Azərbaycan, Ermənistan və Rusiyanın kommunikasiyaların açılması üzrə komissiyasında konsensus yoxdur

"Azərbaycan, Ermənistan və Rusiyanın regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyası iclaslarını konsensus olmayan məsələlər səbəbindən davam etdirmir".

Lim10.az-ın məlumatına görə, bunu Ermənistan parlamentində brifinqdə baş nazirin müavini Mqer Qriqoryan bildirib.

"Xeyr, iclaslar davam etmir. Bilirsiniz ki, razılaşdırılmalı fundamental məsələlər var. Konsensus olmayınca detalları müzakirə etmək mənasızdır", - deyə o, jurnalistin müvafiq sualına cavab verib.

Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə yaradılıb. Onlar regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək üç ölkənin baş nazir müavinləri səviyyəsində işçi qrupu yaratmaq qərarına gəliblər.

Regional kommunikasiyaların ən vacib məsələsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında Ermənistanın Sünik vilayəti vasitəsilə əlaqənin yaradılması olaraq qalır. Ermənistan tərəfi bildirir ki, bu yalnız Ermənistanın daxili qanunvericiliyinə uyğun olaraq baş verə bilər.