"Yanacaq nasosunun nasazlıqları avtomobilin tam sıradan çıxmasına səbəb ola bilər".
Lim10.az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Sergey Ponomaryov məlumat verib.
Onun sözlərinə görə, bir neçə qaydaya əməl etməklə avtomobilin bu hissəsinin ömrünü uzatmaq olar.
"Maşını boş çənlə sürməkdən çəkinmək vacibdir, yanacaq səviyyəsinin ümumi həcmin ¼-dən aşağı düşməməsi tövsiyə olunur. Nasos yanacaqla soyudulur və onun çatışmazlığı elementlərin qızmasına, sürtünmənin artmasına və hissənin resursunun azalmasına səbəb olur", - deyə ekspert izah edib.
Onun sözlərinə görə, həmçinin keyfiyyətsiz yanacaq ola biləcək naməlum yanacaqdoldurma məntəqələrindən (YDM) uzaq durmaq lazımdır.
O, aşağıkeyfiyyətli benzinin mühərrikin işinə mənfi təsir göstərən qarışıqlar ehtiva etdiyini bildirib.
"Yanacaq sistemində dərin və incə təmizləmə filtrləri təsadüfən nəzərdə tutulmayıb. Onları hər 20 min km yürüşdən sonra dəyişdirmək lazımdır. Filtrlər çirkləndikdə nasosa düşən yük artır və bunun nəticəsində onun xidmət müddəti kəskin şəkildə azalır", - deyə ekspert sözlərini yekunlaşdırıb.