“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”
Səxavət Əlisoy
KİTABDAN HİSSƏLƏR- 9
Kremldəki erməni mafiyası və beynəlmiləlçi Ə. Vəzirov
70-ci illərin sonu, 80-ci illərin əvvəlində ermənilər yeni bir azərbaycanlı soyqırımına hazırlaşırdı. Onlar ilk fürsətdə hərəkətə keçəcəkdilər.
Bu fürsət ermənilərin əlinə 1985-ci ildə keçdi...
M. Qorbaçovun hakimiyyətə gəlişi, “yenidənqurma və aşkarlıq” siyasətinə start verilməsi, Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması, nəhayət, erməni əsilli kadrların yüksək vəzifələrə təyin olunması həm erməni millətçilərinin, həm də, “Daşmaksütün” partiyasının mövqeyini qat-qat gücləndirdi.
M. Qorbaçov hakimiyyətə gəldikdən 6 ay sonra Yunanıstanın paytaxtı Afinada “Daşnaksütün” partiyasının XXIII qurultayı keçirildi. Qurultayın gündəliyində bir məsələ dururdu. “Ermənistan torpaqlarının genişləndirilməsi.” Qurultayın qərarına uyğun olaraq, Kremlin erməni mafiyası Qafqazda SSRİ-nin ən etibarlı dayağının Ermənistan olduğunu M. Qorbaçovla müzakirə etdi. Daşnakların qurultayı erməni ziyalıların M. Qorbaçova dəstək vermək üçün onun ətrafında toplanmasına qərar vermişdi. M. Qorbaçov zatən gerçəkləşdirdiyi “kadr inqilabında” daşnakların arzusunu yerinə yetirmişdi. Qeyd etdiyimiz kimi o, 5 nəfər ermənini- 1. Abel Aqanbekyanı- İqtisadi məsələlər üzrə müşavir, 2. Georgi Şahnazarovu- beynəlxalq məsələlər üzrə köməkçi, 3. Karen Brutentsi- MK-nın Yaxın Şərq nəzarət üzrə şöbə müdirinin müavini, 4. Karen Qaragözyanı- MK-nın İdeologiya şöbəsinin sektor müdiri, 5. Stepan Sitaryanı- SSRİ Nazirlər Soveti sədrinin müavini təyin etmişdi. Akademik Yuri Osipyan başda olmaqla bir qrup erməni ziyalısının siyahısını Kremlin erməni mafiyası M. Qorbaçova təqdim etdi. O ermənilərin hamısı Mərkəzi Komitədə, SSRİ Nazirlər sovetində işə düzəldi. Akademik Y.Osipyanı isə M. Qorbaçov 1989-ci ildə SSRİ Ali Sovetinin sədri seçiləcəyi SSRİ Xalq Deputatlarının 1-ci qurultayında mandat komissiyasına sədr, sonra da onu SSRİ Prezidentinin məsləhət şurasına üzv təyin etdi.
Əvvəllər A. Mikoyanın başında dayandığı erməni mafiyasına rəhbərliyi M. Qorbaçovun dönəmində Abel Aqanbekyan həyata keçirməyə başladı. Məhz A. Aqanbekyan 1987-ci ildə Parisdə “İnterkontinental” otelində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini dilə gətirdi. Bu birləmənin “iqtisadi məqsədəuyğunluğu” arqumenti tam bir yalan idi. Digər tərəfdən M. Qorbaçovun erməni müşavirinin açıqlamasının SSRİ konstitusiyasının əleyhinə yönəldiiyi açıq görünürdü. Sovet İttifaqı Kommunist Partiyasının nizamnaməsindən, partiya intizamından xəbəri olanlar anlayırdı ki, A. Aqenbekyan M. Qorbaçovun “xeyir-duasını” almadan bu sözləri söyləyə bilməzdi. A. Aqanbekyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün təkcə iqtisadi faktordan danışmadı, o, həm də, vilayətdəki erməni xalqının “öz müqəddaratını həll etmək hüququna malik olduğunu” bəyan etdi. A. Aqanbekyan açıq şəkildə ifadə etdi ki, Mərkəzi Komktənin üzvü və Baş Katibin müşaviri olaraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tərəfdarıdır, və bu təkliflə ölkə rəhbərliyinə müraciət edib. Son olaraq da M. Qorbaçovun müşaviri əlavə edir ki, ki, bu təklifin qəbul olunacağına və həyata keçəcəyinə inanır.
