Rusiyada ərazisi 53 hektar olan Mesyatsev adası Şimal Buzlu Okeanındakı Frans İosif Torpağı arxipelaqından tamamilə yoxa çıxıb.
Lim10.az xəbər verir ki, bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin saytında məlumat verilib.
Rəhbərliyi altında müvafiq müşahidəni aparan Moskva Aviasiya İnstitutunun (MAİ) dosenti Aleksey Kuçeykonun sözlərinə görə, itmiş sahə Yeva-Liv adasının ərazisində yerləşirdi. O, Mesyatsev adasının tamamilə əridiyini bildirib. Kuçeyko qeyd edib ki, bu səbəbdən naviqasiya xəritələrində düzəlişlər etmək lazım gələcək.
Məlumata görə, 2015-ci ilin avqustunda Mesyatsev adasının ərazisi təxminən 53 hektara çatıb. Bu ilin avqustunda onun sahəsi artıq 3 hektar olub, bir ay sonra isə ada yoxa çıxıb.
Alimlər bunu buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqələndirirlər. Bu, sahil xəttinin eroziyasına səbəb olur, nəticədə bəzi relyef formaları yox olur.
Həmçinin bildirilib ki, Arktika dəniz buzlarının əriməsi Şimali Avropada soyuqlara səbəb ola bilər.