“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”

Səxavət Əlisoy 

Kitabdan hissələr- 13

ƏBÜLFƏZ ELÇİBƏY İQTİDARI

Xocalı qətliamından sonra Ayaz Mütəllibovun hakimiyyətdən gedəcəyi şəksiz idi. Qanlı Yanvar faciəsindən sonra yoxa çıxan Ə. Vəzirovdan fərqli olaraq, A. Mütəllibov Bakını dərhal tərk etmədi. Əslində onun üçün ən düzgül yol xalqın qarşısına çıxaraq, həqiqəti etiraf edib istefa vermək idi. Lakin danışığından və davranışından ziyalı və mədəni bir adam təsiri bağışlayan A. Mütəllibov bunu etmədi. Əksinə müxtəlif manevrlər edərək özünü təmizə çıxarıb vəzifəsini davam etdirmək fikrindəydi. Fəqət müxalifətin-Azərbaycan Xalq Cəbhəsinin basqısına rəğmən Azərbaycan SSR-nin prezident postunda daha 10 gün otura bildi. Mart ayının 6-da Ayaz Mütəllibov tutduğu vəzifədən istefa verdi.
Ayaz Mütəllibov bu istefasından iki ay sonra-may ayının 14-də öz vəzifəsinə qayıtmaq üçün bir cəhd də etdi. Mayın 14-də çağırılmış tragikomik sessiyada o, sərt bir çıxış da etdi və prezidentlik stajına yalnız bir gün əlavə etməyi bacardı. Ertəsi gün Xalq Cəbhəsinin “ayağa qalxmasından” sonra Ayaz Mütəllibov da Əbdürrəhman Vəzirovun 1990-cı ilin Qanlı Yanvarından sonra pənah apardığı məkana üz tutdu. Bu tarixlə ilgili ilginc bir faktı nəzərinizə çatdırmaq istəyirəm.
1992-ci ilin may ayının 15-də Özbəkistanın paytaxtı Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir ölkə ilə müqavilələr imzalandı. Bakıda hakimiyyət uğrunda “müharibə” getdiyi üçün bu müqaviləyə əsasən Azərbaycanın payına düşən texnikanın və silah-sursatın keyfiyyətinə nəzarət etmək mümkün olmadı. Azərbaycana verilən texnikaların böyük bir qismi qəsdən sıradan çıxarılmış, işlək cihazlar sökülüb aparılmışdı...
Bu proseslərin təfərrüatını tam olaraq anlamaq üçün Xocalı faciəsindən əvvəl cərəyan edənlərin xronologiyasına diqqət etmək faydalı olar.
1991-ci ilin sentyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin sessiyasında ermənilər müstəqil qurum- Dağlıq Qarabağ Respublikası yaratdıqlarını bəyan etdi. Qərar Azərbaycan dövlətçiliyinə böyük bir zərbə idi. Ermənilər açıq-aşkar Azərbaycana meydan oxuyurdu. 1992-ci ilin yanvar ayının 6-da Xankəndində qondarma Dağlıq Qarabağ respublikasının sessiyası keçirildi və sessiyada qonaq qismində İngiltərə Lordlar palatasının sədr müavini Koralayn Koks iştirak edirdi. Koralyan Koksun qondarma respublikanın sessiyasında iştirakı ermənilərlə həmrəylik nümayişi idi və şübhəsiz ki, Xankəndinə gəlişi erməni lobbisinin təşəbbüsü ilə baş vermişdi. Ermənilər Dağlıq Qarabağda qondarma respublika elan edir, erməni silahlı dəstələri azərbaycanlıların yaşadığı kəndlərdə vəhşiliklər törədir, onların layiqli cavabını vermək əvəzinə A. Mütəllibov Bakıda “Qiymətlərin və tariflərin liberallaşması” haqqında fərman imzalayır, sevinclə Azərbaycanın müstəqilliyini 49 ölkənin tanıdığını bildirir və xalqı muştuluqlayır ki, Amerika Birləşmiş Ştatları da müstəqilliyimizi tanıyıb. Onun imzaladığı fərman və ABŞ-ın müstəqilliyimizi tanıdığı barədə verdiyi muştuluq Xocalının ermənilər tərəfindən mühasirəyə alındığı günlərə təsadüf edirdi. 