Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"

"Bizdə problemlərin həlli ilə bağlı layihələr var, lakin bizdə maliyyə çatışmazlığı mövcuddur".

Bu sözləri Yeni Qvineyanın COP29-da nümayəndə heyətinin üzvü, Qvineya Ətraf Mühit və Davamlı İnkişaf Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Layihəsi üzrə nümayəndəsi Amadou Sov konfransla bağlı təəssüratlarını Lim10.az-la bölüşərkən deyib.

O, ölkəsinin ekoloji problemlərindən danışıb.

"COP29 yaxşı təşkil edilib. Azərbaycanda logistikanın necə yaradıldığını bəyənirəm. Ümid edirəm ki, bu tədbirdə maliyyə ilə bağlı bütün məsələlər öz həllini tapacaq", - deyə Sov bildirib.

Onun sözlərinə görə, Yeni Qvineya ciddi ekoloji problemlərlə üzləşir.

"Ölkə hər il minlərlə insanın ölümünə səbəb olan malyariya kimi yoluxucu xəstəliklərin yayılması ilə mübarizə aparır. Çətin coğrafi şərait və zəif infrastruktur epidemiyalarla mübarizəni çətinləşdirir.

Digər mühüm məsələ meşələrin mühafizəsidir. Yeni Qvineyada bir çox flora və fauna növlərinin olduğu unikal tropik meşələr var. Lakin kənd təsərrüfatı məqsədləri üçün meşələrin qırılması və dağ-mədən hasilatı bu qiymətli ekosistemləri risk altında qoyur.

Son illərdə Yeni Qvineya həmçinin dağıdıcı daşqınlara səbəb olan güclü yağışlardan əziyyət çəkir. Ölkəmizin hökumətinin yuxarıda qeyd etdiyimiz problemlərin həlli ilə bağlı layihələri var, lakin bizdə maliyyə çatışmazlığı mövcuddur. Buna görə də mən problemlərimizi həll etməyə kömək edə biləcək müttəfiqlərin axtarışı üçün COP29-a gəlmişəm", - deyə doktor Sov vurğulayıb.

Rufina Abdullayeva