Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan beynəlxalq hüquqa hörmətsizliyini ən bariz formada nümayiş etdirdi. Belə ki, müxtəlif vaxtlarda mülki obyektlərin, yaşayış məntəqələrinin atəşə tutulması beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır.

Oktyabrın 27-də Ermənistanın Bərdəyə hücumundan dörd il keçdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı özünün "X" səhifəsində paylaşım edərək, Ermənistana məsuliyyətini xatırlatdı:

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kaset sursatları ilə yüklənmiş "Smerç" raketləri ilə bombardman edilməsindən dörd il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır", - o qeyd edib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi ərazisinə hər birinin içərisində 72 ədəd 9N235, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı, 9M525 qəlpəli, böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adamöldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adamöldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Artıq Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq bölgədə sülhün təmin olunmasını, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını şərtləndirir.

Bu gün Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün tarixi şərait yaranıb. Tərəflər heç vaxt sülhə bu qədər yaxın olmayıblar və bunu hər iki tərəf etiraf edir. İndi əsas məsələ qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu baxımdan, rəsmi İrəvanın kifayət qədər şansı var. Məsələn, Bərdə terrorunun araşdırılması buna nümunədir.

Məlum olduğu kimi, BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımları, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir. Bu baxımdan, Ermənistan hakimiyyətinin Bərdə terrorunu araşdırması və cinayətkarların məsuliyyətə cəlbini tələb etməsi vacibdir. Beləliklə, Ermənistan həm də beynəlxalq hüquqa əməl etdiyini göstərmiş olar.

Bərdə terrorunun arxasında Qarabağdakı keçmiş separatçılar, onların rəhbəri Arayik Arutyunyan, eləcə də buna razılıq verən Ermənistan hərbi-siyasi rəhbərliyi dayanır. Hökumətin başçısı Nikol Paşinyan isə bunu bilə-bilə Azərbaycanda saxlanılan separatçıları hərbi əsir kimi qələmə verir, onların qaytarılmasını tələb edir. Ermənistanın hökumət başçısı zaman-zaman bu və ya digər formada bu məsələyə işarə vurub. Beləliklə, o, bir növ beynəlxalq ictimaiyyət qarşısında xal qazanmağa çalışır.

Aydın məsələdir ki, keçmiş xunta rejiminin bütün nümayəndələri hərbi cinayətkardır və müvafiq formada cəzalanmalıdırlar. Bununla bağlı beynəlxalq hüquqda konkret maddələr, tələblər var.

Maraqlısı budur ki, Ermənistan hakimiyyəti terrorçuların qaytarılmasını tələb etməklə bu və ya digər formada Bərdə terroruna şərik olur. Beləliklə, qarşılıqlı etimad mühitinin yaranması və sülh sazişinin imzalanması sual altına düşür.

İki mümkün versiya var. Əgər Bərdə terrorunu separatçı xunta rejimi Ermənistan hakimiyyətinin xəbəri və əmri olmadan törədibsə, onda baş nazir Nikol Paşinyan separatçıları müdafiə etməməli və onların müvafiq qaydada cəzalanmalarını tələb etməlidir. Yox, əgər Ermənistan hakimiyyətinin bu əməldən xəbəri var idisə, onda Azərbaycandan üzr istənilməlidir.

Bu ikisindən biri olmadıqca rəsmi İrəvanın səmimiliyi sual altında qalacaq.

Bundan başqa, Ermənistan Azərbaycana dəymiş maddi və mənəvi ziyana görə təzminat ödəməlidir. Rəsmi Bakı hər an bu məsələni gündəmə gətirə bilər.

Beləliklə, Ermənistanın destruktiv mövqe sərgiləməsi, hansısa şərtlərlə çıxış etməsi üçün şansı yoxdur. Belə davam edərsə, Azərbaycan daha konkret tələblər ortaya qoya bilər. Nəticədə Ermənistan üçün daha çətin durum yarana bilər.

"Report" İnformasiya Agentliyi