Tramp Baydenin əfvi ilə əlaqədar saxtakarlıq işinin bağlanmasını tələb edib
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın vəkilləri "Trump Organization" şirkətinin keçmiş pornoaktrisası Stormi Denielsə ödəniş zamanı maliyyə sənədlərinin saxtalaşdırılması işinin dayandırılması ilə bağlı vəsatətdə ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri əfv etməsi barədə fərmanına istinad ediblər.
Lim10.az bu barədə "Fox News"a istinadən xəbər verir.
"Donald Tramp ittiham aktının rədd edilməsi və andlıların verdiktinin ləğv edilməsi barədə vəsatət verir", - deyə Nyu-York məhkəməsinə təqdim edilən sənəddə deyilir. Vəkillər Todd Blanş və Emil Bouv bu tələbi Trampa aid olan prezident immuniteti ilə izah ediblər. Bundan əlavə, onlar öz sənədlərində Baydenin oğlu Hanteri əfv etməsi barədə qərarına istinad edərək onun fərmanından sitat gətiriblər.
"Hanter Baydenin 10 il ərzində törədə biləcəyi hər hansı cinayətlə bağlı əfv fərmanını dərc edərək Prezident Bayden bildirdi ki, oğlu seçmə və ədalətsiz təqibə məruz qalır", - deyə Trampın hüquqşünasları xatırladıblar. Prezident Bayden bəyan edib ki, siyasət prosesə təsir göstərib və bu, məhkəmə səhvinə gətirib çıxarıb.
Blanş və Bouvun fikrincə, bu bəyanatlar Trampa qarşı məhkəmə təqibinə də aiddir: "Dairə prokuroru Alvin Breqq bu vəzifəyə təyin olunandan bəri o, Prezident Baydenin pislədiyi siyasi teatrı qurur".
Vəkillər əmindirlər ki, əgər Trampın siyasi baxışları, onun Vaşinqtondakı və hüdudlarından kənardakı korrupsiyalaşmış siyasətçilər üçün təhlükəsi olmasaydı, bu iş heç vaxt açılmazdı.
May ayının sonunda Tramp maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə 34 ittiham bəndinin hamısında təqsirli bilinib. O, ABŞ tarixində andlılar məhkəməsi tərəfindən cinayət törətməkdə təqsirli bilinən ilk keçmiş prezident olub. Noyabrda hakim Xuan Merçan bu iş üzrə hökmün çıxarılmasını təxirə salmağa razılıq verib.