“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA...”

Kitabdan hissələr-15
Heydər Əliyevin Bakıya gəlişi
Gəncə hadisələrini danışıqlar vasitəsi ilə yoluna qoymaq mümkün olmadı. AXC iqtidarının Azərbaycanın “Milli Qəhrəman”ı fəxri adına layiq bildiyi korpus komandiri əmrində olan qoşunların üzünü Bakıya tərəf çevirdi. Azərbaycan vətəndaş müharibəsinin astanasındaydı.
Ə. Elçibəy iqtidarının başbilənlərinin korpus komandirini yola gətirmək üçün hazırladığı plan boşa çıxdı. Planda korpus komandirinin qolları qandallanaraq Bakıya gətirilməsi nəzərdə tutulrdu.
Tam əksinə oldu. İqtidarın başda respublikanın Baş prokuroru olmaqla bir neçə yüksək vəzifə sahibini “Milli Qəhrəman” girov götürdü. Ardınca “Milli Qəhrəman” iqtidara ultimatumlar göndərməyə başladı.
Kremlin planı addım-addım gerçəkləşirdi. Gəncədən Bakıya istiqamət götürmüş qoşunlar yolboyu yerli hakimiyyət orqanlarını işğal edirdi. Bu durumda Ə. Elçibəy tək çıxış yolunu H. Əliyevi Bakıya dəvətdə gördü.
1992-ci ilin may ayının 18-də yaranmış “rabitə nasazlığı bərpa olunduğundan” 1993-cü ilin iyun ayının 7-dən 9-na kimi H. Əliyevlə danışıqlar aparıldı. Naxçıvana təyyarə göndərildi və iyun ayının 9-da H. Əliyev Bakıya gəldi.
1990-cı ilin iyul ayının 20-dəMoskvadan məlum səbəblər üzündən Bakıya gələn və orada bir gün qaldıqdan sonra yenə də, məlum səbəblər üzündən Naxçıvan gedən H. Əliyev son üç ildə Bakıya ikinci dəfə gəlirdi.
O, birinci dəfə 1993-cü ilin fevral ayında Bakıya gəlmişdi, böyük qardaşının dəfnində iştirak etmək üçün. Və Ə. Elçibəylə də o zaman görüşmüşdü. Bu görüş barədə Ə. Elçibəy iqtidarının “qeybətşünasları” uzun illər danışdılar və hələ bu günün özündə də danışmaqda davam edirlər.
Görüşün 8 saat çəkməsi və bu görüşdə Ə. Elçibəyin hakimiyyətə H. Əliyevi gətirəcəyi barədə hipotezlər dövriyyəyə buraxıldı. İkili söhbətdən əsla xəbəri olmayanlar özlərindən iki şəxs arasında aparılmış söhbətin stenoqramını icad etdilər. Bu dedi-qoduların mənbəyi prezident sarayı, müəllifləri isə ən yüksək dövlət vəzifəsini tutanlardı. Azərbaycan prezidentinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri il söhbətində qeyri-adilik axtarmaq, oradan öz başının məhsulu olan nəticəni çıxarmaq əslində, həm, Ə. Elçibəyə, həm də, H. Əliyevə olan qərəzdən irəli gəlirdi.
Dövlətin uçuruma yuvarlandığı zamanda yetərincə inzibati idarəetmə bacarığı olmayan Ə. Elçibəyin peşəkar siyasətçi və yüksək idarəetmə bacarığı olan H. Əliyevlə dövlətin üz-üzə qaldığı problemləri müzakirə etməsi, yaxud H. Əliyevin ona məsləhətlər verməsində nə xəyanət ola bilərdi ki, iqtidarın başbilənləri belə narahat idi. Bu görüşə rəğmən bəzi populist görəv sahiblərinin regional faktora işarə etməsi isə olduqca iyrənc təsir bağışlayırdı.
İnternetdə var, açın baxın, 1992-ci ilin may ayının 18-dəki sessiyada H. Əliyevin Ali Sovetin sədrliyinə namizədliyi təklif olunanda Xalq Cəbhəsindən olan bəzi deputatların hansı oyunlardan çıxdığına. H. Əliyevin namizədliyinə münasibətini öyrənmək üçün “rabitə nasazlığı” səbəbindən Naxçıvana zəng etmək mümkün olmur. “Rabitə nasazlığından” feyziyyab olan AXC deputatlarından biri -sonradan Dövlət müşaviri olacaq adam sevincindən əlinə konfet verilmiş uşaq kimi atılıb-düşürdü. Bütün bunlar tarixin yaddaşındadır.
