Sizləri heç vaxt unutmayacağıq!
Sevil Məmmədəliyeva
Hələ 19-cu əsrdən başlayaraq "Daşnaksutyun", "ASALA" kimi peşəkar terror təşkilatlatları yaratmı və azərbaycanlılara qarşı dəfələrlə soyqırım həyata keçirmiş ermənilərin Azərbaycanlılara qarşı törətdikləri ən faciəli soyqırımı hadisələrindən biri 1992-ci ildə Dağlıq Qarabağda, Xocalıda baş verdi.
Azərbaycan xalqının yaşadığı bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: "... Azərbaycanın XlX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin Azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir..."
Xalqımızın başına gələn bu ağır Xocalı faciəsi zamanı 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl insan vəhşicəsinə qətlə yetirilmişdir. 59 nəfərin qətli xüsusi qəddarlıqla həyata keçirilmişdir. Belə ki, diri-diri yandırılmış, gözləri çıxarılmış, boynu vurulmuş, başının dərisi soyulmuş, hamilə qadınların qarnı süngülənmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşağın valideynlərinin hər ikisi qətlə yetirilmişdir. 130 uşağın valideynlərindən biri qətlə yetirilmişdir. 76 uşaq şikəst edilmiş, 1275 nəfər əsir və girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər naməlum olaraq qalır. Soyqırım zamanı 487 nəfər şikəst edilmişdir.
Xocalıda bu cür vəhşiliklərin törədilməsinin bəs səbəbi nə idi? Bunun arxasında hansı siyasət dururdu? Əlbəttə əsas məqsəd azərbaycanlılarda qorxu yaratmaq və onları vahiməyə salmaq, insanların psixologiyasına təsir etmək, məqsədyönlü şəkildə sonrakı işğallar üçün bir mərhələ idi.
Xocalı faciəsindən danışarkən Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin adını çəkməmək mümkün deyil. Xocalı hadisəsinin dünyada tanınmasında mərd jurnalistimizin də əvəzsiz rolu var
Bütün azərbaycanlıların əsas missiyası bu amansız faciəni törədənlərin cəzalanmasına nail olmaq və xalqımıza qarşı törədilən bu qətliamın dünya ictimaiyyətinə çatdırılmasına cəhd göstərmək olmalıdır.
Xocalı faciəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb olunmasında Heydər Əliyev Fondunun vitse-prezidenti və fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın olduqca böyük rolu var. Belə ki, 2008-ci ildə Leyla xanımın təşəbbüsü ilə "Xocalıya ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası yaradılmışdır. Bu Kampaniya xalqımıza qarşı törədilən vəhşilikləri, insanların dünyada misli olmayan işkəncələrə məruz qalmasını dünya ictimaiyyətinə çatdırır.
Artıq Xocalı faciəsinin 31-ci il dönümüdür. Xocalı faciəsinin şahidləri böyük ağrılarla həmin dəhşətli gecəni xatırlayır, fevralın 25-dən 26-sına keçən gecə baş verən o amansız qətliamı hələ də unuda bilmirlər. Onların bədənlərində bu faciənin izləri qalıb ürəklərində isə yaxınlarının doğmalarının hətta məzarını belə ziyarət edə bilməməsi nisgili.
Xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq. 4 il mühasirə şəraitində yaşayan, bütün çətinliklərə baxmayaraq sona qədər torpaqlarını qorumağa cəhd göstərən mərd Xocalı şəhidləri əbədi olaraq xatirəmizdə yaşayacaq.
Şəhidlərimizin ruhu artıq rahat ola bilər, çünki düşməndən qisas alındı və zəfər bizim oldu.
2020-ci ildə, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mərd, igid Azərbaycan oğulları tarixi torpaqlarımızı öz qanı və canı bahasına geri aldılar.
Torpaqların geri alınmasında iştirak edən cəsarətli şəhidlərimizdən biri də mayor Tofiq Kərimovdur.
Şəhid mayor Tofiq Kərimov 1973-cü ildə Sahil qəsəbəsində dünyaya göz açıb. İlk təhsilini 258 nömrəli məktəbdə alıb. 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçivanski adına Hərbi Liseyə qəbul olur. Hərbi Liseyi bitirdikdən sonra öz müəlliminin məsləhəti ilə Marşal S.S. Biryuzov adına Riqa Ali Hərbi-siyasi məktəbinə qəbul olur, lakin təhsilini yarımçıq qoyaraq Vətənə dönür və Birinci Qarabağ müharibəsində iştirak etmek üçün Fizuli istiqamətində gedən döyüşlərə yollanır. Döyüş zamanı yaralanmasına baxmayaraq yenidən cəbhə bölgəsinə gedərək döyüşlərdə iştirakını davam etdirir.
Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alır. Təhsilini bitirdikdən sonra Azərbaycanın müxtəlif bölgələrində xidmət edir və bir sıra medallarla təltif edilir.
