Robotlaşma və avtomatlaşdırma işsizliyə necə təsir edir?
Azərbaycanda işsizlikdən sığorta sistemi tam effektiv deyil. İşsiz şəxslərə altı aylıq məvacib ödənilir, lakin bu müddətin uzadılması və itirilmiş əmək haqqına uyğun iş təkliflərinin edilməsi vacibdir. Avropa ölkələrində işsizlikdən sığorta daha ədalətli tətbiq olunur, peşə dəyişmə kursları və əlavə dəstək göstərilir. Robotlaşma və avtomatlaşdırmanın təsirlərini azaltmaq üçün də yeni həll yollarına ehtiyac var.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli "informator.az"a açıqlamasında bildirib ki, azərbaycanda işsizlikdən sığorta proqramı hələ inkişaf etmiş ölkələrdəki qədər effektiv deyil:
"Sistemin bir sıra çatışmazlıqları mövcuddur. Bu çatışmazlıqlar arasında sui-istifadə halları xüsusi qeyd olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, iş yerini itirmiş şəxslər altı ay müddətində işsizlikdən sığorta məvacibi almalıdır. Bu məvacib işçinin itirdiyi iş yerindəki əmək haqqına uyğun təyin olunur və sığorta hadisəsi olaraq qiymətləndirilir. Altı ay müddətində həmin şəxsə uyğun iş təklif edilməlidir. Əgər bu şəxs həmin işdən üç dəfə imtina edərsə, işsizlik statusu itirilir və məvacib dayandırılır. Lakin bəzi hallarda iş axtarışı altı aydan daha çox vaxt tələb edir. Belə olduqda, məntiqlə, işsiz şəxsin yaşayışını təmin etmək üçün məvacib ödənilməlidir".
Akif Nəsirli əlavə edir ki,
Qanunvericiliyə görə, işini itirən şəxsə, məsələn, əvvəlki işində 1000-1500 manat maaş aldığı halda, daha aşağı, 350-400 manatlıq iş təklif edilir:
"Şəxs bu işlə razılaşmadıqda və üç imtina etdikdən sonra, hətta altı ay tamamlanmadan siyahıdan çıxarılır. Halbuki Avropa ölkələrində bu proses daha fərqli və ədalətlidir. Orada itirilmiş iş yerinə və əmək haqqına uyğun yeni iş təklif edilir. Məsələn, 1500 manat maaş alan şəxsə maksimum 10% az maaşlı iş təklif edilə bilər. Həmçinin, əgər məşğulluq mərkəzləri həmin şəxsi işlə təmin edə bilmirsə, onu ixtisas dəyişmə kurslarına göndərir, kurs xərclərini və bu müddət ərzində məvacibini qarşılayır. Kurs bitdikdən sonra şəxsə uyğun iş təklif edilir. Azərbaycanda isə belə praktika yoxdur və bu sistem ilkin mərhələdə olsa da, effektiv deyil".
Ekspertin sözlərinə görə, istehsalat və əmək sahələrinin avtomatlaşdırılması, işləri robotların yerinə yetirməsi məşğulluq səviyyəsini azaldır və işsizliyi artırır:
"Artıq bir çox sahələrdə robotlar insan əməyini əvəz edir. Məsələn, avtomobil istehsalında işlərin 90%-ni robotlar həyata keçirir. Bu tendensiya sürətlə artır və işçi qüvvəsinə olan tələbatı azaldır. Süni intellektin və müxtəlif növ robotların inkişafı qarşısıalınmaz bir prosesdir. Bu, xüsusilə ikinci və üçüncü dünya ölkələrində işsizlik səviyyəsini yüksəldəcəkdir. Bunun qarşısını almaq üçün dövlətlər iş qrafiklərinin yenidən tənzimlənməsi, insan əməyinin daha yüksək qiymətləndirilməsi kimi yolları araşdırmalıdır. İnkişaf etmiş ölkələr bu istiqamətdə müəyyən layihələr və eksperimentlər həyata keçirirlər. Avtomatlaşdırmanın və robotlaşdırmanın məşğulluğa təsirini azaltmaq üçün dövlətlər müxtəlif həll yolları tapmalıdırlar".
Nərgiz Orucova