1992-ci ilin yanvar ayının 16-da Ayaz Mütəllibob Müstəqil Dövlətlər Birliyinin toplantısında iştirak etmək üçün Moskvaya gedir. İki gün davam edən toplantıda Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərin qarşısını almaq üçün heç bir qərar qəbul olunmur. Moskvadan əliboş qayıdan A. Mütəllibov bu dəfə Ankaraya səfər edir. Ankarada baş nazir Süleyman Dəmirəl və prezident Turqut Özalla görüşür. O vaxtlar Türkiyənin özündə siyasi-iqtisadi böhran təzahür edirdi və bu da daxil olmaqla digər səbəblərdən A. Mütəllibovun görüşdüyü şəxslər Azərbaycana yalnız vədlər verməkdən savayı başqa bir addım ata bilmədi. Azərbaycana dönən A. Mütəllibov silahlı qüvvələrinin Ali Baş Komandanı kimi yanvarın 25-dən 26-na keçən gecə Şuşa üçün böyük təhlükə olan Daşaltı kəndinin ermənilərdən azad olunması üçün Müdafiə nazirliyinin əməliyyat keçirməsinə əmr verdi. Lakin bu əməliyyat uğursuzluqla nəticələndi. Azərbaycan ordusu ciddi itkilər verdi. Yanvarın 28-də Ağdamdan Şuşaya gedən mülki vertolyot ermənilər tərəfindən vuruldu. 40 nəfər Azərbaycan vətəndaşı həlak oldu.
1992-ci ilin fevral ayının əvvəlində cəbhədə vəziyyət kəskin ağırlaşdı. Beş aydır mühasirə vəziyyətində olan Xocalıda həyat dözülməz vəziyyətdə idi. Erməni yaraqlıları evlərə işıq, qaz və su vermir, çörək zavodu işləmirdi. Xocalı camaatının tək ümidi Ağdam-Şuşa yolunun açılmasına qalmışdı. Xocalının fəlakətlə üz-üzə qaldığı bir zamanda respublika rəhbəri A. Mütəllibov fevral ayının 12-də Bakıya gələn Ceyms Bekkerlə görüşür. Heç bir nəticəsi olmur görüşün. A. Mütəllibov fevralın 13-də yenidən MDB ölkələri dövlət başçılarının toplantısına gedir. Elə həmin gün Şuşa rayonunun Malıbəyli və Quşçular kəndindən qovulan soydaşlarımız Prezident aparatının qarşısına gəlib evlərinə qayıtmaq üçün kömək istəyirdilər. Onların təhlükəsiz yaşamına mükəlləf olan şəxs isə ölkə əhalisini bir araya gətirib işğalçıya qarşı dirəniş göstərmək əvəzinə Kremlin qapısını kəsdirib ondan imdad ummaqdaydı.
Fevralın 25-də İranın xarisci işlər naziri Vilayəti Bakıya gəlir. A.Mütəllibovla görüşdən sonra Yerevana gedir. Guya vasitəçilik missiyasını boynuna çəkmiş İranın xarici işlər nazirinin regiona səfərindən bir gün sonra Xocalı soyqırımını gerçəkləşdirdi ermənilər.
Fevralın 27-də dövlətin rəsmi qəzetləri məlumat yayır ki, fevralın 26-da erməni silahlıları Xocalı şəhərinə daxil olmuş, evlər yandırılmış və aeroport dağıdılıb. İlkin məlumata görə iki Xocalı sakninin öldürüldü bildirildi. Dövlətin rəsmi qəzetinin iki nəfərin öldürüldüyü barıdı xəbər yayması sadə dillə desək, xalqın heysiyyatı ilə oynamaqdan başqa bir şey deyildi.
Erməni qətliamı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Belə bir dəhşətli qətliamın gerçəkləşməsindən Azərbaycan xalqı yalnız iki gün keçmiş - Ayaz Mütəllibov fevral ayının 28-də fərman imzalayaraq respublikada 3 günlük matəm elan etdikdən sonra xəbər tutdu.
Ayaz Mütəllibov Xocalı faciəsinin baş verməsindən iki gün keçdikdən sonra ölkə əhalisinə baş sağlığı verir. Onun bu hərəkətinə ad tapmaq çox çətindir.