Fransanın məşhur “Humanite”si 18 noyabr 1987-ci ildə M. Qorbaçovun müşavirinin ağzından çıxanları dərc etdi. Ardınca dünya mətbuatı A. Aqanbekyanın avantürist fikirlərini tirajladı. ABŞ-dakı erməni lobbisinin və “Daşnaksütün” partiyasının təsiri altında olan qəzet və jurnallar, Ermənistan mediası günlərlə A. Aqanbekyanın mənfur bəyanatını manşetlərində saxladı. Bu bəyanat “Böyük Ermənistan” xəstəliyinə tutulmuş xəstə erməni millətçilərinin Azərbaycana qarşı düşmənçilik hisslərini daha da alovlandırdı.
Abel Aqanbekyanın bəyanatından sonra ermənilər planlı şəkildə hərəkətə keçdi. Onlar Ermənistanın ərazisini genişləndirmək planına uö\yğun atacaqları addımları mərhələlərə bölmüşü. Erməni kadrların M.Qorbaçovun ətrafına yerləşdirilməsi “meyvələrini verirdi”. Növbəti addım kimi Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün mitinqlərin təşkili, paralel olaraq Ermənistanda bu mitinqlərə dəstək mitinqlərinin keçirilməsi nəzərdə tutulurdu. Bu protestoların fonunda Ermənistandakı azərbaycanlı əhalinin ölkəni tərk etməsi üçün “münbit şərait” yaratmaq planlanırdı.
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ilk mitinq 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) keçirildi. Fevralın 16-dan mart ayının 2-dək ermənilər muxtar vilayətdə mitinqləri davam etdirdi. 1988-ci ilin fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları sovetinin sessiyasında vilayətin Ermənistana birləşdirilməsi məsələsini müzakirə etdi. Azərbaycanlı deputatların iştirak etmədiyi sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar verildi. Bu qərar artıq Ermənistanın Azərbaycana meydan oxuması idi. Bundan sonrakı proseslər M. Qorbaçovun, Kremldəki erməni mafiyasının, “Daşnaksütün” partiyasının, Fransa və ABŞ-dakı erməni lobbilərinin qurduğu ssenari əsasında davam edir.
1988–1989-cu illərdə Ermənistanda azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.
Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ermənilərin əlinəə keçənlər qətlə yetirildilər.
Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi. Bu, tarix boyu qul olaraq yaşamış ermənilərin bütün insanlıqdan intiqam alması idi.
1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandan deportasiyası başladı. Vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: Bütün Ermənistanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər.
M. Qorbaçov isə gözdən pərdə asmaq üçün Kommunist Partiyası Mərkəzi Komitəsinin katiblərini və digər vəzifəliləri münaqişə bölgəsinə göndərirdi. Vilayətə gələn Kreml emissarları birmənalı olaraq Ermənistanın tərəfində idi. Çünki bölgəyə gələnlər öncə Kremldəki erməni mafiyasından təlimatlar alırdı.
Azərbaycan M. Qorbaçovun və Kremlin erməni mafiyasının sayəsində meydanda yalnız qalmışdı. Kreml Azərbaycanın səsini eşitmirdi. O illər Azərbaycan Kommunist Partiyası mərkəzi Komitəsinin birinci katibi olmuş Kamran Bağırov illər sonra mətbuata verdiyi açıqlamasında bildirirdi ki, M. Qorbaçov onun telefon zənglərinə belə cavab vermirdi.
