“Tesla”nın pərəstişkarı əlinə çip-açar implantasiya edib – Video
“Tesla” avtomobillərinin pərəstişkarı elektromobilin açarını həmişə əlində saxlamağın alternativ yolunu tapıb. Bunun üçün amerikalı Brendon Delali əlinə mikroçip yeridib. O, avqustun 22-də sosial şəbəkələrdə bunun necə baş verdiyi prosesi əks etdirən video yayımlayıb.
Çipin özü və onun implantasiyası Brendona təxminən 400 dollara başa gəlib. İmplantasiya zamanı mütəxəssis yerli anesteziyadan istifadə edib.
Elektroçip Brendonun sağ əlinə yeridilib. Çipin köməyi ilə o, əlinin bir toxunuşu ilə maşını aça bilir. Eyni zamanda, Brendon sol əlinə mənzilin elektron açarı və əlaqə məlumatları olan mikroçip yedirib. Delali hesab edir ki, XXI əsrdə zamanla ayaqlaşmaq lazımdır.
Avqustun 5-də “SpaceX” və “Tesla”nın əsasını qoyan amerikalı sahibkar İlon Mask insanları çipləməyi zəruri hesab etdiyini açıqlayıb. O, Çinin “China Cyberspace” jurnalı üçün yazdığı məqalədə implantasiyanın üstünlüklərindən bəhs edərək, çipləmənin bəşəriyyətin süni intellektlə effektiv inteqrasiyasına və beyin fəaliyyətini stimullaşdırmağa imkan verəcəyinə işarə edib. Onun sözlərinə görə, bu, əlillərə də kömək edə bilər.