Artıq bütün Azərbaycan vətəndaşları A. Mütəllibovun ölkədə baş verən proseslərə nəzarət edə bilmədiyini görürdü. Xocalı hadisələrindən sonra xalqın səbri daşdı və onun istefası gündəmə gəldi.
“Hərbi qüvvələr arasındakı nisbət ölkənin müdafiəsi üçün kifayət olmasa belə, özünü müdafiə edən xalq məğlubedilməzdir”. Bu sözlərin müəllifi Bonapart Napeolondur. Dağlıq Qarabağ münaqişəsi başlayan gündən xalq savaş istədi. Ermənilərin Kremlə söykənməsini, erməni lobbisinin dəstəyini, külli-miqdarda silah-sursata sahib olduğunu bilirdi və buna baxmayaraq düşmən qarşısında qürursuz yaşamağı qeyrətinə sığışdırmırdı. Döyüşmək istəyirdi xalq. 5 ilə yaxın Ə. Vəzirov və Ayaz Mütəllibovun vəzifə vurğunluğu ehtiyac içində yaşamasına baxmayaraq düşmənlə savaş istəyən bir xalqın mübarizliyinin məhvinə yönəlmişdi. Canı boğazına yığılmış xalq öz sözünü dedi. Xocalı faciəsinin Ali Sovetdə müzakirəsini tələb edib etiraz aksiyalarına başladı.
1992-ci il mart ayının 5-də Ali Sovetin sessiyası keçirildi. Sessiyada Ali Sovetin sədri Elmira Qafarovanın istefa verdiyi məlum oldu. Tibb İnstitutunun rektoru deputat Yaqub Məmmədov Ali Sovetə sədr seçildi. Xocalı faciəsinin müzakirəsi çox kəskin şəraitdə keçdi və növbəti gün mart ayının 6-da Ayaz Mütəllibov dirəniş göstərməyin faydasız olduğunu anladıqdan sonra istefa etdiyini açıqladı. və o vaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov yeni seçkilərə qədər prezidentlik vəzifəsinin və səlahiyyətlərinin icrasını da öz üzərinə götürdü.
Ömrü boyu aktiv siyasətlə ilgilənməyən, Tibb institutunun patoloji fiziologiya kafedrasının dosenti Yaqub Məmmədov bir gün ərzində həm parlamentin sədri, həm də, prezident vəzifəsinin müvəqqəti icraçısına çevrildi. Başqa sözlə, Azərbaycanın dövlət başçısı oldu.
“Biz böyük oyunların kiçik peşkalarıyıq” aforizmi ilə Azərbaycanda populyar olan Yaqub Məmmədov da taxtda qaldığı 2 ay 10 gün müddətində xalqın xilas yollarını xarici ölkələrdə axtardı. Müəllifi olduğu aforizmin mahiyyətinə rəğmən dəfələrlə xarici ölkələrin rəhbərlərinə məktub yazdı, onlarla telefonda danışdı. Onun “siyasi peşəkarlığı” öncə Tehranda üzə çıxdı. 1992-ci il may ayının 8-də İran prezidenti H. Rəfsancaninin vasitəçiliyi ilə müharibəni dayandırmaq üçün Tehranda Ermənistan Prezidenti Levon Terpetrosyanla müzakirə masasına oturub “Tehran Kommünikesi”ni imzalandığı an Şuşa çəhəri ermənilər tərəfindən işğala məruz qaldı. Y. Məmmədov ikinci siyasi səriştəsini may ayının 14-də nümayiş etdirdi. 2 ay 10 gün əvvəl sədrlik etdiyi Mali Sovetdə istefaya göndərilən A. Mütəllibov 14 may 1992-ci ildə yenə də Yaqub Məmmədovun sədrlik etdiyi Ali Sovetin iclasında prezident vəzifəsinə bərpa olundu. Bir vaxtlar müəllimim olmuş Yaqub Məmmədov çox ağır psixoloji durumda idi. Ali Sovetin 3 gün sonra may ayının 17-də keçirilən iclasındı Yaqub Məmmədovu səhhəti ilə ilgili vəzifəsindən istefa etdiyi açıqlandı və o, “işgəncədən” xilas oldu.