1988-ci ilin may ayının 21-də M. Qorbaçov eyni gündə həm Ermənistanın, həm də, Azərbaycanın rəhbərliyini dəyişdi. Hər zaman “ermənilərin çaldığı havaya oynayan” M. Qorbaçov bu kadr dəyişikliyi barədə açıqlamasında millətçilik hərəkatlarının yeni başçılar vasitəsilə qarşısını alınacağına ümid etdiyini bildirdi. Azərbaycana o elə bir rəhbər yolladı ki, adam azərbaycanlılardan daha çox ermənilərin halına acıyırdı. Adı Əbdürrəhman, soyadı Vəzirov olan yeni birinci katibin təyinatında Kremlin erməni mafiyasının rolu olduğu onun hərəkətlərindən aydın görünürdü. Ana dilində danışmaqda zorluq çəkən, illərlə vətəni sayılan məkanın üzünü görməyən, xalqın mənəvi dəyərlərindən xəbəri olmayan, qəlbi Moskva ilə döyünən bir zatın bu ağır durumda ölkəyə rəhbər təyin edilməsi, sadəcə Azərbaycan xalqını alçaltmaq idi. Bu təyinatlardan iki ay sonra lakin bir neçə ay sonra, SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il iclasında M. Qorbaçov Ermənistana birinci katib təyin etdiyi Suren Arutyunyan da daxil olmaqla erməni rəhbərliyini millətçilərlə əlbir olmaqda, yenidənqurmaya qarşı çıxmaqda ittiham edir, onları Əbdürrəhman Vəzirov kimi "beynəlmiləlçi" olmağa dəvət edirdi.
Tarixin ironiyasına diqq\t edin, M. Qorbaçovun konfliktin qarşısını almaq üçün Ermənistana təyin etdiyi birinci katib millətçi olaraq xalqının önündə gedir, bizimki isə beynəlmiləlçi olaraq “ermənilərin Azərbaycana qayıtmasına görə xalqa muştuluq verir.
Dağlıq Qarabağda baş verən proseslər münaqişəlikdən çıxıb müharibəyə çevrilmişdi, Azərbaycana rəhbərlik edən kişi xalqın önünə keçib Ermənistandakı soydaşlarımızın həyatını qorumaq əvəzinə sərsəm-sərsəm hərəkətlərinə görə xalq arasında “bambılı! Ləqəbinə layiq görülmüşdü. Bambılı biri Azərbaycanı necə xilas edə bilərdi?
Təsəvvür edirsinizmi, Ermənistan ərazisində soydaşlarımız vəhşicəsinə qətlə yetirilir, yurd-yuvaları yerə-yeksan edilir və adam bir dəstə erməni Bakıya qayıtdığı üçün xalqdan muştuluq istəyir. Məhz Ə. Vəzirov zehniyyətli adamların üzündən Azərbaycan xalqı 30 ildən artıq qürursuz yaşamağa məhkum oldu.
Etiraf etməliyik, o hadisələr zamanı düşmənimiz olsalar da ermənilərin millət və dövlətsevərliyi sevərliyi bizimkindən üstün idi. Dünyanın dörd bir tərəfinə səpələnmiş ermənilər Dağlıq Qarabağ savaşında Ermənistana əllərindən gələn dəstəyi verirdi. Bizim xalqın başında dayanan zat millətin taleyi həll olunan zaman “beynəlmiləlçi” idi.
O illər Azərbaycan həm, yalnız, həm də, başsız qalmışdı!
Başsız başçılarımızın üzündən XX əsrdə ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etdi, 30 minə yaxın evi dağıtdı, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirdi. 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salındı. Təkcə 1888-1991-ci il deportasiyasında 300 mindən artıq soydaşımız dədə-baba yurdundan zorkılıq və vəhşiliklə deportasiya olundu.