Başı ilə düşünənlərədir sualım. 1993-ci ildə yox, H. Əliyev Naxçıvan Ali Məclisinə sədrlik edərkən onunla AXC iqtidarı səmimi münasibət yaratsaydı, dövlətin ağır durumunda ondan məsləhətlər alsaydı, iqtidar bu qədər ağır duruma düşərdimi?
Bakıya dəvət etməkləri bir yana, H. Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildikdən sonra Azərbaycana prezidentlik edən A. Mütəllibov və Ə. Elçibəy bir dəfə də olsun blokada vəziyyətində yaşayan Muxtar Respublikaya ayaq qoymadı.
Bunun nədəni çox sadədir. A. Mütəllibov H. Əliyevin Bakıya dönüşündən qorxurdu. Bilirdi ki, 13 il Azərbaycanın rəhbəri olmuş, 5 il Moskvada ən yüksək vəzifələrdən birini tutmuş adamın varlığında onun prezident vəzifəsində davam etməsi mümkün olmayacaq. Mütəllibov devrildikdən sonra isə H. Əliyevdən qorxan Ə. Elçibəy deyildi, nədən ki, idealist bir kimliyə sahib olduğundan vəzifə aşiqi deyildi. Onun üçün əsas olan prinsiplərinin həyata keçməsi idi. H. Əliyevin gəlişindən qorxan Ə. Elçibəy iqtidarının yüksək görəv sahibləri idi. Onlar H. Əliyevin fonunda çox kiçik görünəcəklərini yaxşı bilirdilər.
Haşiyə- H.Əliyev Sovetlər dönəmində Kremldə yüksək vəzifə tutan ilk Azərbaycan vətəndaşı idi. Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmağın nə demək olduğu indiki generasiyon üçün təbii ki, böyük əhəmiyyət kəsb etməyə bilər. Ancaq yaşı 50-dən yuxarı olanlar, tarixçilər, siyasətşünaslar Siyasi Büronun üzvü olmağın nə anlama gəldiyini yaxşı dərk edirlər. Obyektivlik naminə qeyd etmək gərəkdir, Sovet dönəmində gürcülər Siyasi Büro üzvü E. Şevardnadze ilə, qazaxlar Siyasi Büro üzvü D. Kunayevlə, özbəklər Siyasi Büro üzvlüyünə namizəd Ş. Rəşidovla nə qədər qürur duyurdusa, azərbaycanlılar da eynən onlar kimi Siyasi Büro üzvü olan H. Əliyevlə qürur duyurdu. Bu gün başqa fikir söyləmək olar, lakin 70-80-ci illərdə bütün azərbaycanlılar, o cümlədən Ə. Elçibəy də H. Əliyevə SSRİ-yə rəhbərlik edənlərdən biri kimi, dövlət xadimi kimi rəğbət bəsləyirdi. Ə. Elçibəyin yaşadığı evin şkafında H. Əliyevin şəklinin olması məhz bu rəğbətdən irəli gəlirdi.
Sovet adamlarının təkcə siyasi xadimlərə deyil, Ümumittifaq miqyasında tanınan ziyalılara, yazıçı-şairlərə, elm, mədəniyyət və incəsənət xadimlərinə də böyük rəğbəti olub.
Məsələn, 1966-cı ildən kosmik uçuşlar üzrə Dövlət komissiyasının sədri vəzifəsində işləyən həmyerlimiz Kərim Kərimov Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və Dövlət mükafatı laureatı, general-leytenant idi. Kosmanavatlar uçuş öncəsi ona raport verirdi və mərkəzi televiziya K. Kərimovu Dövlət Təhlükəsizlik Komitəsinin təlimatına uyğun olaraq arxa planda saxlayırdı. Onu kameralar göstərmirdi. Yalnız 1985-ci ildən sonra Sovet vətəndaşları kosmonavatların uçuş üçün kosmik gəmiyə minərkən raport verdiyi şəxsin üzünü göstərdi televiziyalar. Bu adamın həmyerlimiz olduğunu biləndən sonra onunla necə qürur duymamaq olardı?