Ali Sovetin may ayının 18-də keçirilən iclasında sədrlik postu üçün Xalq Cəbhəsinin namizədindən başqa H. Əliyevin də namizədliyini təklif edənlər vardı. H. Əliyev iclasda iştirak etmədiyindən Naxçıvanla telefon əlaqəsi yaradıb onun fikrini öyrənmək təklifi irəli sürüldü. Ancaq “rabitədə nasazlıq olduğu üçün” Heydər Əliyevlə telefon danışığı baş tutmadı. O vaxt Ali Sovetin iclasları canlı olaraq yayımlanırdı və xalq bu “rabitə nasazlığının” nədən qaynaqlandığını yaxşı anlayırdı.
Bu “rabitə nasazlığı” gələcəkdə Xalq Cəbhəsinin H. Əliyevlə olacaq münasibətinə tam olaraq ayna tuturdu. Tarix təxminən bir il sonra “rabitə nasazlığını” aradan qaldıracaqdı. Belə ki, 1993-cü ilin iyun ayının 7-də nəinki rabitə nasazlığı aradan qalxdı, hətta, 3 gün dalbadal H. Əliyevin arxasınca təyyarə belə göndərildi. Ki, Bakıya gəlib dövləti düşdüyü bu ağır və faciəvi durumdan xilas etsin...
İndi isə 1992-ci ilin may ayının 18-i idi və Xalq Cəbhəsi gerçəkləşdirdiyi inqilabın töhfələrini kimsə ilə paylaşmaq fikrində deyildi. Odur ki, Ali Sovetin 18 may iclasında İsa Qəmbər alternativ olmadan quruma Sədr seçdi. Və 18 may təkcə yeni parlament sədri seçilməklə tarixə keçmədi, o gün həm də, Laçının işğal olunduğu gün kimi tarixin yaddaşına həkk olundu.
Bu seçki ilə bağlı bir nüansa diqqətinizi yönəltmək fikrindəyəm. Ə. Elçibəyin və İ. Qəmbərin demokrat zehniyyətinə yaxından bələd olan biri kimi iddia edirəm, onların ikisi də Ali Sovetə sədr seçkisinin alternativ olmadan keçirilməsinin əleyhinə çıxaraq, H. Əliyev namizəd olacağı təqdirdə onun da iştirakı üçün iclası təxirə salmağı təklif etsəydilər, bir nəticə olmayacaqdı. Onların əhatəsində olan cəbhəçilər əsla buna imkan verməzdi. Nədən ki, Xalq Cəbhəsinin “yuxarılarında” təmsil olunan və bir ay sonra prezident sərəncamları ilə dövlətin ən yüksək vəzifələrinə təyin ediləcək kadrlarının bir qismi eynən Lenin mərhələsinin bolşevikləri ilə bənzər düşüncə sahibləri idi. “Nəyin bahasına olursa, olsun” prinsipi ilə hərəkət edən bu adamlar üçün nə, demokratiyanın, nə də dövlətçiliyin elə bir dəyəri yox idi. O illəri yaşayanların yadında olar, prezident seçkilərində belə yüksək dövlət görəvində olan bolşevik düşüncə sahiblərindən birinin dediyi bu sözləri: “Nəyin bahasına olursa, olsun, Əbülfəz Elçibəy prezident kreslosunda oturacaq!”
Bolşevik zehniyyətinin məhsulu olan bu sözlər əslində təpədən-dırnağa demokrat olan, seçkinin obyektiv və şəffaf keçirilməsini şərt olaraq irəli sürən Ə. Elçibəyə heç bir divident gətirmirdi. Tam əksinə, Ə. Elçibəyin opponentlərində seçkinin obyektiv və şəffaf keçirilməyəcəyi barədə qənaət formalaşırdı.
Ayaz Mütəllibov ölkəni tərk etdikdən sonra Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy seçkidə səslərin 60 faizini qazanaraq, ümumxalq səsverməsi ilə Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti oldu.
Ə. Elçibəy prezident seçiləndə Azərbaycandakı vəziyyətə bir nəzər salaq:
1. Dağlıq Qarabağ demək olar ki, ermənilərin nəzarətinə keçmişdi. Vilayətə bitişik rayonlar işğal təhlükəsi ilə üz-üzə qalmışdı.