Ə. Vəzirovun “beynəlmiləlçiliyi” tam olaraq, Kremlin erməni mafiyasının planlarına uyğun idi. Onun bacarıqsızlığını M. Qorbaçova inandıran lobbi 1989-cu ilin yanvar ayında Dağlıq Qarabağda Xüsusi İdarərtmə Komitəsi yaradılmasına nail oldu. M. Qorbaçovun yaratdığı bu qurum faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması anlamına gəlirdi. Azərbaycanlıların deportasiyasına paralel olaraq Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsinin yaradılması və onun başına ermənipərəst Arkadi Volskinin gətirilməsindən sonra münaqişə daha da gərginləşdi.
1989-cu ilin may ayında M. Qorbaçov ABŞ-da səfərdə olarkən oradakı erməni lobbisinin rəhbərləri ilə görüşdü. Bu görüş Azərbaycanın yaxın zamanlarda çox ağır günlər yaşayacağına işarə idi. Kreml istəsəydi, bu konflikti çox asan yolla həll edə bilərdi. Bunu M. Qorbaçov istəmirdi. Onun bu konfliktin ədalətli həllinə nail olması mümkün də deyildi. 1989-cu ilin may ayında ABŞ-da səfərdə olarkən, Kremlin erməni mafiyası Amerikadakı erməni lobbisinin rəhbərləri ilə M. Qorbaçovun görüşünü təşkil edir. Sizin fikrinizcə, bu görüşdə hansı məsələ müzakirə oluna bilərdi? Amerikadakı erməni lobbisinin Dağlıq Qarabağda ikinci bir erməni dövlətinin qurulması, yaxud vilyətin Ermənistana birləşdirilməsindən başqa M. Qorbaçovla heç bir müzakirə apara bilməzdi. O görüşdə ermənilərin M. Qorbaçovun arvadı Raisaya bahalı daş-qaş hədiyyə etməsindən bütün dünya xəbərdar idi. Ermənilər bu görüşdən sonra Yerevanda keçirdikləri mitinqlərdə M. Qorbaçovu basqı altında saxlamaq üçün “ Raisa, bizim hədiyyələri geri qaytar” yazılmış transparantlar qaldırırdı.
M. Qorbaçov Ermənistandakı millətçilər və “Daşnaksütün” partiyası ilə birgə hərəkət edirdi. Onun bütün siyasi gedişlərində bu işbirliyi açıq görünürdü.
Ermənilər təkcə M. Qorbaçovla “işləmirdi”. Amerikadakı erməni lobbisi 1990-cı ildə Amerika Birləşmiş Ştatlarında krçiriləcək prezident seçkilərində fəal şəkildə prezidentliyə potensial namizəd olan ata Buşun seçki kampaniyasında iştirak edirdi. Onların əsas məqsədi təbii ki, yaxın gələcəkdə Azərbaycanda törədəcəkləri cinayətlərə rəğmən ABŞ-ın “səssizliyini” təmin etmək idi.
Azərbaycan torpaqları hesabına ərazisini genişləndirmək üçün artıq ermənilər münaqişənin ideoloji olaraq qazanmışdı. Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Kremldəki erməni mafiyası, “Daşnaksütün” partiyası, ABŞ və Fransa başda olmaqla dünyadakı erməni lobbisi və erməni katolik kilsəsi- bu, 5 “cəbhə” Azərbaycanı diz çökdürmək üçün birlikdə hərəkət edirdi.
Azərbaycan çarpaz atəş altında idi.
Bu cəbhələr münaqişənin müharibəyə çevrilməsi üçün planlar hazırlayırdı. Müharibəni başlatmaq üçünsə ermənilərə EMOSİANAL( duyğusal) MÜHİT yaratmaq lazım idi. Ki, dünya məzlum, əzabkeş erməni millətinin yenidən zülmə məruz qaldığına təəssüf etsin.
Emosional mühitin yaradılması üçün əvvəl Sumqayıt nəzərdə tutulurdu. Sumqayıtda səmərəli “emosional mühit” yaranmadığı halda isə Bakı seçildi.