SSRİ və dünya miqyasında tanınan Sosialist Əməyi Qəhrəmanları müğənni Rəşid Behbudov, bəstəkar Qara Qarayev və Fikrət Əmirov, şair Rəsul Rza və Süleyman Rüstəm, SSRİ Xalq artistləri Üzeyir Hacıbəyov, Niyazi, Müslüm Maqomayev, Lütfiyar İmanov, 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” baleti ilə dünyada tanınan Arif Məlikov və digərləri ilə xalq qürur duyurdu.
Tarixə qısa bir nəzər yetirək. 1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Cumhuriyyəti yarananda bilirsinizmi, neçə nəfər universitet təhsili olan soydaşımız vardı? Onların sayı 50 nəfər deyildi. H. Əliyev Azərbaycan SSR-nin rəhbəri olduğu müddətdə 15 min azərbaycanlı gənci SSRİ-nin ən nüfuz¬lu ali məktəblərində təhsil almağa gön¬dərib. O illəri yaşayanlar H. Əliyevin bu addımının xalq arasında necə rəğbətlə qarşılandığını təsdiq edər...
1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycanda Milli Birliyin bünövrəsinin qoyulması üçün bir fürsət düşmüşdü. O fürsət əldən verildi, ancaq xatırlatmaq lazımdır. Qanlı Yanvarın ertəsi günü Azərbaycan Xalq Cəbhəsi Kremli, mərkəzi hökuməti ittiham edən bəyanat verdi. Moskvada təqaüdçü olan H. Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək SSRİ rəhbərlərini ciddi şəkildə ittiham etdi. A. Mütəllibov vəzifə hərisliyinə yenik düşməyərək bir ittiham bəyanatı ilə çıxış etmək cəsarətində olsaydı, Milli Birlik yaranacaqdı. Və 1990-cı ildən sonrakı Azərbaycan bambaşqa bir Azərbaycan olacaqdı. Min təəssüf ki, sapı özümüzdən olan baltalar Milli Birlik ağacının kökünü kəsdi...
1993-cü il aprel ayının 3-də dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə Kəlbəcər şəhəri də daxil 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi.
Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və erməni silahlı qüvvələrinə yardım göndərmək üçün ikinci "dəhliz"in açılması demək idi. Bu dəhlizin açılmasından sonra erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələrini asanlıqla işğal edəcəkləri şübhə doğurmurdu.
Kəlbəcərin işğalı Ə. Elçibəy iqtidarının süquqtunu daha da sürətləndirdi.
Ə. Vəzirov Qanlı yanvar, Ayaz Mütəllibov Xocalı faciəsindən sonra vəzifədən getmişdi. Kəlbəcərin işğalından sonra növbə Ə. Elçibəyə çatdı. Azərbaycanda yaranmış ağır və acınacaqlı durum daşnakların “Böyük Ermənistan” planının reallaşmasına imkan yaradırdı.
O günlər təkcə cəbhədəki durum kritik deyildi. Azərbaycanda bir xaos və anarxiya hökm sürürdü. Xalq ümidsizlik və təlaş içindəydi. Ölkədə kriminal, mafioz qruplar, silahlı birləşmələr baş qaldırmışdı. Vətəndaş müharibəsi və dövlətin parçalanması üçün “münbit” şərait yaranmışdı. Məhz belə bir vəziyyətdə, ölkədə hakimiyyət böhranının kulminasiya həddinə çatdığı bir zamanda H. Əliyev Bakıya gəldi.
Onun qarşısında həlli çox çətin olacaq problemlər dayanırdı.
Belə ki, H. Əliyev öncə Gəncədə alovlanmış vətəndaş müharibəsini dayandırılmalıydı. Bundan sonra Dövlət üçün təhlükə mənbəyi yaradan amillər aradan qaldırılmalı, silahlı qüvvələr cəbhə bölgəsinə qaytarılmalı, Bakıda sabitlik bərqərar olmalı, siyasi- iqtisadi böhran çözülməli, ordu quruculuğu sürətləndirilməliydi...
70 yaşlı bir adamın bu qədər ağır və mürəkkəb problemlərin öhdəsindən gəlməsi etiraf etmək lazımdır ki, 1993-cü ilin iyun ayında inandırıcı görünmürdü. Nədən ki, o vaxt Azərbaycanda idarəetmə sistemi iflic vəziyyətindəydi, ordu siyasiləşmiş və ən təhlükəlisi separatçılıq baş qaldırmışdı.