2. SSRİ dağıldıqdan sonra müstəqilliyinə qovuşmuş Azərbaycanda ordu quruculuğu bərbad vəziyyətdə idi. Prezidentin qvardiyası istisna olmaqla digər hərbi birləşmələrdə açınacaqlı vəziyyət hökm sürürdü. Prezident qvardiyasına isə xalqın deyil, Azərbaycan SSR prezidenti Ayaz Mütəllibovun təhlükəsizliyini qoruduğu üçün qoruduğu üçün xüsusi qayğı göstərilirdi. Erməni silahlı qüvvələrinə qarşı savaşan Xalq Cəbhəsinin və ayrı-ayrı şəxslərin batalyonları idi ki, onları da nizami ordu saymaq çox gülünc olardı .Anormal səfərbərlik gerçəkləşirdi. Gəncləri çayxanadan, küçədən götürüb hərbi hissələrə aparırdılar.
3. İqtisadiyyat tənəzzülə uğramışdı. Zavod və fabriklərin əksəriyyətində iş dayanmışdı. Taxıl azlığından zavodları tam gücü ilə işləmədiyi üçün çörək qıtlığı yaranmışdı.
4. Vətəndaşların maddi durumu acınacaqlı vəziyyətdə idi. Adamlar zəruri ərzaq mallarını ala bilmirdi. Piştaxtalar boş qalmışdı
5. Ölkədə bir xaos, yiyəsizlik hökm sürürdü.
6. Mərkəzi Bank “silinib-süpürülmüşdü”. 1.5 milyon dollar vəsaiti vardı Milli Bankın
7. Gömrük və sərhəd xidmətində bir “dərəbəylik” hökm sürürdü. Sərhəd rayonlarının sakimləri əllərinə keçəni- elektrik lampasından su mühərrikinə, naqildən transformatora... nə vardısa gömrükdən və sərhəd postundan “el qaydası” ilə keçirib İrana aparır, geri dönəndə evləri üçün ərzaq və satmaq üçün saqqız gətirirdi.
8. Aeroportda və sərnişin nəqliyyatında yaşananları qələmə almaq belə işgəncəyə bərabərdir. Adamlar evə getmək üçün dayanacaqlarda saatlarla avtobus gözləmək məcburiyyətində qalmışdı. Naxçıvana uçan YAK-40 təyyarəsində növbəyə yazılıb iki-üç gün gözlədikdən sonra təyyarəyə minmək mümkün olurdu. Əksər hallarda sərnişinlərdən bilet pulu təyyarə havaya qalxdıqdan sonra yığılırdı.
9. Qanunsuz silah gəzdirənlərin sayı gündən-günə çoxalırdı. Qolu zorlular, qoçular peyda olmuşdu Azərbaycanda
10. Dövlət formalaşmadığından ayrı-ayrı adamlar özlərini dövlət sayırdı. Və o adamlar qurulacaq dövlət üçün böyük təhlükə mənbəyi idi...

Btün bunları Ə. Elçibəy yoluna qoymalı idi. Bu qədər problemin varlığında idarəetmə təcrübəsi olmayan bir şəxs dövləti necə quracaqdı?
Ermənistanla müharibə vəziyyətində olmasaydıq, təbii ki, dövlət quruculuğu prosesi ağrılı keçməzdi. Müharibə Ə. Elçibəyin kreslosunun üstündə Damokl qılıncı kimi dayanmışdı. Bütün çətinliklərə baxmayaraq o, Azərbaycanın yenidən müstəmləkə durumuna düşməməsi üçün bəzi qətiyyətli addımlar atmağa nail oldu.
Ə. Elçibəy Azərbaycanda iqtisadi və siyasi böhranın tavana qalxdığı bir dönəmdə hakimiyyətə gəldi.
