Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin "Təbiətdə tarazlıq" sərgisi açılıb

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) "Təbiətdə tarazlıq" sərgisinin açılış mərasimi keçirilib.

Lim10.az xəbər verir ki, sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, "Təbiətdə tarazlıq" (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.

Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

Açılış mərasimindən əvvəl italyan heykəltaraş Lorenso Kuinn jurnalistlərə açıqlamasında burada olmaqdan çox şad olduğunu bildirərək deyib:

"İnanılmaz məkanda bu heyrətamiz sərgini təşkil etmək məni çox həyəcanlandırır. Təbii ki, uzun illərdir bu məkanı izləmişdim və bir gün burada öz sərgimi təşkil edəcəyimə inanırdım. Xəyallar gerçəkləşdi. Həmçinin çox şadam ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri özlüyündə bir universal mesajdır. Bu mesaj sevgini, sülhü və davamlılığı tərənnüm etdirir".

Sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.

Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda, Heydər Əliyev Mərkəzində də çoxsaylı tədbirlərin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

"365 Art" şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur. Bu baxımdan müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur.

Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib, paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib.

Möhtəşəm bir məkanda sərgisinin keçirilməsindən şad olduğunu söyləyən L.Kuinn əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib.

"Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur", - deyə Lorenso Kuinn diqqətə çatdırıb.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında və foyesində təqdim olunan sərgidə möhtəşəm heykəltaraşlıq nümunələrinə baxış keçiriblər.

İlk olaraq "Sevgi birliyi" əsərinə baxış olub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır. Çünki bəşəriyyətdə mükəmməl harmoniya içində əbədi bir əlaqə qurmaq imkanı məhz bu hisslər sayəsində mümkündür.

Bakı sərgisində ziyarətçilər italiyalı heykəltaraşın "Balanslaşdırılmış dünya" (Balanced World), "Təbiətin gücü" (Force of Nature), "Tanrının əli" (Hand of God), "Bəxş et və al" (Give and Take) və "Birlikdə" (Together) əsərləri ilə Mərkəzin parkı ərazisində, "Eros", "Paralel dünya" (Pharalel Universe), "Özünü sev" (Love Yourself) və müəllifin digər əsərləri ilə isə Mərkəzin foyesində tanış ola biləcəklər.

Heykəltaraşın "Özünü sev" (Love Yourself) əsəri özünə sevgi vasitəsilə məhəbbəti əks etdirmək, bu hissi dünya ilə paylaşmaq, düzgünlük yoluna işıq saçmağa çağırır.

"Perspektivdə" (İn Perspective) adlı heykəltaraşlıq nümunəsi isə dünyamızın nə qədər zərif və kainatla müqayisədə çox kiçik olduğunu əks etdirir. Bununla Lorenso Kuinn insanları yaşadığımız dünyanı perspektivdə qiymətləndirməyə çağırır.

Eksponatlar arasındakı "Tanrının əli" (Hand of God) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan insan yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucundadır. Lorenso bu əsərini oğluna həsr edib. "Tanrının əli" ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.

Lorensonun Bakıya gətirilən digər işi isə "Birlikdə" (Together) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə bu əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana həm yaratmağa, həm də məhv etməyə imkan verən əllər təsvir olunub. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.

Müəllifin Bakıda sərgilənən digər əsəri isə "Təbiətin gücü"dür (Force of Nature). Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır. Ümumiyyətlə, rəssamın yaradıcılığında "Təbiətin gücü" heykəllər silsiləsi mühüm yer tutur. Bu seriyadan bir çox kompozisiya dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək böyük şəhərlərin görməli yerlərini bəzəyib.

"Balanslaşdırılmış dünya" (A Balanced World) əsəri də müəllifin həssas ideyasının daşıyıcısıdır. Eksponat "bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam" söyləyir.

Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən "Bəxş et və al" (Give and Take) əsərini də izləmək mümkündür. Həmin əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir. Bu əsər su üzərində ilk dəfədir ki, Azərbaycanda nümayiş etdirilir.

"Oskar" mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.

"Hisslərin yaradıcısı", "emosiyaların rəssamı" kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, "yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır" kimi mesajları çatdırır. Onun əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.

Xatırladaq ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək təqdim ediləcək.