Abdullah Ağar: "Ankaradakı terrorda BRİCS ehtimalı da var"

Dünən Türkiyədə ölkənin ən mühüm müdafiə sənayesi qurumlarından biri olan TUSAŞ-a qarşı terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. Hücumu həyata keçirən iki terrorçu zərərsizləşdirilib.

Lim10.az-ın məlumatına görə, Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar hücumun səbəb və məqsədləri barədə danışarkən bir sıra daxili və xarici ehtimalları qeyd edib:

"TUSAŞ-a qarşı törədilən terror aktında nəzərə almalı olduğumuz son dərəcə mühüm mövzular var. Bunlardan birincisi müdafiə sənayesi sahəsində gəldiyimiz nöqtədir. Ölkəmizin ehtiyac duyduğu döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri, PUA, helikopterlərin istehsalından və kosmos sənayesinin inkişafından çox narahat olanlar var. Baş verən terror aktı qeyd etdiyimiz məsələlərlə bağlı bir mesaj ola bilərmi? - Ola bilər.

İkinci yanaşma da Yaxın Şərqlə bağlıdır. Yaxın Şərqdə böyük bir gərginlik var, Türkiyəni bir şəkildə bu qeyri-sabitliyə cəlb etmək istəyirlər. Bölgədə terrorçu lideri Öcalan və PKK ilə bağlı müəyyən hadisələr cərəyan edir, cənab Bahçelinin bəzi açıqlamaları var. Ankara terrorunun bu proseslə bağlı olması da mümkündür", - Ağar bildirib.

O qeyd edib ki, Türkiyənin NATO-nun mühüm üzvü kimi BRICS-də iştirakı həm də geosiyasi narahatlıq yaradır:

"Başqa bir səbəb isə Tatarıstanın paytaxtı Kazandakı BRICS toplantısıdır. Biz bu zirvə toplantısında olarkən eyni gündə, eyni saatda, hətta eyni anda Ankarada terror aktı törədilib. Bu məsələ utopik görünə bilər, amma diqqətimi cəlb edir. Çünki ilk dəfədir ki, Rusiya və Çinin dominant ünsürlər olduğu geosiyasi təşkilata NATO üzvü olan bir ölkə qoşulmaq təşəbbüsü ilə çıxış edir. Xarici mediada Türkiyə daha çox bu əsas başlıq altında tənqid edilir. Buna əsaslanaraq, Qərb mediası belə böyük diskomfort ifadə edirsə, yəqin ki, Qərbin təhlükəsizlik mexanizmləri haqqında danışdığımız məsələdən qat-qat daha çox narahatdır. Bu prizmadan baxdığımızda, keçmişimizdə qarşılaşdığımız bəzi terror aktlarının yaratdığı əlaqələrə nəzər saldıqda qeyd etdiyimiz ehtimal ağlımıza gəlir. Əslində, düşünürəm ki, bu, başqa məsələlərə də aiddir. Çünki dünyanın gələcəyini geosiyasi mövqelər müəyyən edəcək və hazırda geosiyasi turbulentlik var. Geosiyasi təlatümlər mərhələsində Türkiyə dövlətinin qərar qəbul edən şəxslərinin qərarlarını manipulyasiya etmək məqsədi daşıyan belə bir terror aktı ilə üzləşə bilərikmi? - Mən hesab edirəm ki, bu məsələyə bir imkan kimi baxmaq son dərəcə vacibdir. Digər məsələ də Türkiyənin strateji düşüncəsini dəyişdirmək cəhdidir", - deyə ekspert vurğulayıb.

Abdullah Ağar: "Ankaradakı terrorda BRİCS ehtimalı da var"

Abdullah Ağar: "Ankaradakı terrorda BRİCS ehtimalı da var"