Təsadüfi deyil ki, Prezident seçildiyi günün səhəri etdiyi çıxışında Əbülfəz Elçibəy bunları dedi:
“Məqsədimiz dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarına hörmət ediləcəyi müstəqil, vahid demokratik dövlət qurmaqdır. Buna nail olmaq üçün qanunvericiliyimizdə tez bir zamanda islahatlar aparmağa, ilk növbədə suveren Azərbaycanın yeni konstitusiyasını qəbul etməyə çalışacağıq. O, hakimiyyətlərin bölünməsini, cəmiyyətin hakimiyyət üzərində real nəzarət mexanizmini qoyacaq. Bu gün respublikada hakimiyyətin iflic olması göz qabağındadır, ona görə də biz tələsik yeni hökumət və idarəetmə binasını ucaltmalıyıq. Və nəhayət, biz mümkün qədər tez qarışıq iqtisadiyyat yaratmağa, kiçik miqyaslı özəlləşdirməyə başlamağa, xarici investisiyaları cəlb etməyə çalışacağıq. Lakin bütün bunların ən mühüm şərti Qarabağ məsələsinin məqbul həllidir.”
Ə. Elçibəy çox ağır bir yükün altına girmişdi və onun fərqində olduğu bu çıxışdan aydın görünür.
Çünki SSRİ-dən miras qalmış problemlərin həlli üçün illərə ehtiyac vardı.
İqtisadi tənəzzüldən xilas olmaq bir ayın, bir ilin söhbəti deyildi. Dağlıq Qarabağ problemi dövlətin iqtisadi aspektdən inkişafına imkan vermirdi. Yeni bir dövlət formalaşdırılmalı idi. İqtisadi inkişaf tam olaraq dövlət siyasətinə bağlandığından ciddi problemlər mövcud idi. Dünənə qədər “müttəfiq” olmuş respublikalarla idxal-ixrac əməliyyatları üçün dövlətlərarası müqavilə olması şərt idi. Gömrük sistemi olmadığından ölkəyə gətirilənlərə və ölkədən çıxarılanlara nəzarət etmək mümkün olmurdu. Qısası, dövlətin bütün sistemlərinin- hüquq-mühafizədən təhsilə, vergidən səhiyyəyə, müdafiədən milli təhlükəsizliyə... yenidən qurulmasına ehtiyac vardı. Hansından başlamalı? Bu sualın cavabı artıq populizmə deyil, elmə və intellektə söykənməliydi. Müstəmləkə dövlətin probleminin az bir qismini o dövlətin başında dayanan həll edir. Müstəqil dövlətin irili-xırdalı problemlərinin hamısını dövlətin bsşçısının özü həll etməli idi. Misal üşün, Ə. Vəzirov və A. Mütəllibov qarşılaşdığı bir problemin həlli üçün Kremlin qapısını döyürdü. Ə. Elçibəy üçünsə döyməyə qapı yox idi. O, problemi özü həll etmək zorundaydı.
Ə. Elçibəyin gördüyü işlər
Ə. Elçibəy bir illik hakimiyyəti dönəmində hansı işləri gördü? Dövlət üçün, dövlətçilik üçün hansı mühüm addımlara imza atdı?
Onun ən birinci uğuru Rusiya qoşunlarının Azərbaycandan çıxarılması idi. Keçmiş Sovet respublikaları arasında ilk olaraq Azərbaycanın bu addımı atması ölkəmizdə gedən milli demokratik prosesin nəticəsi idi. Eyni zamanda, ordu quruculuğu işinə başlanıldı və əməliyyat nəticəsində ermənilər tərəfindən işğal edilən bir sıra yaşayış məntəqələrimiz düşməndən təmizləndi. Azərbaycan sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı. Sovet dövründən qalmış iqtisadi sistemdən bazar iqtisadiyyatına keçid üçün lazım olan dövlət qurumları yaradıldı, onlarla müstəqil bank fəaliyyətə başladı. Tədbirlər nəticəsində iqtisadiyyatda 6 faizlik artım müşahidə olundu. Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. Milli valyuta dövriyyəyə buraxıldı. Hakimiyyətə gəlişindən bir il sonra Mərkəzi Bankda 1992-ci ilin iyun ayı ilə müqayisədə 100 dəfə çox-156 milyon dollar vəsait var idi
Elm, təhsil sahəsində mühim işlərə imza atıldı. Ali və orta ixtisas təhsili məktəblərində qəbul test üsulu ilə keçirilməyə başlanıldı. Uzun illərdir müzakirələrə səbəb olan latın qrafikalı əlifbaya keçid də Ə. Elçibəyin dövründə baş tutdu. Azərbaycan orta məktəbləri üçün milli ideya əsasında yeni proqram və dərsliklər yaradıldı. Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Ümumiyyətlə, onun hakimiyyəti ərzində Milli Məclisdə 118 qanun, 160 qərar qəbul olundu...