Bütün bunları yoluna qoymaq üçün güclü iradə və cəsarətli addımlar atmaq lazım gələcəkdi.
H. Əliyev ya, bu problemləri aradan qaldırmağa nail olmalı, ya da, qardaş qırğını fonunda Azərbaycan parçalanmağa məruz qalmalıydı.
O, problemləri çözməklə vətəndaş müharibəsinin və dövlətin parçalanmasının qarşısını aldı. Buna hansı yollarla nail oldu, hansı siyasi gedişlər etdi, hansı kombinasiyalar qurdu, hansı taktikanı işə saldı-bünların hamısı bir təfərrüatdır.
Önəmli olan müstəqil Azərbaycan dövlətinin xilası idi.
Fakt o idi ki, H. Əliyev Ə. Elçibəyin bacara bilmədiklərini bacardı.
Ə. Elçibəy tərəfindən H. Əliyevin Bakıya dəvət edilməsini bəzi siyasətçilər onların fevral ayında ikili söhbətdən sonra planlandığını iddia edir. Guya, H. Əliyev qardaşının dəfn mərasimində iştirak etmək üçün Bakıda olarkən, Elçibəylə görüşdükdən sonra bu planın ssenarisi yazılıb. Bu uydurmanı həqiqət kimi qəbul etmək üçün olduqca bəsit təfəkkürə sahib olmaq gərəkdir.
Bu planın Kremldə hazırlandığını iddia edənlər də oldu. Kəlbəcər işğalından sonra Kremlin H. Əliyevi hakimiyyətə gətirdiyini dövriyyəyə buraxanlar əslində bu oyunda Ə. Elçibəyin də iştirakçı olduğuna işarə edir. Yəni, demək istəyirlər ki, Kreml öz adamı olan Ə. Elçibəyi digər bir adamı olan H. Əliyevlə əvəzləmək üçün plan qurubmuş. Nə qədər məntiqli olduğunu müzakirə etməyə belə zaman itirməyə dəyməz. Sadəcə, bu şaiyələri yayanların Ə. Elçibəylə bir komandada olması dərin təəssüf yaradır. Bu şaiyələrin müəllifləri demokratiya maskası taxaraq bir il müddətində bu xalqı, bu dövləti idarə etdilər. Xalq bu idarəetmənin meyvələrini 1993-cü ilin iyun ayında -başının üstündə dayanmış qardaş qırğınının gerçəkləşməsinə bir addım qalmış daddı.
Ən acınacaqlısı odur ki, bu adamların əksəriyyəti o hadisələrdən bir qərinə keçməsinə baxmayaraq, bu gün də müxalifət partiyalara rəhbərlik edir, “demokratiya uğrunda mübarizə apardıqlarını” və hakimiyyətə iddialı olduqlarını vurğulayır.
Ə. Elçibəyi Rusiyanın adamı kimi qələmə vermək, onun öz iqtidarını yıxmaq üçün fəaliyyət göstərdiyini izhar etmək, tibbi dillə desək, Mərkəzi Sinir Sisteminin patologiyasından savayı bir şey deyil.
Ə. Elçibəy Kremlin adamı olsaydı, nədən onun ordusunu Azərbaycandan çıxardı? Yaxud Ə. Elçibəy nədən Müstəqil Dövlətlər Birliyindən imtina etdi?
O ki, qaldı H. Əliyevin Kreml ilə bərabər 1993-cü il iyun qiyamının ssenarisini yazmasına, yenə də məntiqli suallar ortaya çıxır. Əgər H. Əliyev Kreml layihəsinin bir parçasıydısa, nədən o, prezident seçildikdən sonra Ermənistan Azərbaycan torpaqlarının işğalına davam etdi? Nədən Kreml “öz adamını” ağır durumda buraxdı?
H. Əliyevin “Kremlin adamı” olduğunu ortaya atanlar Rusiya təhlükəsizlik orqanlarının 1990-cı ildə Dağıstanda-Dərbənddə yaratdığı “Sadval” təşkilatının 1994-cü ilin mart ayında Bakıda gerçəkləşdirdiyi terror nəticəsində 27 vətəndaşımız həlak olduğunu unudublar yəqin.
Kremlin “öz adamlarını” təkcə postsovet məkanında deyil, digər ölkələrdə, məsələn, Əfqanıstanda, Kubada, Vyetnamda, Suriyada... necə dəstəklədiyini sübut etməyə ehtiyac yoxdur.
