələsinə də belə yanaşması təəccüblü deyil. Amma artıq zaman dəyişib və Azərbaycan güclü dövlət olduğunu sübut edib. Ona görə, Ermənistan da normal qonşuluq münasibətində yaşamaq istəyirsə, qonşu ölkənin əhalisinin sağlamlığına və ərazisinə hörmətlə yanaşmalıdır".

Mərahim Nəsib