Qərəzli olanlar, ədalət və obyektivlik hissini itirənlər, yaxud subyektiv olaraq yaşına rəğmən bu generasiyon görülən işlərin əhəmiyyətinə lazım olan önəmi verməyə bilər. Fəqət o dövrü yaşayanlar bu işlərin həyata keçməsinin nə qədər ağrılı olduğunu təsdiqləyər. Unutmaq lazım deyil ki, o vaxt problemlərin həllinə aparan yolların böyük bir qismi yenə də Kremldən keçirdi. Dövlət üçün çox mühüm önəmi olan bir faktı xatırlatmağa dəyər. 1992-ci ilin iyun ayında müstəqil dövlət olan Azərbaycan torpaqlarında Kremlin 60 min nəfərlik ordusu, saysız cəbbəxanaları qalmaqda idi. Millətçi və idealist kimliyinə sahib olan Ə. Elçibəy ilk olaraq qarşısına məhz bu problemin həllini qoydu. O, Azərbaycan ərazisində başqa bir dövlətin ordusunun varlığının müstəqilliklə uzlaşmadığına və dövlətin sərhədlərini öz əsgərlərimizin qormalı olduğuna qərar verərək rus ordusunun Azərbaycandan çıxarılmasına nail oldu. Ə. Elçibəy bu qərarında israrlı olmasaydı, yəni, Kremlin müstəmləkəsi olmağı qəbul etsəydi, uzun illər Azərbaycanın prezidenti kreslosunda oturmaqda davam edəcəkdi. Bu fikri dünyanın tanınmış siyasətçilər də, Elçibəyin özü də dəfələrlə dilə gətirib. Hər bir xalqın tarixində elə günlər var ki, onların üzərində heç bir manipulyasiya etmək mümkün deyil. Azərbaycan tarixinin bu iki günü Ə. Elçibəyin adı ilə bağlıdır: 15 avqust 1992-ci il və 15 may 1993-cü il.
15 avqust 1992-ci ildi Azərbaycanın milli valyutası dövriyyəyə girdi. 15 may 1993-cü ildə isə sonuncu rus əsgəri müstəqil Azərbaycanın ərazisini tərk etdi. Bu iki tarixi günün Dövlət və Dövlətçilik üçün fövqəladə əhəmiyyətini anlatmağa gərək yoxdur.
Demək olar ki, sıfırdan bir dövlət qurulurdu Azərbaycanda. Bütün işlərin paralel şəkildə görülməsi lazım gəlirdi. Təbii ki, dövlət üçün prioritet sayılan sahələr istisna olmaqla. Ən önəmli olan ordu quruculuğundan başladı Ə. Elçibəy. Çünki yaxşı bilirdi ki, nizami ordu olmadan Dağlıq Qarabağ müharibəsində uğur əldə etmək mümkün deyildi. O, istədiyi ordunu qura bildimi? Bu barədə bir az sonra oxuyacaqsınız.
Ə. Elçibəy gerçək bir dövlət və vətənsevər adam idi. O, Azərbaycan dövlətinin təməlinin qoyulması üçün bacardığını ortaya qoydu. Təbii ki, onun səhvləri oldu. O səhvlər Ə. Elçibəyin inzibati idarəçiliyinin zəif olmasından, türkçülüyündən, idealist kimliyindən və ən əsası həddən ziyadə demokratlığından irəli gəlirdi. Bütün bunlara baxmayaraq, Ə. Elçibəy SSRİ-dən miras qalmış “yarımcan” Azərbaycanın yenidən Kremlin müstəmləkəsi olmasına imkan vermədi. Məhz bunu onun Azərbaycan dövləti qarşısında ən böyük xidməti kimi dəyərləndirmək olar. Ə. Elçibəy Azərbaycanı müstəqil və demokratik bir dövlət kimi görmək istəyirdi. Onun opennetləri də gözəl bilir ki, bir il ərzində buna nail olmaq olduqca çətin bir iş idi. O, Rusiyanın, İranın, Ermənistanın və daxildəki kremlsevərlərin, tehransevərlərin çarpaz atəşi altındaydı. Bu durumdan isə “sağ-salamat çıxmaq” qeyri-mümkün idi...