Kremlin Azərbaycan üçün hazırladığı planın pozulmasında öncə Ə. Elçibəyin, sonra isə H. Əliyevin rolunu qeyd etmək gərəkdir.
Bu günün Azərbaycanı müstəqil bir dövlət kimi varlığını qoruyua bilibsə, bu o deməkdir ki, Kremlin planı iflasa uğrayıb. Bir anlığına düşünün ki, Azərbaycanda böhran pik həddinə çatan zaman Bakıya H. Əliyev dəvət edilmir və Gəncədəki korpus komandiri- “Milli Qəhrəman”ın qoşunları prezident sarayını işğal edib Kremlə raport yollayır. Bir neçə saat sonra da Moskvada startda dayanmış A. Mütəllibov Bakıya gəlib taxtda oturur. O iklinin iqtidarında “Sadval”ın Şimalda Ləzgistan respublikası, Lənkaran batolyonunun komandirinin Cənubda Talış-Muğan Respublikası elan olunur. Dövlətin bu şəkildə bölünməsinə kim mane olacaqdı? Kreml, yoxsa, “Milli Qəhrəman”la A. Mütəllibov?
Bakıya dəvət edilməsindən sonra Azəırbaycanın yenidən Rusiyanın müstəmləkəsinə çeviriləcəyi barədə bir sıra siyasətçilərin dövriyyəyə buraxdı şaiələrə H. Əliyev 1993-cü ilin iyun ayının 15-də Ali Sovetin iclasındakı çıxışında cavab verdi. Parlamentin tribunasından o, bunları dedi: “...Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əminamanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır.”
H. Əliyevin bu çıxışı əslində onun xalqın və dövlətin qarşısında bir öhdəlik götürməsi idi.
Tarix göstərdi ki, Ə. Elçibəyin H. Əliyevi Bakıya dəvət etməsi onun ən düzgün addımıydı. Ə. Elçibəyin bu addımı atması Azərbaycan dövlətinin məhv olmasının qarşısı aldı. Başqa sözlə Azərbaycan xalqı dövlətsiz qalmaqdan xilas oldu. Bu günkü gənclərin 1993-cü ilin iyun ayında baş verənləri tam olaraq dərk etməsi üçün qərəzlə yazılan, yaxud mədhiyyələrdən ibarət olan cızma-qaraları deyil, gerçək və obyektiv tarixi yazıları diqqətlə oxumalıdır. Bu hadisələr hər hansı bir Avropa dövlətində baş versəydi, Hollivuda sifariş verib film çəkdirərdilər. Bizim “qələm ustaları” təəssüf ki, gələcək nəsillərin ibrət götürməsi üçün ibrətamiz əsərlər ortaya qoya bilmədi. Ziyalı kəsimin geninə hopmuş mədhiyyəçilik imkan vermədi buna. Cəmiyyətin mədhiyyələrə deyil, hakimiyyət hərisliyinin qardaş qırğınına aparan aparan yolun xəritəsi lazım idi. Ki, gələcəkdə bu xətalara bir daha yol verməsin...
H. Əliyevin ikinci hakimiyyəti 10 il sürdü. Bu 10 ildəki fəaliyyətinin dövlət və dövlətçilik üçün xüsusi əhəmiyyət kəsb edən hissəsinin xronologiyasına nəzər yetirən hər bir şəxs qərəzli deyilsə, obyektivlik hissini itirməyibsə, Dövləti və Dövlətçiliyi prioritet hesab edirsə, gerçəkdən, onun Azərbaycan üçün fövqəladə işlər gördüyünü etiraf edər.
Gəncədə korpus komandiri və “Milli Qəhrəman”la aparılan gərgin danışıqlar, onun Baş nazir təyin olunması, Bakının astanasında dayanmış qoşunların cəbhəyə qaytarılması Kremlin planlarının əslində pozulması demək idi. “Milli Qəhrəman”ın Baş nazir təyinatı Kremli rahatlatmaq üçün edilmiş bir gediş idi.
O vaxt siyasi məntiqə sahib olanlar Baş nazir postunda oturmuş o adamın çox yaxın zamanda H. Əliyev tərəfindən tutduğu vəzifədən kənarlaşdırılacağını təxmin edirdilər və yanılmırdılar. H. Əliyevin “Milli Qəhrəman”ı layiq olduğu yerə göndərmək üçün zamana ehtiyacı vardı...