Həm Sumqayıt, həm də, Bakıda baş verən proseslər erməni millətçiləri ilə SSRİ KQB-sinin birgə hazırlayıb həyata keçirdiyi əməliyyat idi. Bu əməliyyatda məqsəd ermənilərin azərbaycanlılar tərəfindən vəhşiliklə qətl edilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
Sumqayıt hadisələrinin şahidi kimi qısa da olsa bir az ətraflı yazmaq yerinə düşər. 80-ci illərin sonunda Sumqayıtın əhalisi təxminən 250 min nəfər idi. Şəhərdə 10 mindən artıq erməni yaşayırdı. O vaxt Sumqayıtın Nasosnı ( indiki Hacı Zeynalabdin) qəsəbəsində uşaq poliklinikasının baş həkimi vəzifəsindəydim. Fevralın 27-29-da baş verən hadisələrdən sonra Azərbaycan rəhbərliyinin qərarı ilə Sumqayıtdakı erməni əhalisinin bir hissəsini guya təhlükəsizliklərini təmin etmək məqsədi ilə Nasosnı qəsəbəsindəki hərbi hissələrin birində kazarmalara yerləşdirdilər. Azərbaycan səhiyyə nazirliyinin göstəriçi ilə hərbi hissədə uşaqlara və böyüklərə tibbi xidmət göstərmək üçün iki hospital təşkil olundu. Uşaqlar üçün təşkil olunmuş hospitala mən rəhbərlik edirdim. Kazarmalarda məskunlaşmış ermənilərin bir qismini şəxsən tanıdığımdan ( aralarında baş həkimi olduğum poliklinikada tibb bacısı vəzifəsində işləyən 3 nəfər də vardı) onlarla hospitalda ətraflı söhbət etmək imkanım vardı. Bir ermənidən belə bu hadisələri məhz azərbaycınlların törətdi barədə iddia eşitmədim. Onlar bunu Ermənistandan gələn ermənilərin və KQB işçilərinin törətdiyini deyirdi. 1981-ci ildə Tibb institunu bitirdikdən sonra Sumqayıtda həkim kimi fəaliyyətə başlamışdım. Son 7 ildə bir dəfə də yerli əhali ilə ermənilar arasında hər hansı bir münaqişənin olduğuna rast gəlmədim. 1988-ci ilin yayında Sumqayıt şəhər partiya komitəsi bir “Sumqayıtın sosial-iqtisadi inkişafı” adlı bir kitabça nəşr etmişdi. Kitabdan çox ilginc bir statistik fakt diqqət çəkirdi. Məlum olurdu ki, Sumqayıtda yaşayan 10 mindən artıq erməninin biri belə kirayə evdə yaşamırdı. Yəni, bütün ermənilər 2-3 və daha çox otaqlı şəxsi mənzillərində yaşayırdı.
Hüquq-mühafizə orqanları Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlının öldürüldüyünü və yüzdən artıq vətəndaşın yaralandığını bildirirdi. Əgər Sumqayıt hadisələrini azərbaycanlılar törətsəydi, erməni tərəfdən ölənlərin sayə yüzlərlə deyil, minlərlə olardı. Sumqayıtda hadisələr zamanı azərbaycanlılar ermənilərə qarşı vəhşilik yox, tam əksinə, humanistlik, insanpərvərlik nümayiş etdirdi. Şəxsən tanıdığım onlarla ailə erməniləri o “vəhşiləşmiş” millətçi ermənilərin və KQB-nin cəngindən xilas etmək üçün evlərində gizlətdi...
Ermənilər Sumqayıtda gözlədikləri “emosianal mühit” effektinə qismən nail oldu. Təbii ki, bu onları qane edə bilməzdi. Ona görə də əsas hədəf olaraq Bakını “ehtiyatda saxladılar.”
