Moratinos: "Azərbaycan COP29-un uğurunu təmin etmək üçün böyük təşkilati iş görüb"

Bu gün Bakıda işinə başlayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir. İştirakçılar arasında ənənəvi dinlərin liderləri, müxtəlif konfessiyaları təmsil edən, eləcə də dünya miqyasında tanınan din və ictimaiyyət nümayəndələri var.

BMT baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos da tədbirdə iştirak edərək iqlim dəyişikliyi ilə mübarizədə mənəvi məsələnin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

"Report" Migel Angel Moratinosdan COP29-dan gözləntiləri və dini liderlərin sammiti barədə təəssüratlarını bölüşməsini xahiş edib:

- Azərbaycanın BMT ilə əməkdaşlığını, ölkənin təşkilatınızın fəaliyyətindəki aktivliyini necə qiymətləndirirsiniz?

- Azərbaycanla BMT arasında əməkdaşlıq hər zaman güclü olub. Çünki ölkəniz həmişə fəal iştirak edib və BMT dövlətlərinin beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipini müdafiə edib. Əvvəldən Azərbaycan və BMT yaxşı, konstruktiv tərəfdaşlar olublar.

Bu gün hətta bir çox təşəbbüslər sayəsində konstruktiv tərəfdaş olublar. Çünki COP29-un təşkilində BMT-nin tam etimadı var. İqlim gündəliyi bu günlərdə BMT-nin əsas prioritetlərindən biridir.

Bu, Azərbaycanın bütün aktual tədbirlərdə iştirak etdiyini, BMT-nin bütün vacib mövzularına, eləcə də çağırışlarla mübarizəyə cəlb olunduğunu göstərir. Düşünürəm ki, bunun burada sülh və rifaha töhfə verən mühüm regional əhəmiyyəti var.

Azərbaycan, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının tərəfdaşı və müttəfiqidir. "Bakı prosesi", ölkənizin təşkil etdiyi bütün beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası, dinlərarası dialoq yaradılmasında, həmçinin Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsində və bəşəriyyətin xilas edilməsi üzrə BMT mandatında fəal rol oynayır.

- Siz Azərbaycanın müxtəlif tədbirlərində iştirak etmisiniz və COP29-a hazırlıqların gedişatı ilə tanış olmusunuz. Bakıdakı iqlim konfransından gözləntiləriniz nədir?

- Azərbaycanın beynəlxalq konfransların təşkilində böyük təcrübəsi var.

Bilirsiniz, onlar həmişə çox uğurlu olub. Hər dəfə Azərbaycanda beynəlxalq konfrans və ya sammit keçiriləndə nəticələr əla olur. Biz COP29-un uğurunu təmin etmək üçün Azərbaycanın indiyədək gördüyü təşkilati işlərə görə çox nikbinik.

- Hazırkı tədbir - Dini Liderlərin Qlobal Sammiti barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, o, lazımi vaxtda keçirilir. Bu, Azərbaycanın innovativ yanaşmasının daha bir sübutudur. Düşünürəm ki, ölkə liderləri, qərar qəbul edənlər Bakıya COP29-un iqlim məsələlərini müzakirə etməyə gəlməzdən əvvəl bugünkü sammitdə edilən müraciətləri nəzərə almalıdırlar. Çünki etika, prinsiplər, dəyərlər, dini həssaslıq, mənəviyyat nəzərə alınmasa, iqlim dəyişikliyi ilə mübarizədə yaxşı nəticələr əldə etmək çox çətindir.

Beləliklə, dini liderlərin töhfəsi olmadan planetin xilası problemini yalnız elm və texnologiya ilə həll etmək çox çətin olacaq.