Azərbaycanda Neft Hasilatında Azalma: Səbəb
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin (MM) iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 30 189,6 min ton neft hasil edilib. Beləliklə, 2024-cü ildə bu rəqəm 3,3% azala bilər.
Cabbarov xatırladıb ki, ölkədə neft hasilatının pik həddi 2010-cu ildə (50,8 milyon ton) qeydə alınıb. “2014-cü ildə Azərbaycanda neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon ton təşkil edib”.
Nazir qeyd edib ki, bu il Brent markalı neftin orta qiymətinin 80 dollar/barel civarında olacağı gözlənilir: “Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə neftin orta qiyməti 99 dollar olub”.
Neftin bir barelinin qiymətinin 2025-ci ilə 70 dollar, 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır.
Bəs Azərbaycanda neft hasilatının azalmasına təsir edən nədir?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Akif Nəsirli deyib ki, dünyada davam edən münaqişələr və geosiyasi gərginliklər qlobal iqtisadiyyat və enerji bazarına ciddi təsir edir:
“Müharibələrin təsir etdiyi ölkələrdə iqtisadi zəiflik və enerji ehtiyatlarına tələbatın azalması müşahidə olunur. Bununla yanaşı, hərbi əməliyyatlar enerji ehtiyatlarının yenidən bölüşdürülməsinə və yeni silahların istehsalına təkan verir. Neft bazarına təsir edən əsas amillərdən biri iqtisadiyyatın inkişaf tempidir. 2025-ci ildə qlobal iqtisadi artımın zəifləməsi gözlənilir. Məsələn, dünyanın ən böyük neft istehlakçılarından olan Çin iqtisadiyyatında artım tempinin azalması bu istiqamətdə ciddi dəyişikliklərə səbəb olur. Bu tendensiya 2025-ci ildə də davam edəcək. Dünyada iqtisadi artımın zəifləməsi və neftə olan tələbatın azalması nəticəsində neftin qiymətinin ucuzlaşması qaçılmaz görünür. Xüsusilə də geosiyasi proseslərin kəskinləşməsi və iqtisadi böhranların baş verməsi bu tendensiyanı sürətləndirə bilər”.
İqtisadçının sözlərinə görə, dünyada neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərir:
“Azərbaycanın gəlirlərinin əhəmiyyətli hissəsi neft ixracından formalaşdığı üçün neft qiymətlərindəki eniş dövlətin maliyyə imkanlarını məhdudlaşdırır. Eyni zamanda, ölkədə neft hasilatının azalması dayaz laylardakı neft ehtiyatlarının tükənməsi ilə bağlıdır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni layihələrə başlaması və dərin laylardan neft hasilatının artırılması istiqamətində 11,6 milyard dollar investisiya yatırılması nəzərdə tutulur. Bununla yanaşı, ölkəyə 3,6 milyard dollar həcmində bonus ödənilməsi və qarşıdakı 25 ildə 511 milyard ton neft hasilatı planlaşdırılır. Bu investisiyalar Azərbaycanın enerji sektorunda dayanıqlığını artırmağa yönəlib”.
Mehin Mehmanqızı