1988-ci il 15 iyunda Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. Ermənilər artıq sərhəd tanımırdı. Onalar SSRİ adlı dövlətin konstitusiyasını tapdalayır, məqsədlərinə şatmaq üçün bütün imkanlardan istifadə edirdilər. Azərbaycan Ə. Vəzirovun rəhbərliyində Sovet qanunlarına ciddi şəkildə riayət etməyində idi. Ə. Vəzirov nəyin bahasına olursa-olsun oyanmaqda olan milli şüurun qarşısında əngəl olmağa səy göstərirdi. Bu ərəfədə Kremlin göstərişlərinə ermənilərin və azərbaycanlıların necə riayət etməsi barədə bir statistikaya diqqət edin.
1988-ci il dekabrın 15-də SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərlərinə yol verdikləri qanunsuz hərəkətlərə görə öz respublikalarında vəzifəli şəxslərin cəzalandırılması tapşırığını verir. Bir ay ərzində Azərbaycanda erməniləri guya sıxışdırdıqlarına görə 2532 nəfər məsuliyyətə cəlb olunur, 222 nəfər işdən çıxarılır, 65 nəfər partiya və komsomoldan çıxarılır. Bu tədbirlərdən sonra 19 min nəfərdən çox erməni Azərbaycana qayıdır. Ermənistanda isə həmin vaxt ərzində 13 nəfər partiyadan xaric edilir, 24 nəfər vəzifəsindən çıxarılır, 69 nəfərə partiya cəzası verilir. Ermənistana bir nəfər də olsun azərbaycanlı qaytarılmır.
1988-ci il dekabrın 28-də Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi əsasən başa çatdırılır.
Öz ərazisində etnik təmizləməni başa çatdıran ermənilər prosesi Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində davam etdirdilər. Ermənilər azərbaycanlılar yaşayan kəndləri yandırır, körpüləri dağıdır, adamları evlərini tərk etməyə vadar edirdi. Vilayətə qonşu rayonların kəndlərinə belə hücumlar edirdi ermənilər. Azərbaycanda gərginlik pik həddə çatmışdı. Respublikada siyasi böhran dərinləşirdi. Erməni vəhşiliyinə, erməni vandalizminə qarşı demək olar ki, ciddi bir addım atılmırdı. Ermənistandab və Dağlıq Qarabağ Muxtar Vilayətindən qovulmuş soydaşlarımız aciz durumda idi. Hara və kimə şikayət edəcəyini bilmirdi xalq.
Ə. Vəzirov Azərbaycanın rəhbəri kimi Qərbi Azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinin qarşısını almaq əvəzinə bütün gücünü Azərbaycan Xalq Cəbhəsinə qarşı mübarizəyə sərf edirdi. Kremlə nökərçilik edən Ə. Vəzirov M. Qorbaçovdan bir “molodes” almaq üçün gecə-gündüz “tər tökürdü”. Paradoksa diqqət edin, Kreml eyni gündə Ermənistanda və Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katiblərini dəyişdi ki, münaqişənin qarşısını alsınlar. Erməni birinci katib Suren Arutunyan erməni millətçiləri və “Daşnaksütün” partiyası ilə birlikdə hərəkət etdi. Ə. Vəzirov isə Azərbaycan xalqının milli oyanışının qarşısında əngələ çevrildi.
Dövlətin başında dayanan şəxsin liderlik keyfiyyətləri o dövlətin təşəkkül tapmasında, qalxınmasında önəmli rol oynayır. Zəif lider zəif dövlət anlamındadır. Müharibə şəraitində dövləti idarə edənin zəifliyi, bacarıqsızlığı, biganəliyi o xalqın tam bir faciəsidir. Min təəssüflər olsun ki, Dağlıq Qarabağ konflikti başlayandan ta ki, SSRİ dağılan günə qədər Azərbaycana rəhbərlik etmiş iki şəxs üçün milli maraqlar Kremlin maraqlarına qurban verildi. Azərbaycan torpaqlarının işğala məruz qalması üçün məhz o liderlərin rəhbərliyində münbit şərait yarandı.