2020- ci ildə, İkinci Qarabağ müharibəsində yenidən döyüşlərə qatılır.
Vətəninə dərin sevgi bəsləyən və Vətəni uğrunda gözünü qırpmadan ölümə belə hazır olan cəsarətli şəhidimiz mayor Tofiq Kərimov, artıq 17 sentyabrdan hərbi biletini cibinə qoyub, Vətənə xidmətə hazır olduğunu bildirmişdir. Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir və 8 noyabr Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vəfat edir.
"Rəşadət" ordeni və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Vətən uğrunda öz həyatından keçən şəhidlərimizdən biri də Teymur Rəsulovdur. Teymur Turan kimi tanınan şəhid Teymur Rəsulov 1988 – ci ildə Sahil qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini Sahil qəsəbəsindəki 228 saylı orta məktəbdə almışdı. Sonra isə orta təhsilini Texniki – humanitar liseydə davam etdirmişdi. Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alaraq yüksək göstəricilərlə energetik ixtisasına yiyələnmişdi. Teymur Turan imzası ilə Vətənə aid şeirlər və aforizmər yazan Teymur Vətənə olan sevgisini həm qələm ilə həm də silah ilə göstərirdi
Yaxınlarının söylədiyinə görə General Polad Həşimovun şəhid olduğu gün özünə yer tapa bilmirdi. O günlərdən Vətəni yağı düşməndən qorumaq, işğal altında olan Qarabağımızın azad edilməsi uğrunda vuruşmaq üçün düşünürdü. Sentyabrın 27 – də, qeydiyyatda olduğun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinə getdi. Könüllü cəbhəyə getmək üçün müraciət etdi. Müraciəti bir – iki dəfə cavabsız qalsa da, sonda təkidlə müraciətinə müsbət cavab aldı və iki gün sonra cəbhəyə yollandı. Oktyabrın 18 – də Cəbrayılın Soltanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Teymur Rəsulov Ali Baş Komandan, prezident İlham Əliyevin 15 Dekabr 2020-ci il tarixli sərəncamıyla öncə "Vətən uğrunda", başqa sərəncamla "Füzulinin azad olunmasına görə" və " Xocavəndin azad olunmasına görə" medallarıyla təltif edilmişdir.
Sahil qəsəbəsində doğulan daha bir şəhidimiz haqqında da məlumat verməyi özümə borc bildim. Söhbət Azərbaycanın igid oğullarından biri Kəlbiyev Şaiqdən gedir. Kəlbiyev Şaiq Namiq oğlu 10 sentyabr 1994 cü ilde Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində anadan olmuşdur. 319 saylı orta məktəbdə təhsil alan Şaiq 2012 ci ildə Bakı Dövlət Sosial İqtisadi Kollecinə daxil olmuşdur. 2014 cü ildə Qaradağ rayonu Hərbi komissarılığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Aprel döyüşlərində iştirak etmiş, 2016 ci ildə isə hərbi xidməti başa vurmuşdur. 27 sentyabr 2020 ci il tarixində Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğurunda başlayan döyüşlərə yollanmış və şəhid zirvəsinə ucalmışdır. Kəlbiyev Şaiq Namiq oğlu 16oktyabr 2020 ci il tarixində Goranboy Ağdərə istiqamətində gedən döyüşlərdə Qəhrəmancasına şəhid olmuş, "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medal, "Vətənə Xidmətinə görə" 3-cü dərəcəli ordenlə təltif edilmişdir.
Azərbaycan uğrunda şəhid olan daha bir mərd qəhrəmanımız Mirzəliyev Kamal Əjdər oğludur. Mirzəliyev Kamal 30 avqust 1996-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. 2014-cü ildə 273 saylı orta məktəbi bitirib hərbi xidmətə gedir. 2016-cı ilin aprel döyüşlərində XTQ- də qəhrəmancasına iştirak edib. Vətənin dar günündə 2020-ci il 27 Sentyabr tarixində İkinci Qarabağ müharibəsinə yollanır. 16 Oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə ayağından qəlpə yarası alır, lakin müalicəsini yarımçıq saxlayaraq yenidən döyüşlərə qatılır. Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.Sahil qəsəbəsinin mərd və igid oğlu Tural haqqında da söhbət açmaq istərdim. Əslən Laçın rayonunun Mişni kəndindən olan sakit təbiətli, mehriban, böyük-kiçik yeri bilən bu gənc oğlan hamının hörmətini qazanmışdı. Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakultəsinə qəbul olmuşdur .2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmiş və 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda minaya düşərək şəhid olmuşdur.Şəhidimiz Füzuli , Cəbrayıl və Şuşanın azad olunmasına görə medallarla təltif olunub.Biz bu şəhidlərlə fəxr etməliyik, nə yaxsı ki, Vətənimin belə mərd, cəsarətli, oğulları var. Nə qədər ki, Azərbaycanın belə igidləri var, yurdumuz düşmən tapdağında qalmayacaq və həmişə qələbə bizimlə olacaq!