COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər 9-24 noyabr tarixlərində dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcəklər.
Bu məlumat Lim10.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidmətindən verilib.
Qeyd olunub ki, bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.
"Fast Track" sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Buraya Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir",- deyə məlumatda bildirilir.
"Noyabr ayının 9-dan ictimai nəqliyyat COP29 iştirakçıları üçün pulsuz olacaq".
Bu barədə Lim10.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, COP29 tədbirində iştirak hüququ olan şəxslər noyabr ayının 24-ə kimi ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.
"Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov isə bu gün jurnalistlərə qeyd edib ki, bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
Əzizə İsmayılova