Artıq 2011-ci ildən, Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb.
Lim10.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib (https://e-qanun.az/framework/19507). Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim plastik cərrahlar əldə edirlər. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.
Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil olduğundan, bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar.
Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ay ərzində yoxlamalar zamanı 15 qayda pozuntuları aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb.
Mediadan daxil olan müraciətlərdə "Laser Beauty" klinikasında həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb. Bildirilib ki, bu klinikanın həkimlərindən Nigar Rüfətin həkimlərin sertifikasiyası prosesindən keçməyib, həkim Natəvan Əmirovanın isə ümumiyyətlə cərrah kimi fəaliyyət göstərməsi üçün müvafiq ixtisası yoxdur.
Bu məsələ ilə bağlı müraciətə Analitik Ekspertiza Mərkəzində baxılıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq "Lazer Beauty Clinic" adlı müəssisədə planlı (növbəli) və plandankənar (növbədənkənar) yoxlamalar keçirilib. Yoxlama zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə növbəti icraata göndərilib.
Müraciətdə adı qeyd edilən Nigar Rüfətin Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi, həkim Natəvan Əmirova ilə bağlı isə cari il üzrə tərəfimizdən onun sertifikatsız özəl tibbi praktik fəaliyyət ilə məşğul olması faktı müəyyən edilib və "Lazer Beauty Clinic" adlı özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar yoxlamalar zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hər hansı neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan başqa hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, qaynar xətti (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir. Adı çəkilən həkimlərə qarşı ittihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə tərəfimizdən araşdırma aparmaq barədə qərar qəbul edilə bilər.