“Azərbaycanda idman sahəsində əldə olunan uğurlar uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı idmanın ölkədə təkcə yarış və medal anlayışı ilə məhdudlaşmadığını, sosial inkişafın, gənclər siyasətinin və milli özünüdərkin mühüm elementi olduğunu bir daha təsdiqlədi”.
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə beynəlxalq yarışlarda 2000-dən çox medalın, o cümlədən 600-ə yaxın qızıl medalın qazanılması yaradılmış sistemin effektivliyini göstərir. “Nəticələrin ötən illərlə müqayisədə artması idmana ayrılan davamlı diqqətin, güclü infrastrukturun və peşəkar hazırlıq mexanizmlərinin səmərə verdiyini sübut edir”, - o qeyd edib.
Deputat əlavə edib ki, dövlət tərəfindən idmanın prioritet sahə kimi müəyyənləşdirilməsi nəticəsində ölkə üzrə müasir idman infrastrukturu formalaşdırılıb: “Paytaxtla yanaşı, regionlarda yaradılan Olimpiya İdman Kompleksləri idmanın kütləviliyini artırmaqla sosial aktivliyə və sağlam həyat tərzinin yayılmasına xidmət edir.
Sağlam gənc nəslin formalaşdırılması idman siyasətinin əsas hədəflərindəndir. İdman gənclərin fiziki inkişafı ilə yanaşı, onların intizamlı, iradəli və vətənpərvər ruhda yetişməsinə mühüm töhfə verir. Bu yanaşma cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə də təsir göstərir.
Beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan qlobal idman mərkəzi kimi mövqeyini gücləndirir. III MDB Oyunları, Formula 1 yarışları və Bakıda keçirilən UFC turniri ölkənin təşkilati potensialını və müasir imicini nümayiş etdirir. Gələcəkdə Şahdağda keçiriləcək Xizək üzrə Dünya Kuboku isə regional inkişaf və turizmin stimullaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.
Ümumilikdə, Azərbaycan idmanının bugünkü uğurları ardıcıl dövlət siyasətinin, strateji baxışın və güclü ictimai dəstəyin nəticəsidir. Bu xəttin davam etdirilməsi ölkənin beynəlxalq idman nüfuzunun daha da möhkəmlənməsinə və yeni nəsil qələbələrin formalaşmasına zəmin yaradır”.
Mürtəza




















