Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq səviyyəsinə baxış keçirmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib.
Lim10.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının şəxsi heyətinə çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına baxış keçirilib.
Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını verilib.