Dağlıq Qarabağ münaqişəsinin xronologiyasına nəzər yetirəndə normal şüura sahib insanı dəhşət götürür. 1989-cu ilin mayında artıq 165 min soydaşımız Ermənistandakı dədə-baba ocaqlarını zorla, vəhşiliklə tərk etmək məcburiyyətində qaldı. O illərin ağrı-acısını yaşamış biri olaraq tam səmimiyyətlə və məsuliyyətlə yazıram ki, əgər Azərbaycanın başında vətən və millətsevər bir kişi dayansaydı, nə Kremlin erməni mafiyası, nə “Daşnaksütün” partiyası, nə də Ermənistandakı millətçi kəsim Azərbaycana qarşı hürməyə belə cəsarətetməzdi. Milli dəyərlərdən yoxsul liderlər vəzifə kreslosu naminə adambaşına sayı 3 dəfə artıq olan milləti ermənilərin qarşısında məğlub durumda buraxdı.
Elə o ay Moskvada SSRİ Xalq deputatlarının 1 qurultayı öz işinə başlayır. Qurultayda Ermənistan və Azərbaycan arasındakı konflikt müzakirəyə çıxarıldı. 35 il əvvəl o qurultayın tamamını televizordan izləmişdim. 35 il sonra qurultayın stenoqramı masamın üstündədir. Azərbaycanı təmsil edən qurultay nümayəndələrinin çıxışlarını sona qədər oxumaq belə işgəncədir. Bir-iki deputat istisna olmaq digərləri Kremlin və Qorbaçovun şəninə mədhiyyə demək üçün sıraya düzülüb. Siyasətin əlifbasının bir-iki hərfindən xəbəri olanlar belə SSRİ-nin çöküşünü, sosialist sisteminin məhvini gördüyü halda Ə. Vəzirovun deputatları “lLenin ideyalarından və kommunizmdən” söhbət açır. 165 min soydaşımız yurd-yuvasından qovulub və təkcə bu faktı M. Qorbamovun “gözünə soxmaq” əvəzinə deputatlarımız M. Qorbaçovun qarşısında “quzu kimi dayandılar”. Bəzi qadın deputatların yaylığının ucunu düyünləməklə “Qorbaçovun və erməni millətçilərinin ağzını bağladıqlarına” işarə etməsi isə tam bir tragikomik durum idi.
Məhz belə deputatların “zəhməti sayəsində” qurultay ermənilərin maraqlarına uyğun qərarlar qəbul etdi.
Bu qurultaydan sonra münaqişənin müharibəyə çevriləcəyi artıq qaçılmaz idi. Bir daha təkrarlayıram, ermənilər tam planlı şəkildə hərəkət edirdilər. OnlarSumqayıtda tam olaraq nail ola hilmədikləri “emosional-duyğusal mühiti” Bakıda qovuşa bildi.
20 Yanvar hadisələrində SSRİ-nin KQB-si Kremlin erməni mafiyası və “Daşnaksütün” partiyası ilə bərabər hərəkət etdi. Bu qüvvələr əvvəl Bakıda ermənilər yaşayan evlərə hücumlar təşkil etdi və qətllər törətdi. Ardınca dünya mətbuatı Bakıda ermənilərə qarşı soyqırım törədildiyini yaydı. Azərbaycanlıların “vəhşi”, ermənilərin “məzlum” obrazı yaraddıldı. Duyğusal-emosional mühit tam olaraq artıq formalaşmışdı. Qərbdəki erməni lobbisi, “Daşnaksütün” partiyası, Kremlin erməni mafiyası dünyanı ermənilərin “düçar olduğu acınacaqlı və faicəvi durumuna rəğmən göz yaşı tökməyə vadar etdi.”
Daha sonra 19 yanvardan 20 yanvara keçən gecə “ermənilərə ağlayan dünyanın göz yaşlarını qurutmaq üçün” təpədən-dırnağa silahlanmış Sovet ordusu havadan, dənizdən və quru yollardan Bakıya girdi...